“İistedadlı adamların köməyə ehtiyacı var” Mədəniyyət

“İistedadlı adamların köməyə ehtiyacı var”

Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti Laləzar Mustafayevanın APA-ya müsahibəsini ixtisarla oxucularımıza təqdim edirik

- Laləzar xanım, kiçik bir axtarış elədim, internetdə sizə aid nəinki müsahibə, heç açıqlama da yoxdur. Yalnız ifa etdiyiniz şeirləri tapmaq mümkündür. Jurnalistlərdən uzaq gəzməyin səbəbi nədir?

- Desəm ki, bunu məqsədli şəkildə edirəm, yalan olar. Səhnəyə yeni-yeni çıxanda haqqımda çoxlu yazılar yazıldı, jurnalistlər müsahibə üçün müraciət edəndə imkan daxilində imtina etmirdim. Açığını deyim, sonralar eyni suallara cavab verməkdən yoruldum. Birdən-birə bu yazılar mənim üçün maraqsız olmağa başladı. On ildən çoxdur nə qəzetlərə, nə saytlara müsahibə vermirdim. Bəzi jurnalistlər sənətdən çox şəxsi həyatla maraqlanırlar. Heç vaxt heç kimin şəxsi həyatına qarışmamışam, şəxsi həyat haqqında fikir bildirməmişəm. Bunu nə həyatımda, nə sənətimdə etmişəm.

- Filmlərə də az çəkilmisiniz...

- Teatr mənim iş yerimdir. Burda rollarımın tutumunu gözləyirəm. Amma film belədir ki, ya ssenari ürəyincə olmur, ya da rejissorla razılaşa bilmirsən. Düzünü deyim, heç vaxt heç nəyin arxasınca məxsusi qaçmamışam ki, bunu əldə edim. O ruhda insan deyiləm. Akademik Milli Dram Teatrında uzun illərdir işləyirəm, kifayətə qədər də gözəl rollarım var. O rollara baxıb, tanıyıb, filmlərə dəvət olunmağımı istəyirəm. İstəyirəm, dəvət edən adam anlasın ki, qarşısında dayanan insan kimdir.

Filmdə ən son işim 2014-cü ildə çəkilmiş "Bakı, mən səni sevirəm" filmidir. Ondan sonra hələ ki, kinoda rolum olmayıb. Ürəyimcə iş olarsa, böyük məmnuniyyətlə çəkilərəm. Gördüyüm heç bir işi könülsüz etməmişəm, etmərəm də.

- "Şah Qacar" tamaşasında Qacarın anası obrazını canlandırırsınız...

- Ceyran xanım obrazının mənim həyatımda xüsusi yeri var. Ceyran xanım anadır, özü də şah anası. Ceyran xanım siyasətçidir. O, daha yüksək ideallar uğrunda mübarizə aparır. Bu cür qadınlar dünyada çox azdır. Onun davranış tərzi bütün analara xas deyil. Hər ana övladlarının taleyi ilə bağlı o cür kəskin qərarlar verə bilməz. Çox iti ağlı var, güclü qadındır. Pyes ilk oxunuşda məni özünə valeh et¬¬di. "Şah Qacar" tamaşasını çox sevirəm. Tamaşanın quruluşçu rejissoru Azər Paşa Nemətdir. Onun kimi çox dəyərli bir rejissorla işləməyi sənət həyatımda uğur hesab edirəm. Bu tamaşanın bu qədər sevilməyində Azər müəllimin xüsusi rolu var. Çünki pyesin müəllifi dramaturqdursa, tamaşanın müəllifi rejissordur. Çox şadam ki, Azər müəllim həmin obrazı məhz mənə həvalə edib.

- 40 yaşında xalq artisti adına layiq görülmüsünüz...

- Çəkdiyin zəhmətin, gördüyün işin müqabilində dəyər görmək, layiq görülmək çox gözəldir. Mən müstəqil Azərbaycan Respublikasının xalq artistiyəm. Bununla fəxr edirəm. Layiq görənlər çox sağ olsunlar. Layiq olmaq işin bir tərəfidir. Layiq görmək isə ürək istəyir. Gözəl ürəklərinə təşəkkür edirəm.

- Yeni dram əsərlərinin yazılmaması, yazılanların da keyfiyyətsiz olması haqqında iradlara siz də qoşulursunuz?

- Dünyada "yoxdur" sözü qədər nifrət etdiyim söz yoxdur. Sənin düşünmədən dediyin söz başqa insanların ürəyini sındıra bilər. İstedadlı insanlar var, yaxşı əsərlər də yazılır. Kimsə deyə bilərmi ki, yazılan əsərlərin hamısını oxumuşam? Nə bilirsən, harada nə əsər var? Var, görmək lazımdır, dəstək olmaq lazımdır, şans vermək lazımdır.

- Vaxtilə pedaqoji fəaliyyətlə məşğul olurdunuz. Sonra uzaqlaşdınız. Səbəb nə oldu?

- On il Mədəniyyət və İncəsənət Universitetinin "Səhnə danışığı" kafedrasında dərs demişəm. Ara verməyim isə səhhətimlə əlaqədardır.