Köçür ağır ellərin, dağlar Mədəniyyət

Köçür ağır ellərin, dağlar

XVII əsrdə Sarovlu Şıxı kimi müqtədir bir sənətkar da yetişmişdi. Sarovlu Şıxının cinas qafiyələrindən aydın görünür ki, o, dövrünün nadir təcnis ustası olub:

Şarovlu Şıxı deyər dağ sinəsində,
İnanmırsan gəl gör dağ sinəsində,
Telli maral otlar dağ sinəsində,
Ovçusun görəndə sıra dağıldı.

Budaq Çobanın şeirlərinin bir qismi isə onun yaratdığı "Novruz-Qəndab", "Alı xan və Pəri xanım" dastanlarında yaşamaqdadır. XVII əsrin bu el şairi qədim əsatir və mifik təsəvvürləri mükəmməl mənimsəyib, "Dədə Qorqud" boylarının qaynaqlarına bələd olub. Dədə tituluna yiyələnən Budaq Çoban həm də həqiqətən çobanlıqla güzəran keçirdiyindən şeirlərində təbiət aləmi bütün füsunkarlığı ilə vəsf olunur.

Yağır yağışların, qalxır dumanın,
Axır bozbulanlıq sellərin, dağlar.
Bundan belə xoş səfalı çağındır,
Köçür, qonur ağır ellərin, dağlar.

Hər dağlardan uca Nuhun dağıdır,
Dörd tərəfi səkkiz cənnət bağıdır,
Tülək tərlan, laçın quş yığnağıdır,
Sonalar arzular göllərin, dağlar.

XVII əsrin aşıq şeiri və ümumiyyətlə, xalq poeziyasının mündəricəsində iki meyl daha aydın nəzərə çarpır. Bir tərəfdən feodal əsarətinə qarşı mübarizə ("Koroğlu"nun variantları) motivləri güclənir, o biri tərəfdən saf, təmiz, insani məhəbbət təsvir olunur. Zümrəsindən, dini mənsubiyyətindən asılı olmayaraq, sevən gəncləri bir-birinə qovuşdurmaq, orta əsrlərdə təmiz sevgiyə mane olan bütün sədləri uçurub yerində sərhədsiz, maneəsiz, kinsiz, küdurətsiz, şər və nifaqdan uzaq bir ailə yaratmaq önə çəkilir. Ustad aşıqların nəsihətamiz ustadnamələrinin məzmun və mündəricəsi məhz bu meylləri geniş təbliğ edirdi. Qul Mahmud, Qulam Kəntər, Aşıq Heydər, Əsmər, Ululu Kərim, Əmrah, Qaracaoğlan, Məsum və başqa sənətkarların lirik şeirləri bu ruhda söylənib. Qul Mahmud şaha müraciət edəndə ki:

Başına döndüyüm ədalət şahım,
Beynizam işlərin nizama gəlsin

– şübhəsiz, yaşadığı diyarda baş verən özbaşınalığa işarə edirdi. Şair Əsmər xanımın isə şeirlərində qadına olan kölə və qeyri-insani münasibət bir qızın konkret və real həyat faciəsində bədii ifadəsini tapıb. Şeirdə yüz tümənə satılan bir qızın həm də günü üstə ərə getməsi, gedərkən ailə və qohumlarının onu söyüb, danlayıb yola salması, ər evində keçirdiyi ağır günlər və sarsıntılar təsvir olunur:

Zəhər qatdılar aşıma,
Bəlalar gəldi başıma,
Baxmadılar göz yaşıma,
Satdılar kaftara məni,
Ağyal canavara məni.

Olmadı kimsə havadar,
Gen dünya oldu mənə dar,
Söydülər, danladılar,
Satdılar kaftara məni,
Ağyal canavara məni.

Anam babalıma batdı,
Qardaşım üstündən atdı,
Atam yüz tümənə satdı,
Satdılar kaftara məni,
Ağyal canavara məni.

Əmioğlum şirnikdi pula,
Xalam uydu tirmə şala,
Verdilər axır bir çala,
Satdılar kaftara məni,
Ağyal canavara məni.

Bu incə qəlbli el şairinin "Canım", "İstər", "Salatın", "Nazlı bəxtəvər", "Şux məmələrin", "Bəllidir", "Cananım", "Görünməz", "Gəl-gəl", "Gül Cahan, "Sayad", "Cahan dərdidir", "Olsun", "De gəlsin", "Dilbər", "Seyrə vardım", "Geyinibdir" və başqa gözəlləmələr aşıqların ən çox ifa etdiyi əsərlərdir. O dövrün məşhur el şairlərindən olan Aşıq Əmrahın şeir¬ləri də bədii kamilliyi ilə seçilir. Onun "dedim-dedi" şəklində olan şeiri forma və məzmun vəhdəti, ritmi və musiqiliyi ilə seçilən poetik nümunədir:

Dedim: əla nədir? Dedi: gözümdür.
Dedim: şəkər nədir? Dedi: sözümdür.
Dedim: alma nədir? Dedi: üzümdür.
Dedim: öpməlisən, söylədi, yox-yox.

