11:40
301
“Yadımdadır biz narahat idik ki, Azərbaycan hələ də kiril əlifbasından imtina edib, 1992-ci ildə qəbul edilmiş latın əlifbasına tam keçə bilmir. Hətta narahatlıq var idi ki, bəzi qüvvələr Azərbaycanın kirildə qalması üçün hərəkət edirdi. Təbiidir ki, biz bununla barışa bilməzdik”.
Bunu xalqcebhesi.az-a açıqlamasında Əməkdar jurnalist Azər Həsrət deyib.
A.Həsrətin sözlərinə görə, sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyev ölkə prezidenti olaraq bu məsələni bir gecənin içində kökündən həll etdi: “Yəni Azərbaycan artıq illərdir davam edən narahatlığa son qoydu və biz latın əlifbasına keçdik. Bununla bərabər düşünürəm ki, Azərbaycanın həll ediləcək daha bir neçə məsələsi qalır. Bunların ən ön sırasında olan da soyadların milliləşdirilməsidir. Yəni Azərbaycanda hələ də, hətta körpə uşaqlarda belə rus soyad sonluqlarına rast gəlirik. Halbuki, ən azından müstəqillik dövründə doğulmuş uşaqlarımıza rus soyad sonluğu verməyə bilərdik. Amma təəssüflər olsun ki, əhalinin 90 faizindən bəlkə də çoxu indinin özündə belə doğulan uşaqlarına rus soyad sonluğu verir. Bu, heç də əlifbadan az vacib məsələ deyil. Ona görə də mən düşünürəm ki, bir zamanlar Heydər Əliyev əlifba məsələsini kökündən həll etdiyi kimi Prezident İlham Əliyev də bu soyad sonluğu məsələsini kökündən həll edə bilər. Bu, bizim ondan gözləntimizdir. Əlbəttə ki, biz artıq imperiya buxovlarından azad olmuşuq, Rusiyanın koloniyası deyilik və belə bir şəraitdə Rusiyanın təsirini hələ də üzərimizdə saxlamamalıyıq. Yəni deməyim odur ki, əlifba məsələmiz həll olunub, soyad sonluğu məsələsini də həll etməli, soyadları milliləşdirməliyik”.
Röya İsrafilova