İncə Dərəsində təsəvvüf və nəqşbəndilik Mədəniyyət

İncə Dərəsində təsəvvüf və nəqşbəndilik

Azərbaycanın qərbində yerləşən Qazax bölgəsinin "İncə Dərəsi" deyilən yerin Aslanbəyli kəndində Nəqşibəndlik təriqəti geniş yayılıb. İncə Dərəsindən başqa Qazağın heç bir kəndində nəqşibəndilik, eləcə də təsəvvüf əhlinə rast gəlinmir. Qazaxda nəqşibəndilik təriqəti Veysəl Qarani soyundan olan Hacı Mahmud Əfəndinin adı ilə bağlıdır. Qazax mahalının ən qədim kəndlərindən biri də Gürcüstan və Ermənistanla həmsərhəd olan və qədim türk tayfalarından sayılan "İncu"ların məskunlaşdığı İncə Dərəsidir. Qədimdə burada İncu-Aslanbəyli, Qamak-Qaymaqlı və Kimer-Kəmərli tayfaları yaşayıb ki, hazırda indiki üç kəndi əhatə edir. Bunlardan ən qədimi "İncu" tayfasıdır, ən böyük kəndi isə Aslanbəylidir. Bu üç kəndin əhalisi etnoxronim kimi "incəli"lər adlanır. İncə Dərəsi özündə zəngin folklor nümunələrini, aşıq yaradıcılığını, poeziyanı qoruyub-yaşadan, ulu bölgənin kəndləri arasında ən unikal bir eldir. Bu elin tanınmış şəxsiyyətləri, ziyalıları, şair-yazıçıları və aşıqları ilə yanaşı, həm də tarixi kökü çox qədimlərə söykənən dini təriqətli yazarları, eləcə də övliyaları və nəqşibəndiləri var. Azərbaycanın müxtəlif rayon və kəndlərində olduğu kimi, Qazax rayonunun Aslanbəyli kəndində də soyu Yəmən tayfalarından - "Beni-Murad"dan gələn Türk əsilli, övliya, filosof Veysəl Qarani soyundan olan nəsillər yaşayır. Veysəl Qarani soyundan gələnlər, əsasən, Qazaxda İncə Dərəsində məskunlaşıblar. 594-doğumlu olan Veysəl Qarani Mərib vilayətində Karen kəndində - indiki Qarani kəndi deyilən yerdə dünyaya göz açıb. 654-cü ildə Siffeyn döyüşündə Əlinin ətrafında döyüşərkən öldürüldüyü söylənilir. Onun qəbri Suriyada Ər-Rəqqə adlı yerdədir. 2014-cü ilin iyun ayının 23-də türbəsi İŞİD tərəfindən bombalanaraq dağıdılıb. Veysəl Qarani soyunun davamçısı Hacı Mahmud Əfəndidir. Hacı Mahmud Əfəndinin soylarından olan Seyidovlar nəsli var ki, bunlar Qazax mahalında nəqşibənidlər, sufi dünyagörüşlü şairlər olub. Onların Qazaxda təsəvvüfün və nəqşibəndiliyin yaranmasında və inkişafında əvəzsiz xidmətləri olub.
Nəqşibəndilik "naxış vuran" demək olmaqla yanaşı həm də "Allahın bəzi adları ilə zikr etmək" deməkdir. Nəqşibəndilik təriqəti əslində insanların nəfsinin əsirinə çevrilməməsi üçün tövbə, zikr, təfəkkür, namazlar, və buna bənzər ibadətlərin edilməsidir. XV əsrdə görünməyə başlayan təriqətin nümayəndələri tezliklə Naxçıvanda, İrəvanda, Urmiyada, Təbrizdə təriqəti təbliğ ediblər və ətraflarına tərəfdaşlar toplamağa başlayıblar. Lakin XVI əsrdən sonra Azərbaycanda təsəvvüf cərəyanı dini-siyasi təzyiqlər nəticəsində zəifləyərək məşhur nümayəndələri məmur və mollaların təhdidlərinə məruz qalaraq Hindistana, Anadoluya, Misir və Türkmənistana köçmək məcburiyyətində qalıblar.
XIX əsrdə Azərbaycanda nəqşibəndilik dirçəlməyə başladıqda İsmayıl Şirvani, Qutqaşınlı Yəhya Əfəndi və Mir Həmzə Nigari kimi məşhurlar təriqətin yayılmasında müstəsna xidmətlər göstəriblər. 30-cu illərin repressiya dövru onlardan da yan ötməyib. Bir çox tanınmışlar repressiya qurbanları olub və demək olar ki, fəaliyyətləri dayandırılıb.
