İsa Cavadoğlu yaradıcılığında təlim-tərbiyə Mədəniyyət

İsa Cavadoğlu yaradıcılığında təlim-tərbiyə

İnsanlar müxtəlif xarakterli olduğu kimi maraq dairələri də rəngarəngdir. Maraqlar da müxtəlif və saysız-hesabsızdır. Əksər insanlar vaxtında seçim edə bilmədiyindən, ya da şəraitdən asılı olaraq öz sevdiyi sənətlə məşğul ola bilmir. Sonra isə bu gec, çox zaman da mümkünsüz olur. Vaxtında sevdiyi sənəti seçə bilənlər isə o sahədə tanınır və sayılıb seçilir.
İsa Cavadoğlu da sevdiyi sənəti vaxtında düzgün seçə bilmiş, ömrünün 62 ilini ona sərf edərək tanınanlar sırasında layiqli yer tutmağa nail olub. O, 86 yaşında da deyir: "Əgər məktəbi yenicə qurtarmış olsaydım, yenə də müəllimlik sənətini seçərdim".
Yaradıcılığını vərəqləyərək:
Orta məktəbdə ona dərs deyən sevimli müəllimlərinin ümumiləşdirilmiş obrazını sözlə rəssam kimi yaradaraq "Müəllimim" şeirini ona müraciətlə belə tamamlayır: (nümunələr "Ya qismət" kilabından-2014, 600 səh. götürülüb).
O vaxtdan bu vaxta zamanlar keçib,
Sən indi hardasan, ey böyük aləm?
Şagirdin sən seçən sənəti seçib,
Sənəti sənin tək sevdirə biləm...
(səh. 184)
Belə ideal arzularla yaşayan şair-pedaqoq çox məsuliyyətli bir yükün altına girdiyini şərəflə, məsuliyyətlə hiss edərək "Mənim işim" şeirində yazır:
Hər sinfə girəndə qoşa ulduz tək,
Neçə göz zillənir üzümə mənim.
Baxışlar məsumdur, şüurlar kövrək,
İnamlar bağlıdır sözümə mənim.

Tək bircə kəlməni dolaşıq desəm.
Gör neçə ürəyə ləkəsi qonar?
Tək bircə anımı hədər keçirsəm.
Gör neçə ömürdə boşluq yaranar?

Hər gün kəlmə-kəlmə qurduğum özül,
Dağılar zamanın sınaqlarında.
Neçə cavan ömür, neçə gənc könül
Məhv olar həyatın ayaqlarında!

Bəli, müəlliməm, şərəfdir işim.
Günəş şüasıyam, sərin mehəm mən!
İnsanlar üçündür könül atəşim,
İnsan taleyinə cavabdehəm mən!
(səh. 28)
İlin 9 ayını bu həvəslə, ruhla yaşayan şair-müəllim 3 ay məktəbin həyətini də solğun, sönük görür, sentyabr ayının birini səbirsizliklə gözləyir. "İlk zəng" şeirində bu sevincli, həyəcanlı hissləri təsvir və tərənnüm edir:
Gəlin dəstə-dəstə atılın, düşün,
Həyat dalğalansın coşğun dəniz tək.
Çalınsın şeypuru elmə yürüşün,
Qaçın siniflərə səslənəndə zəng.

Gəlin, sinfə girim əlimdə jurnal,
Görüm ki, boyunuz qalxıb bir az da.
Xeyli açıq söhbət, xeyli kef-əhval.
Hazırdır kitab da, qələm, kağız da...
(səh. 202)

Bu şərəfli işin öhdəsindən layiqincə gələ bilir. O, yaradıcılığının məhsuldar dövrünü yaşayır. Müəllimlər arasında müsbət mənada əsl rəqabət gedir. Hər kəs tədris etdiyi fənni sevdirməyə çalışır. İsa müəllim təkcə tədris etdiyi Azərbaycan dili və Ədəbiyyatı yox, (o təkcə bununla kifayətlənmir) orta məktəbdə tədris olunan bütün fənlərin öyrənilməsinin vacibliyini təlqin edir.
Təhsil təkcə dərs saatı, sinif otağı ilə məhdudlaşmır. Sinifdən və məktəbdən kənar işlər: dərnəklər, məşğələlər, müxtəlif fənlər, tədbirlər üzrə şagirdlərlə şagirdlərin, siniflərdə siniflərin, məktəblərlə məktəblərin yarışları, özfəaliyyət dərnəyinin hazırladığı tamaşalar, səhnəciklər, oxuyanlar, tanınmış şəxsiyyətlərlə, qəhrəmanlarla görüşlər, müxtəlif yerlərə, müəssisələrə ekskursiyalar... Bunlardan birinə nəzər yetirək: "Dünyaya zirvədən baxın". 1977-ci ildə yuxarı sinif şagirdlərini Göygölə ekskursiyaya aparıblar. Yuxarıdakı adla 18 bəndlik şeirdə bu səyahət təsvir olunur:

Gəlin əzizlərim, arxamca gəlin,
Gəlin Hacıkənddən, Göygöldən
Bala qartallarım, qalxın, yüksəlin.
Bu dəfə Kəpəzi düşərgə seçək!

Ay ana yurdumun, gənc oğlu-qızı,
Bütün gözəlliklər burda görüşüb.
On bir iqlim var ki, onun doqquzu.
Odlar ölkəsinin payına düşüb.
(səh. 186)

Vətəni Yer kürəsinin zirvəsi sayan şair-pedaqoq gənclərə nələri təlqin edir gözəlliklərindən tutmuş Vətənin, millətin adını ucaldan qəhrəmanlarına, dahilərinə qədər insanlar, ağ pənbə buludların üstü ilə uçub Bakıya, Dərbəndə, Təbrizə getməyi, qartaldan qıy, qayadan qürur alıb cəsarətli, qürurlu olmağı, çətinliklərdən qorxmayıb yaşamaq uğrunda mübarizə aparmağı.

