“Safinin tablolarına mən imza qoyardım” Mədəniyyət

“Safinin tablolarına mən imza qoyardım”

Türkiyəli rəssam əslən Naxçıvandan olan rəssam haqqında xatirələri

Türkiyənin tanınmış rəssamı və şairi Həbib Gərəzin APA-ya müsahibəsini oxucularımıza təqdim edirik

- Türk rəsm sənətinin duayeni kimi oxucularımıza özünüzü təqdim etməyinizi xahiş edirəm.

- Mən 1926-cı ildə anadan olmuşam, 1950-ci ildən bəri şeirin və sənətin içindəyəm. 50-60-cı illərdə şeir yazdım, 60-70-ci illərdə isə rəsm sənətində özümü ifadə etməyə çalışdım. Bu salonda gördüyünüz əsərlərim birinci dönəmimə aiddir. İkinci dönəmimdə isə fiqurativ tablolar yaratdım. Üçüncü dönəm- müşahidəçi dönəmimdir, dördüncü dönəmdə abstrakt tablolarıma fiqurlar yerləşdirməyə başladım. Mən Kabataş litseyində Faruk Nafiz Çamlıbelin şagirdi olmuşam. "Könüldən damlalar" adlı ilk şeir kitabım 1952-ci ildə çap edildi, o dönəmdə biz heca vəznində yazırdıq, bizdən əvvəl isə Yəhya Kamal və başqaları əruzda da yazıblar.

- İstanbulda anadan olmusunuzmu?
- Mən Ortaköydə anadan olmuşam. Uşaqlığım orada keçib. 23-cü ibtidai məktəbdə, Gaziosmanpaşada, Kabataş erkək litseyində oxudum. Behcət Necatigil və Faruk Nafiz Çamlıbeldən dərs almışam. Yəhya Kamal Bayatlı, Behcət Kamal Çağlar kimi o dövrün məşhur şairləri ilə tanışlığım olub. 1950-60-cı illərdə jurnallarda şeirlərim çıxırdı, hüquq fakültəsini bitirəndən sonra Memar Sinan adına incəsənət akademiyasının tətbiqi sənətlər fakültəsinə qonaq tələbə kimi qeydiyyatdan keçdim. Nurullah Bərk akademiyanın müəllimi idi, onunla birlikdə 11 il eyni emalatxanadan istifadə etdik. 1 otaq onun, 1 otaq mənim idi. 1970-ci illərdə Hərbiyyədə "Modern galeri" adlı qalareya açıldı və akademiyanın müəllimlərini oraya sərgi açmağa dəvət etdilər. 1976-cı ildə ilk dəfə xaricdə-İtaliyanın Milan şəhərindəki "Galerio Stella" qalareyasında fərdi sərgi açdım. Xaricdə 30 fərdi sərgi açmışam. İndiyə qədər Türkiyədə və xaricdə 142 fərdi sərgi açmışam: ABŞ-da, İtaliyada, Fransada, İsraildə, Belçikada...Ondan başqa mənim dünyanın 10 muzeyində əsərlərim var. İndiyə qədər çox mükafat almışam. 1998-ci ildə Avropa Parlamentinin Avropa Akademiyası "Grand Premio" böyük mükafatını mənə verdi. O mükafat ildə 1 nəfərə verilir, yaradıcılığımın 50-ci ilində mənə verildi. İndiyə qədər təxminən 8 min əsər yaratmışam, onlardan təxminən 4 minini satmış və ya hədiyyə vermişəm, hamısının məndə siyahısı var. 3 il əvvəl buranı 500-cü il vəqfinə hədiyyə verdim. Bura çox dəyərli binadır, 3 milyon dollar dəyəri var.

