Hüseyn Cavidin romantik qəhrəmanları Mədəniyyət

Hüseyn Cavidin romantik qəhrəmanları

Böyük şairin ədəbiyyatda orijinal bir yolu olub

Azərbaycan xalqının dünya ədəbiyyatına bəxş etdiyi böyük şəxsiyyətlərdən biri də Hüseyn Caviddir. O, 1882-ci ildə Naxçıvanda ruhani ailəsində doğulub, ərəb-fars dillərini öyrənib, keçən əsrin əvvəllərində Təbrizə gedib Şərq fəlsəfəsi, tarixi və ədəbiyyatını öyrənib. Cavidin yetişməsi üçün isə Türkiyə mühiti rol oynayıb. İstanbul Universitetində azad dinləyici kimi görkəmli alimlərin mühazirələrini dinləyib. Onun şair, mütəfəkkir kimi yetişməsində isə Rza Tofiqin və Tofiq Fikrətin rolu böyük olub.
Hüseyn Cavid böyük romantikdir. Romantizmin nümayəndələri həyatda arzuladıqlarını, nail olmadıqlarını, həyata keçirə bilmədiklərini yaradıcılıqlarında qəhrəmanlarının taleyində həyata keçirmək zorunda olublar. Romantik şairlərə bir pessimistlik də xasdır. Hüseyn Cavid lirik-romantik şair olub. O, yaradıcılığının ilk dövrlərində hüzn, kədər şairi kimi "Get", "Məyus bir qəlbin fəryadı", "Ah, yalnız sən", "Bir xatirə", "Çoban türküsü" kimi şeirləri ilə ədəbiyyata gəlib. O, müharibələrin əleyhinə idi. "Hərb və fəlakət" şeirində birinci dünya müharibəsinin törətdiyi qırğınları qəzəblə tənqid edirdi. "Qüruba qarşı" şerində isə o, müharibəyə lənətlər oxuyurdu. Bu şeir də Birinci Dünya müharibəsinin dəhşətləri ilə bağlı yazılıb.
Hüseyn Cavid filosof-şair kimi də diqqəti cəlb edir. Onun "İştə bir divanədən bir xatirə" şeirində şairin insan haqqındakı fəlsəfi fikirləri əks olunur. O, şeirdə insana qiymət verilmədiyini, sərxoş insanın bu dünyadan qafil olduğunu göstərmək istəyirdi.

Bir oyuncaqdır cahan başdan-başa,
Qafil insanlar da bənzər sərxoşa.
Səndələr hər kəs əməlsiz, qayğısız,
Həpsi kəndindən xəbərsiz, sayğısız.

Şairin həyatının ən gur çağları Bakı ilə bağlıdır. 1910- 1918-ci illər arası o, bir sıra şeirlərini və dram əsərlərini - "Keçmiş günlər", "Bahar şəbnəmləri", "Ana", "Maral", "Şeyx Sənan", "Şeyda", "Uçurum", "İblis" kimi əsərlərini yaradıb. Dramaturgiya sahəsində teatrımızı səhnə əsərləri ilə müntəzəm təmin edən Hüseyn Cavid olub.
Şair şeirdə Şeyx Sənanın məhəbbətinə məftunluğunu bildirir. O, "Şeyx Sənan" faciəsini 1914-cü ildə yazıb. Şeyx Sənan əfsanəvi şəxsiyyətdir. Onun məhəbbət macərasının dini şəxsiyyətdən ta məhəbbət mücahidi olana qədər keçən müddətini şair romantik məhəbbətin sətiraltı mənaları içində təsvir edir. O, təriqət şeyxidir, ona cəmiyyət inanır, etiqad edir. O, əvvəl insanları dinə çağıran bir mürşid olub. Ancaq gürcü qızı Xumara vurulan gündən o, şeyxliyini yerə qoyub məhəbbətin əsirinə çevrilir. Hətta yoldaşları onu dini etiqada qayıtmağa çağıranda Xumarın eşqindən məst olub aşağıdakı misraları söyləyir:

Onun eşqində mən ki dərbədərim,
Hər nə əmr etsəniz, mən əmr edərim.

