Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası Türkmənistanda türkmən dilində təqdim edilib Mədəniyyət

Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası Türkmənistanda türkmən dilində təqdim edilib

Türkmənistanın paytaxtı Aşqabadda Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası əsasında hazırlanan eyniadlı tamaşanın nümayişi böyük maraqla qarşılanıb.

Azərbaycanın Türkmənistandakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, tamaşa Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında türkmən dilində təqdim edilib. 1909-cu ildə qələmə alınan və Şərqin ilk operettası kimi dəyərləndirilən bu əsər Aşqabad tamaşaçıları tərəfindən hərarətlə alqışlanıb.

Tədbirdə Azərbaycanın Türkmənistandakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri də iştirak ediblər. Tamaşa bitdikdən sonra səfirliyin nümayəndələri yaradıcı kollektivlə görüşərək, aktyor və səhnə heyətinə gül dəstələri təqdim ediblər.

Qeyd olunub ki, Üzeyir Hacıbəylinin yaradıcılığı Türkmənistanın mədəni və teatr həyatında mühüm yer tutur. “Ər və arvad” ilə yanaşı, bəstəkarın məşhur “Arşın mal alan” operettası da Aşqabadın müxtəlif teatr səhnələrində mütəmadi olaraq nümayiş etdirilir, yerli və xarici tamaşaçılar tərəfindən yüksək rəğbətlə qarşılanır.