Nəqşibəndilər əsasən iri şəhərlərdə və mənəvi yaxınlıqları olan bölgələrdə təbliğatlar aparıblar. Azərbaycanda nəqşibəndilik Bakı şəhərində, Şəki, Zaqatala, Qəbələ, Ağdaş və Göyçay rayonlarında yayıldığı kimi qərbdə yerləşən Qazax bölgəsinin "İncə Dərəsi" deyilən yerin Aslanbəyli kəndində də yayılıb. Qazaxda nəqşibəndilik təriqəti Veysəl Qarani soyundan olan Hacı Mahmud Əfəndinin adı ilə bağlıdır. 1835-ci ildə Asalanbəylidə anadan olan Veys oğlu Hacı Mahmud Əfəndinin kökü yəmən türkü Veysəl Qaraniyə bağlıdır. Veysəl Qaranı Hacı Mahmud Əfəndinin səcərə köküdür.
Hacı Mahmud Əfəndi 150 il öncə Türkiyədə dini təhsilini başa vurduqdan sonra doğma yurduna qayıdıb, müəyyən müddət Şəkidə təhsilini davam etdirib. Aslanbəyli kəndinə qayıtdıqda elmi biliklərini tədris etmək məqsədiylə hücrə tikdirir. Tez bir zamanda onun ətrafına yaxından və uzaqdan çoxlu tələbələr, yəni müridlər toplaşır. Nəqşbəndiliyin Azərbaycanda geniş yayılmasında Hacı Mahmud Əfəndinin də böyük rolu var. Mir Həmzə Nigari və Ömər Xəlvətidən bəhrələnən Mahmud Əfəndi onları özünə müəllim hesab edib. Hacı Mahmud Əfəndi, Seyid Mir Həmzə Nigarinin seçkin xəlifələrindən olub, sufi təriqətinin nəqşibəndi qolunda 33-cü şeyxdir.
1863-cü ilin rəsmi rus hərbi sənədində Tiflis quberniyasının müridləri arasında incəli Mahmud Əfəndinin adı da yazılır. Amasya-Azərbaycan mədəniyyətləri arasında Hacı Mahmud Əfəndidən də qabaq İncə Dərəsindən Amasiyaya getmiş elm insanları olub. Mahmud Əfəndi Şeyx Şamillə sıx dost olub, səbəbi isə 1782-1853-cü illərdə hər ikisinin Mövlana İsmayıl Səracəddin Əfəndinin müridi olmalarıdır. Hər iki mürid nəqşibəndilik təriqətinin "Xalidi" qolunun yayıcısı olublar. Hacı Mahmud Əfəndi sayılıb-seçilən mürşidlərdən olub, çox sayda müridlər yetişdirib. Dədə Ömər Rövşəni, Pir Şükür Ənsarı, Əlaəddin Rumi və Həbib Qaramanlı Hacı Mahmud Əfəndidən təsirlənib, müridlər olublar.
Hacı Mahmud Əfəndi Azərbaycanda olduğu kimi Amasiyada da sayılıb-seçilən, dini dərindən bilən övliya kimi qəbul edilib. Hacı Mahmud Əfəndinin Azərbaycandan, xüsusən qazaxlı ağa və bəylərdən topladığı pullarla Amasiyada Azərbaycan türklərinə məxsus "Şirvanlılar Camisi" Həmzə Nigarinin oğlu Mir Hasan Əfəndinin nəzarətiylə inşa edilib. Bundan əlavə Amasiya şəhərində ustadı-mürşidi Seyyid Nigarinin qəbri üstündə böyük bir məscid tikdirib.
Mahmud Əfəndiyə ölümündən bir az əvvəl rus məmurları tərəfindən yenidən Osmanlı dövlətinə köçmək tövsiyə olunsa da o, Aslanbəylidən köçməyib, orada da dəfn edilib. Müridlərinin vəsaiti və köməkliyi ilə qəbri üzərində türbə ucadılıb. Türbənin içərisində iki qəbir var. İkinci qəbir kəndə gəlmə olan Seyid Yasin adlı bir sufiyə məxsusdur. Hacı Mahmud Əfəndi Seyid Yasinə hörmətlə yanaşıb. Hacı Mahmud Əfəndinin nəslindən olan tanınmış soylardan biri Aslanbəyli kəndinə məxsus Şeyx nəsli olan Seyidovlar nəslinin özünün də iki qolu var. Molla Seyid törəmələri Azərbaycanda yaşayırlar və Molla seyidlilər kimi ziyalıları və müxtəlif sahələrdə nüfuzlu nümayəndələri ilə tanınırlar. Hacı Mahmud Əfəndi törəmələri isə əksəriyyəti Türkiyədə Amasiyada Amasya şəhərində, az qismi isə Azərbaycanda yaşayır.
