“Səyyad gəzər şikarının dağıynan...” Mədəniyyət

“Səyyad gəzər şikarının dağıynan...”

Şair Telimxanın dodaqdəyməzləri

Şair Telimxan (1742/43-1829) haqqında elm aləminə ilk bilgi verən Əli Kamali (1944-1996) olub. İranın Savə şəhərinin yaxınlığındakı Bəndəmir kəndində doğulan Əli Əkbər oğlu Kamali Tehran Universitetinin hüquq fakültəsini bitirib. Ömrünün sonunadək Tehranda vəkil işləyən Əli Kamali həm də ədəbiyyatşünas kimi tanınıb.
İran qaynaqlarında "Orta İran türkləri", "Savə türkləri" adlandırılan xalqın ədəbiyyatının, folklorunun elmi ictimaiyyətin diqqətinə çatdırılmasında onun rolu əvəzsizdir. Tehranda türkcə və farsca nəşr olunan "Varlıq" jurnalının təkcə 1981-1989-cu il saylarında Ə.Kamalinin 20-dən çox araşdırması dərc edilib. XX yüzilliyin başlanğıcında Savə bölgəsində 729 kənddə türklər yaşayıb. Ə.Kamali bu kəndlərdən 30-a yaxın dastan, ədəbiyyat tariximizə daxil olmamış 100-ə yaxın şairin şeirini, atalar sözü, nağıl, bayatı və s. toplayıb. Onun topladığı "Qərib və Şahsənəm", "Tahir və Mirzə", "Əsli Kərəm", "Məhəmməd və Pəri", "Həmrah", "Səyyad və Səadət", "Duxarxanlı Abbas" və başqa dastanlar indiyədək Türkiyədə, İranda, Azərbaycanda, Türkmənistanda və başqa yerlərdə çap olunanlardan həcmcə böyükdür. "Koroğlu" dastanının qolları isə yeni variant kimi olduqca maraqlıdır. Əli Kamalinin toplayıb nəşrə hazırladığı əsərlər arasında Telimxan "Divanı"nın xüsusi yeri var. 10 min beyti əhatə edən "Divan"a araşdırıcı kimi ön söz yazıb, şeirlərdə geniş işlədilən 5 minə yaxın ərəb və fars sözünün, eləcə də 5 min cinasın izahını verib. Bu, onu göstərir ki, türk xalqları ədəbiyyatında Telimxan qədər cinasa önəm verən ikinci bir sənətkarımız yoxdur.
Telimxanın həyat və yaradıcılığını dərindən araşdıran Ə.Kamali yazır: "Marağa Mızılqan (Nobəran) bəxşinin (rayon-Ə.Ş.) kəndlərindən birisidir ki, Telimxan - bizim əziz qardaş və böyük şairimiz o kənd əhlidir. Maraqlıdır, onlar öz əsillərini türkmən sayarlar". Bu fikri Telimxanın şeirləri də təsdiqləyir:

Bilənlər bilsin, mən Telimxanam,
Bilməyənlər bilsin, gövhərəm, kanam.
Sakini Mərağey, əsli Türkmanam.
Gəzə-gəzə bu cahannan gəlirəm.

Yaxud:

Türkmən Tilim, belə qəmdən quruma,
Var getginən İstanbula Uruma,
Tor qurmuşdum tərlan gələ toruma,
Tərlan şikarı da sar olub mənə.