- Buranı almağınızı çox yaxşı xatırlayıram.
- Yaradıcılığımın 50-ci ilini burada qeyd etmişdik. Bura 3 mərtəbədən ibarətdir, hər mərtəbə 140 kvadratmetrdir. Yuxarı mərtəbə evimdir, aşağı mərtəbədən ambar kimi istifadə edirəm, əsərlərim və arxivim orada saxlanılır, indi söhbət etdiyimiz yer mənim çalışma emalatxanamdır. Məndən sonra bu bina bütünlüklə 500-cü il vəqfinə aid olacaq. İndi turistlər gəlib buranı gəzirlər.

- Türkiyənin önəmli rəssamları ilə yaxın münasibətlərinizin olduğunu bilirəm. Onlardan biri də 1898-ci ildə Naxçıvanda anadan olub 1918-ci ildə İstanbula gəlmiş, 1983-cü ilin mayında burada vəfat etmiş İbrahim Safi olub.

- İbrahim Safi məşhur rəssamın yanında işləyib. O rəssamın adı nə idi, Timur? (Tanınmış rəssam Timur Taştəkindən soruşur). Bir çox binanın içində divarlara şəkillər çəkdilər. Safinin ustası olub.

- Naci Kalmıkoğlumu?
- Kalmıkoğlu. Onunla çox çalışdılar. Eşitdiyimə görə, Kalmıkoğlu intihar etmişdi. Mən uzun illər yəhudi icmasının hüquq işlərini apardım. İbrahim Safi mənə zəng edərdi ki, Həbib bəy, naharda səni gözləyirəm, 1 çörək al, gəl. İbrahim Safi mənə danışırdı ki, Naci Kalmıkoğlunun yanında yetişib. Son sərgisini Odakulenin aşağı mərtəbəsində açdı, açılışda orda idi ,sonra xəstələndi, Nişantaşındakı xəstəxanada yatırdı, ona baş çəkəndə dedi ki, İnşallah, yaxşı olacağam. Ancaq rəhmətə getdi. Öləndən sonra xanımı Zaxaro mənə zəng edib dedi ki, cənab Həbib, İbrahimin bəzi tablolarında imza yoxdur. Safinin ömrünün son illərində əlləri titrədiyinə görə, tablolarına mən imza qoyardım, öləndən sonra təxminən 20 imzasız tablosunu da mən imzaladım. Eşkenaz icmasının olduğu yerdə bir qalareya vardı. Bir nəfər mənim yanıma gəlib dedi ki, məndə İbrahim Safinin 30-40 ədəd kiçik ölçüdə əsəri var, səninlə Safinin birgə sərginizi açaq. İbrahim Safi və Həbib Gərəz sərgisi açdıq. Qəzetlərdə xəbərlər də çıxmışdı. Bax, orada 40 cild var, onların yarısı fotodur, 15 mindən çox foto var. 20 cildə isə açdığım sərgilərə dair mətbuatdakı materialları qoymuşam, CD-lər, kasetlər var. 66 ildə gördüyüm işlərin hamısını o cildlərdə toplamışam.

- Daha hansı Türk rəssamları ilə yaxın münasibətləriniz olub?
- Şərəf Akdik, akademiyadan Bədri Rəhmi Eyyuboğlu. Onların çoxu Parisə təhsil almağa gedib, sonra buraya qayıdıblar. Ayətullah Sümer, Aliyə Berger, o daha çox qravüra işləyirdi, evinə gedərdim. Mahmud Cüdanın evi yaxında idi. Səlim Turanı da tanıyırdım, məndə 1 tablosu var. Hikmət Onatı da yaxından tanıyırdım, mən Modern qalereyanın müdiri olanda onlar Safiylə qrup sərgisi açmışdılar. Doğançayı tanıyırdım. İndi 2500 əsərim var,onların hamısı vəqfin ixtiyarındadır.

- İbrahim Safinin də çox tablo çəkdiyini deyirlər.
- Safi çox işləyirdi,günün çoxunu tablo çəkərək keçirirdi.

- Hər gün rəsm çəkməyə davam edirsinizmi?
- Bax, bir az əvvəl işləyirdim (əllərini göstərir),boyanı indi təmizlədim. İndi mən şərhlərə açıq əsərlər çəkirəm.