Yaşatmaq eşqi var ana dünyada,
Bir baxın aşağı, yaşıl vələslər.
Kök atıb yaşayır yalçın qayada
Onlar da insanı həyata səslər.

Kölgədə, bucaqda qalmamağı, hər işi vaxtında görməyi, elmli, fəhmli, hünərli olmağı, dünyaya zirvədən baxmağı:
Anamız Günəşin hər zərrəsinin
Əlindən yapışın, nur olub axın!
Vətən zirvəsidir Yer kürəsinin.
Dünyaya bu uca zirvədən baxın!

Vaxtında öyrənin, vaxtında duyun.
Eşidin səsini ürəyinizin!
Dünya bir kitabdır açın, oxuyun,
Gələcək sinizdir, əzizim, sizin...
(səh. 187)
Müəllif iştirak etməsə də, növbəti illərdə Göygölə ekskursiyaya gedənlər qəzetdə çap olunmuş "Dünyaya zirvədən baxın" şeirini oxuya-oxuya gedirlər.
"30 il" şeiri 1984-cü ildə ali məktəbi bitirmiş tələbə yoldaşların görüşü münasibətilə onlara müraciətlə yazılmışdır. Həmin görüşdə yoldaşları İsanı alqışlamış və təbrik etmişlər.
Nə qədər ömür var yenə illərin
Zanman zirvəsindən aşaraq, dostlar!
Nağıl deyə-deyə gənc nəsillərin.
Nağıl dünyasında yaşarıq, dostlar!
(səh. 196)
"Son zəng" şeiri məktəbi bilirən məzunların dilindən yazılmış və hər ilin həmin tədbirində səslənməkdə davam edir:
Necə də kövrəkdir son zəngin səsi.
Həzin kaman kimi incə tar kimi.
Son zəng nəğmə deyir - vida nəğməsi
Biz uçub gedirik durnalar kimi!

Açdın üzümüzə geniş aləmi
Sağ ol doğma məktəb, mehriban ocaq!
Sənə and içirik bir övlad kimi
Şan-şöhrət gətirək adına ancaq!
(səh. 188)
"Müəllim adı" şeirində bu adı şərəflə daşıyanlarla fəxr edir, öz adının da o cərgədə çəkilməsi ilə, ən çox onların sırasında onlara dərs deyən digər müəllimlərlə yanaşı özünün də adının olmasından qürur hissi keçirir:
İndi adlı-sanlı şagirdlərim var
Köçüb ruhlarına həvəsim, odum.
Onlara dərs deyən həmkarlarımla
Yanaşı çəkilir manim də adım.

Müəllim-sənətim, həm təxəllüsüm,
Onunla ömürlük yol gedən oldum.
Haqqım yox taledən inciyim, küsüm,
Öyrənə-öyrənə öyrədən oldum.
(səh. 237)
"Vida" şeiri də "İlk zəng"də olduğu kimi uşaqlara müraciətlə yazılmışdır. Lakin bir fərqlə: orada sevinc hissləri coşub çağlayırsa, burada onun antonimi olan hislər göynəyir. Artıq o təqaüdə göndərilir, vidalaşır:
Sizə uğur olsun, əziz balalar
Mən burda dincimi alası oldum.
Karvandan üzüldü qəflə-qatırım.
Səhrada tək-tənha qalası oldum.

Hanı sinfə girib dil-dil ötdüyüm?!
Dünya işlərini təhlil etdiyim.
Nəsihət verdiyim, elm öyrətdiyim.
Ürəyi kövrəlib dolası oldum.

Ömrümü, günümü sizə bağladım.
Sizin eşqinizlə coşub çağladım.
Sizdən ayrılanda, vallah, ağladım,
Daha bir dəfəlik olası oldum.

Qaynar gözləriniz ulduz kimiydi.
Məsum nəfəsiniz yaz nafəsimiydi
Sizin nəfəsiniz nəfəsimiydi,
Köçəri quşların yuvası oldum...
(səh 221)
Son zamanlar hamıya "müəllim" deyə müraciət edilməsi ilə İsa müəllim razılaşmır. Xüsusən camaatın gür yerində, toy məclislərində səs gücləndirici ilə hamıya "müəllim" deyə müraciət etdiklərindən o da tamadaya müraciət edir.

Əzizim tamada, bir azca yavaş,
Bir sözün məclisi hey salır çaş-baş
Hamıya müəllim deyirsən, qardaş,
Kiməsə təklifim gəlsə də ağır,
Sən Allah, hər kəsi adilə çağır!

Dədə Qorqud kimi söz söylə, boy de!
Hər kəsə yaraşan münasib soy de!
Əmi de, dayı de, ağa de, bəy de!
Bu yazıq kəlməni eyləmə yağır,
Sən Allah, hər kəsi adilə çağır!
(səh. 372)

Mövzumuz şair İsa Cavadoğlu yaradıcılığında təlim-tərbiyə məsələləri olduğundan müəllim İsa İsayevin geniş pedaqoji fəaliyyətindən, iyirmi ildən artıq bir müddətdə hər il təkmilləşmə kurslarından keçərək Tovuz rayon müəllimləri qarşısında oxuduğu, bəzilərini mətbuatda çap etdirdiyi mühazirələrdən, yaxından tanıdığı layiqli həmkarları haqqında, digər təlim-tərbiyə mövzularında yazdığı oçerk və məqalələrdən, müəllim və ailə məsələsinə həsr olunmuş dəyərli "Döngə" poemasından söz açmadıq.

Mahmud Əyyub