Hətta Telimxanla deyişən Bayat Cəfər də ona "Məndən salam olsun Türkmən Tilimə, Haqqü şəriətdən gəl xəbər verim" - deyə müraciət edir. Əli Kamalinin xalqdan topladığı rəvayətlərə görə Marağadakı türklər orta yüzilliklərdə orada yerləşmiş beş Türkmən qardaşın törəmələridir. O qardaşların birinin adı Asqin imiş. Telimxan da Asqin nəslindəndir. Atasının adı Temurxan, babasının adı isə Qaraxan imiş. 14-15 yaşlarında əmisi qızı Mehri xanıma vurulmasıyla şeir söyləməyə başlayan Telimxan xalq arasında "haqq aşığı" kimi məşhurlaşır. Rəvayətə görə, Mehri xanımı ona deyil, başqasına ərə verirlər. Əri də söz-sovdan yaxa qurtarmaq üçün Mehrini də alıb Şiraz şəhərinə köçür. Telimxan da Şiraza gedir. 7 il orada "qaltaqsudluq" (dəvə çulu və at yəhəri düzəldən-red.) etməklə güzəranını təmin edir, sevgilisinin udduğu havanı udduğu ilə təskinlik taparaq ona şeirlər qoşur. Ömrünün sonunadək Mehri xanım hara köçsə oraya köçən, orada yaşayan Telimxan ölüm ayağında sevgilisi yanına gəlməyənədək can vermir.
Ə.Kamali Telimxanın tərcümeyi-halını dəqiqləşdirərkən sənədlərə və şairin şeirlərinə istinad edir. Şeirlərin birində Telimxan 60, başqa bir yerdə isə 90 yaşı olduğunu söyləyir. Buna əsaslanan araşdırıcı şairin 90 ildən çox ömür sürdüyü qənaətinə gəlir. Telimxanın mülk alqı-satqısı haqqında bağladığı müqavilədəki tarix isə hicri 1244 (miladi 1818/19) ildir. Araşdırıcı nəinki Telimxanın doğum və ölüm tarixini müəyyənləşdirir, həm də şairin nəvə-nəticələrinin siyahısını tərtib edir. Telimxanın oğlu Qulamhüseynbəy, nəvəsi Qəribbəy, nəticəsi Muradxan, kötücəsi Türkmən Mahmud təxəllüsü ilə şeirlər qoşan Mirzə Mahmud olduğunu göstərir.
Telimxan əruz vəznin müxtəlif bəhrlərində şeir yazsa da, yaradıcılığının əsasını heca vəznində yazılmış şeirlər tutur. Lirik qoşmaları, gəraylıları, təcnisləri, bayatıları ilə yanaşı ictimai-siyasi məzmunlu, eləcə də didaktik (tərbiyəvi) şeirləri də çoxdur. Onun poeziyasının tədqiqi, ayrı-ayrı janrlarda yüksək sənətkarlıq nümayiş etdirməsi ayrı-ayrı elmi məqalənin, məruzənin mövzusudur. Şeirlərinin möhürbəndində əsasən "Telimxan", "Telimxan", "Tellixan" işlədib. Əli Kamaliyə görə bu, "saç", "tük" anlamını verən "tel" sözündəndir. Bugünün özündə də Telli adına Azərbaycanda rast gəlinir. XIX yüz ildə yaşamış Qaçaq Nəbinin (1854-96) döyüş dostlarından biri də Telli Qaradır. Biz yalnız onu qeyd edəcəyik ki, Telimxanın yaradıcılığı ilə tanışlıq ədəbiyyatımızda janrların yaranma tarixi ilə bağlı söylənilən bəzi hökmlərə yenidən nəzər salmağı tələb edir. Məsələn, Azərbaycan ədəbiyyatşünaslarının əksəriyyəti heca vəznində dodaqdəyməzi ilk dəfə Göycəli Aşıq Ələsgərin (1821-1926) söylədiyini yazırlar. Aşıq Ələsgərdən 66 il öncə doğulmuş Telimxanın da dodaqdəyməzləri var.
Məsələn,

Səyyad gəzər şikarının dağıynan,
Lala ağlar zari-giryan dağıynan,
Aşıq deyər dağıynan,
Qar əlləşir dağıynan
Eşqini çəkənnərin
Ciyərində dağıynan.
Aşıq deyər: həsrətiynən, dağıynan
Aç zülfünü sinən üstə ağla da.

Telimxan yaradıcılığındakı cığalı dodaqdəyməz təcnislərin cığalarının 4 və 6 misralı nümunələrinə də rast gəlinir. Sənətkarlıq cəhətdən bitkin nümunələr onu göstərir ki, bunlar ilk qələm təcrübəsi, yəni şairin yeni axtarışından doğan, yeni yaranan nümunələr deyil. Belə qənaətə gəlmək olar ki, Telimxanın müasirləri və özündən əvvəl yaşamış şair və aşıqlar da dodaqdəyməzlər yaradıblar. Çox təəssüf ki, hələlik onlar əlimizdə yoxdur.
Telimxan dilimizdəki sözlərin çoxmənalılığından və səslərin ahəngindən məharətlə istifadə edərək sözlə musiqinin vəhdətinə nail olmuş əvəzsiz sənət inciləri yaradıb. Məsələn:

Gül başımdan gül ağlımı gül aldı.
Gül qaşların, gül gözlərin, gül üzün.
Gül təklifi gül bizlərə gül etmə,
Gül, gedin siz gülşənindən gül üzün.
Gül seyr edin, gül bağlarda gül dərin,
Gül bülbüllər gül bəkləyib, gül dərin,
Gül eşqidir, gül dərmanı gül dərin,
Gül qəvvaslar, gül dəryada gül tərin.

Şair beş bəndlik şeirdə "gül" sözünü ayrı-ayrı mənalarda 60 dəfə işlədib. Telimxanın ərəb əlifbası ilə yazılmış şeirlərini bu gün türkmən oxucusu Maxmudqulunun şeirləri kimi, Azərbaycan oxucusu M.P.Vaqifin şeirləri kimi asan oxuyur və özününkü sayır.
Əli Kamali böyük iş gördü. O, Telimxanın şeirlərini toplayıb nəşrə hazırladı. Ə.Kamali Telimxanla yanaşı həmin mühitdə yaşayıb-yaratmış, onlarla şairin də şeirini toplayaraq nəşrə hazırlamağa çalışıb. Telimxan soyundan olan XIX-XX yüzillikdə yaşamış Mirzə Mahmud da şeirlərində Türkmən Mahmud ləqəbindən istifadə edib. Özünü türkmən adlandıran bu şairin şeirlərindəki dil, üslub, ritm nəinki orta əsrlərdə yaşamış türkmənistanlı şairlərin, hətta müasir Türkmən şairlərinin yaradıcılığında bir ortaqlıq var. Bu ortaq cəhətləri aşkarlamaq üçün yeni axtarışlar gərəkdir.

Əli Şamil,
araşdırmaçı