Əmrahın şeirləri qonşu xalqlar arasında da geniş yayılıb, XVII – XVIII əsrlərdə erməni və gürcü əlifbası ilə yazıya alınıb. Bu da göstərir ki, Əmrah dövrünün qüdrətli sənətkarlarından olub. Əmrahın şeirləri və haqqında olan rəvayətlər əsasında aşıqlar "Əmrah və Səlminaz" das¬tanı yaradıblar.
Azərbaycan və eləcə də, Yaxın Şərqdə şöhrətlənmiş saz-söz şairlərindən biri də Qaracaoğlandır. Ömrünü həmişə səfərdə keçirən Qaracaoğlanın gəraylı və qoşmaları demək olar ki, bütün Şərqdə geniş yayılıb, el məclislərinin bəzəyi olub. İnsanları nəcibliyə, ülvi hisslərə, ali məsləkə səsləyən Qaracaoğlanın nəğmələri zəngin bədii çalarlara malikdir. Bu şeirlərdə həyat bütün gerçəkliyi ilə, həm də romantik boyalarla təsvir olunur. Şair adi və sadə həyat həqiqətinə bədii və poetik libas geydirib insanı incə duyğularla ovundurur:

Ala gözlü nazlı dilbər,
Vaxtın keçər demədimmi?
Qaşın cəllad, gözün yağı
Qanım içər demədimmi?

Bax bu qaşa, bax bu gözə,
Yandı bağrım, döndü közə,
Yaxasız köynəyi bizə
Fələk biçər demədimmi?

Qaracaoğlan bu mərdinən,
İşim yoxdur namərdinən,
Axır bizi bu dərdinən
Qoyar qaçar demədimmi?

Çox böyük yaradıcılıq yolu keçən Qaracaoğlanın əsərləri hələ öz dövründə geniş yayılıb, müğənni və ifaçı aşıqlar tərəfindən məclislərdə oxunub. Bir çox məhəbbət və qəhrəmanlıq dastanlarında onun qoşma və gəraylılarından geniş istifadə olunması da bunu sübut edir. Qaracaoğlanın şeirlərində təmiz, ülvi məhəbbət, sadə əhalinin həyatı, dərd və qəmi tərənnüm olunur. Onun o dövrün hadisələri ilə bağlı icti¬mai-siyasi məzmunlu şeirləri də çoxdur.
Qaracaoğlana xas olan eyni poetik lövhələri İlyas Muşeqin "Nəğmələr məcmuəsi"ndə şeirləri verilmiş Emin, Qul Mahmud, Pirim, Dədə Qürbət, Rizvan, Şahin, Dəvrişoğlu Məhəmməd, Ucanlı, Adil, İsmayıl, Yetim Aydın və başqa aşıqların şeirlərində də görmək olar. Bu el şairlərinin şeirlərini İlyas Muşeq ağızlardan toplayıb "Nəğmələr məcmuəsi"nə daxil edib. Deməli, bizə məlum olmayan bu el nəğməkarlarının nəğmələri XVIII əsrdə dillər əzbəri olub.
Aşıq yaradıcılığı həm də təkcə Azərbaycan ədəbi mühitində deyil, bütün Şərqdə, bir sıra qonşu xalqlarda elə vüsətlə yayılıb ki, onun nadir nümunələrini Avropa şərqşünasları tədqiq edib, öz dillərinə (ingilis, alman, fransız və s.) çevirməyə çalışıblar. Aşıq yaradıcılığı geniş yayılmaqla yanaşı, sənətkarlıq baxımından da təkmilləşib, mövzu və məzmun baxımından yeniləşib, bədii-estetik dəyəri artıb və kamilləşərək yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu kamilləşmə yeni-yeni şəkillərlə zənginləşən lirik şeirdə, tarixi hadisələri getdikcə daha qabarıq şəkildə əks etdirən məhəbbət və qəhrəmanlıq dastanlarında aydın görünür. Digər tərəfdən, musiqi, poeziya və epik bədii yaradıcılıq aşıq sənətində daha möhkəm birləşərək onun zənginləşməsinə səbəb olurdu. Məhz buna görə də Xətayidən başlamış yazılı ədəbiyyatın bir çox görkəmli nümayəndələri xalq şeiri şəkillərində yazmağa daha çox meyl göstəriblər. XVIII əsrdə Vaqif ədəbi cərəyanının nümayəndələri də bu yolla gediblər. Buna görə də bu dövrdə xalq şeiri üslubunda yazan şairlərlə aşıqların şeirləri arasında möhkəm bir bağlılıq var. XVIII əsrdə xalq şeirini təmsil edən Saleh, Məzlum, Xəstə Qasım, Sayat Nova, Saili, Urfani, Zabit, Xurşid, Səyyad, Dəllək Murad, Aşıq Valeh kimi sənətkarların ədəbi irsi səciyyəvidir. Bu el şairləri saz şeirinin nəinki poetik imkanlarını daha da genişləndirdilər, eyni zamanda aşıq şeirinin növlərini zənginləşdirdilər. Gözəlləmə, ustadnamə, deyişmə, bağlama, vücudnamə və bu kimi növlərin ictimai-əxlaqi mündəricəli nümunələrini yaratdılar. Zamanın, ictimai-ədəbi mühitin nəbzini tutan gəncliyin bədii-estetik tərbiyəsinə yönəldilən ustadnamələr məclisdən-məclisə ayaq açıb geniş yayılırdı. Xəstə Qasımın, Ululu Kərimin, Dəllək Muradın ustadnamələri dərin tərbiyəvi təsir gücünə malik olduğundan məclislərdə dastanlar onların ustadnamələri ilə başlanırdı. Aşıq poeziyasının zirvəsi sayılan ustadnamə və ya nəsihətnamələrdə insanın mənəvi gözəlliyi, əxlaqi keyfiyyətləri, cəmiyyət içində davranışları xalqın məişətinə, adət-ənənəsinə uyğun tərənnüm olunurdu. XVIII əsrin ustad aşığı Ululu Kərimin ustadnaməsində deyilir:

