Təbiətin ritmi Mədəniyyət

Təbiətin ritmi

Bir-birinin ardınca gələn illər yox, ölüb-dirilən hər yeni bir il var

Təbiətin ritmi (ağacların, bitkilərin qışda yatması - ölməsi, yazda oyanması-dirilməsi) mifik düşüncənin ritmini bütün səviyyələrdə təşkil edir. Burada ən mühüm məqam bu ritmin qapalı və təkrarlanan səciyyə daşımasıdır. Novruz bayramında insanları neçənci ilin gəlməsi düşündürmür. Çünki mifoloji şüurdan gəlmə ənənəyə görə illər bir-birinin ardınca düzülmür (düzxətli deyil), əksinə, qapalı, təkrarlanan dövrəni təşkil edir. Başqa sözlə, mifoloji şüur canlı şəkildə təsəvvür etdiyi bütöv kosmosu - məkan və zamanı məhz bu qapalı və təkrarlanan ritmlə qavrayır.
Novruz bayramında onun məşhur personajlarından olan Kosa obrazı ölüb-dirilən zamanı simvollaşıdırır. O, əyninə tərsinə çevrilmiş kürk geyir, üz-gözünə qışın-qarın simvolu olan un sürtür, başına şiş papaq qoyur, boynuna zınqırov asır, kürkün altından qarnına yastıq bağlayır. Bu, onun hamilə olduğunu göstərir. "Kosa-kosa" mərasimindəki nəğmələrdən birində onun hamiləliyi - ikicanlıılığı xüsusi nəzərə çarpdırılır:

Mənim Kosam canlıdı,
Qolları mərcanlıdı,
Kosama əl vurmayın,
Kosam iki canlıdı.