Hüseyn Cavid romantik şair kimi Şeyx Sənanın obrazını təsvir edərkən onun məhəbbətini sufilərin ilahi məhəbbət yolunda keçdikləri yollardan keçirir. Sufilərin ilahi məhəbbət yolundakı birinci mərhələ şəriət mərhələsi olub. Faciənin əvvəlində də Şeyx Sənan dini etiqadlı, Qurana bağlı bir insan kimi təsvir olunur. O, bütün şəriət hökmlərinə əməl edir, namaz, oruc və s. tələbləri sözsüz yerinə yetirir. Onun məhəbbət yolunun yolçuluğu da sufilərin təriqət yolçuluğu ilə üst-üstə düşür. Ərəb dilində "təriqət" - yoldur. Şeyx Sənanın təriqət yolu sufilərin ilahi məhəbbəti dərk etmə yolu olduğundan eyni yolçuluğun Şeyx Sənanda da olduğunu görürük. Hüseyn Cavid onun bu yolçuluğunu belə təsvir edir:

İştə mən naili vüsal oldum,
Aradım nuri-həqqi, ta buldum.
Seyr edib kainatı həp yorulun
Arayın siz də nuri-həqqi bulun.

Şeyx Sənanın nuri-həqq dediyi Xumarın surətində Tanrıdır. Sufi ədəbiyyatında da sufilərin bu yolda başlarına gələn faciələr onların öz taleləridir. Bu yolda Şeyx Sənanı da faciələr gözləyir. O, Xumarın eşqi yolunda bütün əzablara dözür. Hüseyn Cavidin romantizmi burada Şeyx Sənanın sufi eşqini bu faciədə üstələyir. Sufilərin mərifət yolunda kamala çatmasını faciədə Şeyx Sənanın həyatında görmürük. Onun məhəbbəti zavala doğru aparır. Şeyx Sənanın romantizmində kamala çatmaq zavala çatmaqla müşayiət olunur. Bu mərhələdə Şeyx Sənanın güclü romantik məhəbbəti mərifət yolunun üstündən sürətlə keçməyə şərait yaradır. Əslində Şeyx Sənanın bu frazadakı romantik məhəbbəti onun zavala yetişməsinə doğru istiqamətlənir. Zavallı Şeyx Sənanın yoldaşlarına da dediyi sözlər və yoldaşlarının onun haqqındakı fikirləri bu obrazın zavala doğru getdiyini göstərir.
Sənan romantik-sufi qəhrəmandır, deyərdim. O, müridlərini kor-koranə ona sitayiş etdiklərinə görə "zavalı" adlandırır. Sənan belə baxanda eşq yolunda zəif obrazdır. Bunun da səbəbi Cavidin təfəkküründə romantik hisslərin daha güclü olması, sufi dünyagörüşünün isə izaholunmazlığı ilə bağlı idi. Bu səbəbin bir tərəfi də mövzunun xalq əfsanəsindən götürülməsidir. Əfsanədəki Şeyx Sənan və faciədəki Şeyx Sənan mətnaltı sufizmdəki Şeyx Sənanın - obrazın mərifətdəki yoluna əngəl olur. Şeyx Sənan məhəbbətində sədaqətlidir, məhəbbətinə qovuşmasına mane olan isə dini ayrılıqdır. Xumar da zəif obrazdır, məhəbbəti yolunda axıra qədər mübarizə apara bilmir, xristian dini ehkamlarının əsiridir. Bu isə onların həyatının faciə ilə qurtarmasına səbəb olur.
"Şeyx Sənan" faciəsinin təkrarolunmaz süjeti onu göstərir ki, Hüseyn Cavidin ədəbiyyatda orijinal bir yolu olub. O, hadisələrin təsvirini güclü poetik lövhələrlə yaradırsa da, romantik əhval-ruhiyyə onun yaradıcılığında bütün sehri ilə qalmaqda idi. Məhz bu səbəbdən onun qəhrəmanları nicat yolunu mücərrəd şəkildə axtarırdılar.

Ramil Əliyev,
filologiya üzrə elmlər doktoru