Fürsət əldə ikən yaxşılıq elə,
Həmişə əlində ixtiyar olmaz.
Gəl güvənmə dövlətinə, malına,
Mala, mülkə, əmrə etibar olmaz.

Dörd yanımız bağça ola, bağ ola,
Sinəm üstü düyün ola, dağ ola,
Bir kiçik ki böyüyünə ağ ola,
Düşər el gözündən, bəxtiyar olmaz.

Ululu Kərimi axtaran tapar,
Bir könülü tikən min Kəbə yapar,
Sən çalış işini haqq ilə apar,
Haqdan qeyri-kimsə sənə yar olmaz.

İnsan həyatını belə təmiz, nəcib, xeyirxah əməllərə səsləyən öyüd-nəsihətlərlə bərabər ustadlar, həm də insanın ömür yolunu mərhələ-mərhələ izləyən vücudnamələr də yaradırdılar. Ustadnamələrdə olduğu kimi vücudnamələrdə də insan həyatının, insan ömrünün mənası, qayəsi və məqsədi aşkarlanırdı. Burada da ustadlar belə nəticəyə gəlir ki, sənə nəsib olan bir ömrü elə mənalı yaşa ki, ömrün sonunda arxada qalan günlərə baxanda xəcalət çəkməyəsən. Ustadlar bəzi vücudnamələrin sonluğunu axirət dünyasında sorğu-sualla, sirat körpüsü ilə bağlayırlar. Burada sənətkar dini təsəvvürlərə uysa da, əslində nəticə etibarilə məqsəd bundan ibarətdir ki, insan həyatı boyu yaxşılıq eləsə, ömrünün sonunda bundan bir təsəlli alar, pislik eləsə vicdanı qarşısında günahkar olar.
Yazılı poeziyaya daxil olan vücudnamələrdə ömrün ilkin çağları, uşağın tərbiyə olunması, mədrəsə həyatı faktlar və real boyalarla izlənilir. Bu baxımdan Salehin və Məzlumun vücudnamələri daha səciyyəvidir. Şair Salehin vücudnaməsində uşağın təhsil illəri belə təsvir olunur:

...Oxudum şəriət, getdim təriqət,
Öyrəndim mərifət, bildim həqiqət...
...On altı yaşında oldum fərzanə,
On yeddi yaşında tikdim bir xanə...

XVIII əsrin aşıq poeziyası mövzusunun zənginliyi baxımından elə bir mövqeyə qalxıb ki, zamanın, ictimai-ədəbi mühitin sınaqlarından çıxmış bəşəri mövzular sənətdə özünə əbədilik qazanıb və beləliklə də şeirin ayrı-ayrı növlərində öz poetik ifadəsini tapıb. Təbiətə və insana məxsus bütün gözəlliklər gözəlləmələr üçün səciyyəvi olduğu kimi, bütün mənəvi məziyyətlər də nəsihətnamələrin mövzusunu doğururdu. Beləliklə də, orta əsrlərin ictimai-iqtisadi, siyasi, ədəbi və mədəni inkişafını məzmuna hopduran aşıq yaradıcılığı uzun tarixi təkamül yolu keçərək öz poetik quruluşu baxımından da monumental sənət fövqünə qalxıb. Şeirin sabitləşən şəkilləri ilə yanaşı, zəngin tematik çalarlara məxsus növləri də yüksək səviyyədə olub.



Qara Namazov
professor