Çin ABŞ-nin süni intellekt modellərindən hərbi sistemlər yaratmaq üçün istifadə edir Dünya

Çin ABŞ-nin süni intellekt modellərindən hərbi sistemlər yaratmaq üçün istifadə edir

Çin hərbi tədqiqatçıları hərbi təyinatlı öz yerli İİ sistemlərini yaratmaq üçün "OpenAI" və "Anthropic" şirkətləri tərəfindən hazırlanmış qabaqcıl Amerika süni intellekt (İİ) modellərinin nəticələrindən istifadə edirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Jamestown Foundation" analitik mərkəzi ilə birlikdə Çinin 80-dən çox elmi işini və patentini araşdıran "Reuters" agentliyi məlumat verib.

Tədqiqatın nəticələrinə görə, Çin Xalq Azadlıq Ordusu (ÇXAO) ilə bağlı strukturlar "modellərin distillə edilməsi" (model distillation) metodunu fəal şəkildə tətbiq edirlər. Bu texnologiya, bulud xidmətlərinə və qabaqcıl Amerika çiplərinə çıxış olmadan yerli səviyyədə işləyə bilən kompakt, ixtisaslaşdırılmış sistemləri təlimatlandırmaq üçün daha güclü İİ modellərinin cavablarından və məntiqlərindən istifadə etməyə imkan verir.

"Jamestown Foundation"ın elmi işçisi Sanni Çanqın qeyd etdiyi kimi, Çin mütəxəssisləri əslində Qərb modellərinin intellektual nailiyyətlərini ölkə daxilində tam nəzarət edilə bilən və istifadə oluna bilən kiçik sistemlərə köçürürlər.

"Reuters"in nəşrinə əsasən, bu cür texnologiyalar ÇXAO tərəfindən kibertəhlükəsizlik, ilkin kodun təhlili, dronların idarə olunması, təsvirlərin emalı, sosial şəbəkələrin monitorinqi, eləcə də dəniz əməliyyatları zamanı hədəflərin tanınması daxil olmaqla bir neçə istiqamətdə tətbiq edilir.

"Anthropic" şirkətindən bildirilib ki, onlar öz məhsullarına Çində kommersiya çıxışı təmin etmirlər və istifadə şərtlərinin mümkün pozuntularını izləyirlər. ABŞ-də bu cür praktikanın ixrac nəzarətini zəiflədə biləcəyindən və intellektual mülkiyyət hüquqlarını poza biləcəyindən narahatlıq ifadə olunur, Çin tərəfi isə bu ittihamları rədd edir.

Məryəm Quliyeva