"İkicanlılıq" Azərbaycan dilinin öz sözü olub, ərəbcədən gəlmə olan "hamiləlik" sözünün qarşılığıdır. Canlardan biri kosanın öz canı, o biri isə qarnınadakı uşağın canıdır. O özü köhnə ili, qarnındakı uşaq isə yeni ili rəmzləndirir. Bu, ölüb-dirilmə yolu ilə baş verir. Mərasimdə Kosa birdən yerə yıxılaraq "ölür", daha sonra insanlar onu "dirildirlər".
Ənənəvi mədəniyyətin istənilən strukturunda bu qapalılığı bərpa etmək olur. "Kitabi-Dədə Qorqud"un hər boyu sonda qapanır ("yum verəyin, xanım"), yeni boyla yeni dövrə başlanır. Məhz buna görə də boyların əksəriyyəti ritualla başlanır, sonları isə istisnasız olaraq ritual etiketi ilə başa çatır. İl Novruz bayramı ilə qapandığı və başladığı kimi, "Kitabi-Dədə Qorqud"un boyları da ozanın "Yum" mərasimi ilə qapanır və əksərən Bayındır xanın "Toy" mərasimi ilə başlanır. Bu qapalı ritmlər "Kitabi-Dədə Qorqud" mətnlərinin spiralvari şəkildə ən müxtəlif səviyyələrini təşkil edir. Hər boyun mətni bir neçə belə qapalı-təkraralanan ritm, formuldan təşkil olunur. Məsələn, eposun on iki boyunda Oğuz elinin Şöklü Məlik, Qara Təkur Məlik, Buğacıq Məlik kimi məşhur düşmənləri eyni Oğuz qəhrəmanları tərəfindən öldürülsələr də, sonrakı boylarda yenidən oğuzlar üzərinə hücum edirlər. Bu, bir neçə dəfə baş verir. Məs., düşmənlərin sərkərdəsi Şöklü Məlik dörd dəfə öldürülür. Bu, qapalı-təkrarlananan ritmlə baş verən ölüb-dirilmə mifologemidir.
Mifoloji düşüncədə zaman ona görə ölüb-dirilə bilir ki, o, insan (yaxud başqa bir canlı) şəklində təsəvvür olunur. Məsələn, "Süleyman peyğəmbər yolunan gedirmiş. Gedir, görür ki, bir bulağın başında bir cavan qız oturub. Süleyman peyğəmbər elə bu qıza vurulur. Barmağınnan üzüyü çıxardıb verir bı qıza. Deyir ki, gedirəm 3 aydan sora gələcəyəm. Sora Süleyman peyğəmbər gəlir ki, bulağın başında bir qoca qarı oturub. Deyir ki, qarı, burda bir cavan qız oturmuşdu o, necoldu?
Deyir:
- Elə cavan qız mənəm.
Deyir:
- Axı qoca vaxtında yalan danışırsan?
- Sən verdiyin üzül barmağımda.
Çıxardır üzüyü, Süleyman peyğəmbərin adı üstündəydi. Deyir:
- Mən qız dəyiləm. Mən dünyayam. Yaz olanda cavan qız oluram. Payız olanda belə bir qarı oluram".
Göründüyü kimi, özünü "dünya" adlandıran qızın ömrü bir ildir. O, eyni zamanda həm məkanı (dünyanı), həm də zamanı (ili) rəmzləndirir. Qız ilin əvvəlində - yazda doğulur, ilin sonunda - payızda qoca qarıya çevrilir. Bununla onun ömrü başa çatır, yəni ölür. Lakin dünya bir illə qurtarmır: yenidən gəlir. İl yenidən ona görə gələ bilir ki, o, canlıdır, insan şəklindədir və öz insani şəklinə (obrazına) uyğun olaraq doğulur və ölür. Lakin öldükdən sonra yenidən dirilir. Beləliklə, bir-birinin ardınca gələn illər yox, ölüb-dirilən bir il var. Bu, məkan və zamanın mifoloji şüurdan gələn qapalı-təkrarlanan sxem üzrə ölüb-dirilməsidir.
Tarixi şüurdan əvvəlki mərhələ olan mifoloji şüur elmdə fərqli adlar altında səciyyələndirilir. L.Levi-Brül mifoloji təfəkkür tipini "məntiqəqədərki" şüur adlandırıraraq, onun çağdaş insanın şüurundan (tarixi şüurdan) fərqli olaraq əşyaların obyektiv xassələrinə qarşı biganə olmasını, mistikliyini xüsusi vurğulayır. V.Toporovda mifoloji şüur çağı "mifopoetik", "kosmoloji", "mifopoetik dünyagörüşü" adları altında qeyd olunur.
İnsanın təbiəti empirik-rasional biliklər toplamaq yolu ilə mənimsəməsi müəyyən çağda mifoloji şüurdan tarixi şüur tipinə keçidi hazırlayır. Parçalanmış mifoloji tipin əsasında dünyanın müasir qavrayışının başlanğıcı - tarixi şüur tipi təşəkkül taparaq formalaşır. Bu prosesdə elmin inkişafı cəmiyyətin istər maddi, istərsə də mənəvi hadisə kimi inkişafının təbii gedişatı idi. İcma vahidindən tayfa-dövlət vahidinə keçid, məkanın məhdud icma miqyasından dövlət miqyasına genişlənməsi, bu prosesdə insanın məkan-zaman haqqındakı təsəvvürlərinin əsaslı inkişafı onun dünyanı qavrama modelinin də yeni tipinə keçidini təmin edir. İnsan kosmos, etnos və zamanı təcrübi-rasional məlumatların fasiləsiz axın müstəvisində yeni mövqedən qavrayır. Alınan fasiləsiz məlumat axını kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi haqqında unversal qanunu işə salmaqla yeni şüur tipinin əsasını qoyur. Semantik ikili bloklarla - əkslik qoşalıqları ilə əməliyyat aparan mifoloji şüurdan tarixi şüur boy atır. Şüurun mifoloji qavrama üsulları tarixi şüura məxsus qavrama üsulları ilə əvəzlənməyə başlayır. Bir sözlə, insanın dünya haqqında aldığı informasiyanın fasiləsiz artımı müəyyən mərhələdə bu informasiyaları alan, təhlil edən və onu istiqamətləndirən şüur aparatının yenisinə keçidinə gətirir.
Qeyd olunmalıdır ki, mifoloji şüurdan tarixi şüura keçid mexaniki əvəzlənmə, izsiz yoxolma formasında baş vermir. Tarixi şüur mifoloji şüurun zəminində təkamül edir. Bu proses "demifologizasiya adlanır". "Demifologizasiya" - hərfi mənada "demifləşmə - mifsizləşmə", proses baxımından mifoloji mətnin mifə məxsus əlamətlərindən məhrum olması deməkdir. Belə ki, mifoloji təsəvvürlər demifləşmə keçirir və daşlaşan praformalar kimi sonrakı tarixi-dinamik formaların ilk materialını təşkil edir. Mif öz çağında həqiqət, yəni ən doğru informasiya kimi qəbul olunur.
Demifologizasiya prosesində miflər bu ən mühüm əlamətini - vahid həqiqi informasiya olmaq xassəsini itirir. İdeoloji funksiyasından məhrum olmuş miflər dünyanı qavramanın yeni modelində - tarixi şüur formalarında "tikinti materialı", bədii-estetik məzmun və forma qəlibləri rolunu oynayır. İncəsənət və mədəniyyətin müxtəlif formaları mifoloji praformalarda sinkretikləşmiş (qovuşmuş) ideoloji potensiyanın estetik-bədii açılışı, şaxələnməsi və inkişafı kimi gerçəkləşir. Məsələn, ibtidai mədəniyyətin ritual mexanizmləri dini kultlarda, demək olar ki, əvvəlki, incəsənətdə isə yeni - estetik funksiyanı yerinə yetirir.
Mədəni qəhrəmanın fəaliyyətini nəqletmə yolu ilə gerçəkləşdirən mifoloji mətnlər tarixi şüur müstəvisində eposlara təkan verir, müxtəlif ekzoterik miflər nağılları formalaşdırır və s. Başqa sözlə, mifoloji şüurdan tarixi şüura keçidin forması rəngarəng, məzmunu genişdir.

Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər doktoru