Qazaxda məşhur olan sufi şairlərdən Mir Həmzə Nigari ilə görüşmüş Hacı Rəhim Ağa Dilbazov, Hacı Sədi Əfəndi, Kazım Ağa Salik, Veysəl Əfəndi, Şahnigar xanım Rəncur, Seyid Yasin Əfəndi, Veyis Əfəndi, Məhəmməd Əfəndinin adını çəkmək olar. Sufi dünyagörüşlü şairlərdən biri Kazım Ağa Salikdir. Kazım ağa Şıxı oğlu 1781-ci ildə Şıxlı kəndində anadan olub. İbtidai təhsilini molla yanında alıb, sonra mədrəsədə Şərq dilləri, ilahiyyat və fəlsəfə elminə yiyələnib. Firudun Bəy Köçərli yazır: "Molla Pənah Vaqifdən sonra mərhum Kazım ağa Salik nəinki vahid Qazax mahalında bəlkə tamami Zaqafqaziyada zühür edən şüəranın müqtədirlərindən birisi hesab olunur". Kazım ağa Salikin şeirləri qəlboxşayandır.
Günümüzə qədər yaradıcılığı öz aktuallığını qorumaqda olan Şahnigar xanım Kazımağa qızı sufi şairdır. Rəncur təxəllüsü götürsə də Qazaxda "Mollaxanım" ləqəbi ilə tanınıb. Təhsilini və təlimini qardaşı Hacı Məhəmməd ağadan alan Mollaxanım klassik üslubda və janrda - münacat, mərsiyə, qəzəl janrlarında şeirlər yazıb. Nəqşibəndi təriqətinə mənsub olub. Şeirlərinin çoxunu müridi Hacı Mirhəmzə Əfəndiyə, Seyid Nigariyə xitabən yazıb. Öz yazılarında Ağköynək kəndində doğulduğunu yazan Şahnigar xanım 45-50 il yaşayıb. Şahnigar xanım Hacı Mirhəmzə Əfəndinin müridlərindən olub. O, ismətli, həyalı bir qadın olub və vaxtının çoxunu ziyarət və ibadətdə keçirərmiş.
Qazaxda dini təriqətin təsəvvüfün eləcə də nəqşibəndliyin təbliği aşıq yaradıcılığında da öz təsirini göstərib. Aşıq şeirinin qaynaqları müəyyən qədər dinlə bağlıdır. Ancaq bu əlaqə onun bir zümrə ədəbiyyatı olmasını deyil, öncə aşıqların təriqətlərə yaxın olmaları, sufi ocaqlarından çıxmaları ilə izah edilməlidir. Xalq sufizminin XVI əsrdən etibarən bütün türk dünyasında geniş yayılması, Şah İsmayıl Xətai və Pir Sultan Abdal dairəsində yazan, yazdıqlarını saz, çoğur, bağlama kimi musiqi alətlərinin müşayiəti ilə ifa edən və yavaş-yavaş xalqın içinə qarışan aşıqlar öz üzərlərinə yeni sosial funksiya götürərək toylarda, şənliklərdə, məclislərdə çalıb oxumağa başladılar. Sənət qəlbi dərinlik və duyğulаrın əşyаyа təsir еtməsi və əyаniləşməsidir. Hаnsı sаhədə оlursа-оlsun, bütün sənətlər təməldə insаn ruhundаkı düşüncə və duyğulаrın təzаhüründən ibаrətdir. Sənətdə incəlik və zəriflik ruhi dərinliklə bir pаrаlеllik təşkil еdir.
Dini mövzuların, terminlərin, ideyaların, simvolların XX əsr Qazax aşıq ədəbiyyatında az-çox qorunması yenə də Aşıq Ələsgər, Növrəs İman, Aşıq Nəcəf və başqa aşıqların şeirlərinin təsiri ilə olub. Dini təhsil almış bəzi Qazax aşıqlarının rəsmi ideologiyanın aşıqları sovetləşdirməyə məcbur edildiyi bir dövrdə bu ideyaların tənəzzülə uğramasının qarşısının alınmasında xüsusi xidmətləri olduğunu da qeyd etmək lazımdır. Bunlardan Dərya Məhəmməd, Aşıq Avdı, Şair Temraz, Aşıq Bəhrəm və başqalarını göstərmək olar. Ancaq Qazax aşıqlarının demək olar ki, hamısı bu və ya digər dərəcədə dini termin və rəmzlərdən istifadə edib.
Soyu Qazağın İncə Dərəsindən olan məşhurlar: Veys Qarani təqribən 1800 və ya 1805-ci il doğumlu məşhur din xadimi, sufi şeyxidir. Hacı Mahmud Əfəndinin atasıdır. Hacı Mahmud Əfəndi 1835 doğumlu 1896-ci ildə vəfat edib, şeyx, məşhur din xadimi, şair, təsəvvüf alimidir. Molla Seyid təqribən 1835 və ya 1840 doğumlu bir bəydir. İncə Dərəsində elin ən sayılıb-seçilən məşhur din xadimi, Aslanbəyli kəndində dükanı olan ilk tacirdir. Hacı Mahmud Əfəndinin əmisi oğludur. Veys Əfəndi təxminə görə 1865 doğumludur. Türkiyənin savadlı ilahiyyatçı alimidir. Hacı Mahmud Əfəndinin böyük oğludur. Məhəmməd Əfəndi 1871 doğumlu 1961-ci ildə vəfat edib. Türkiyənin tanınmış ilahiyyatçı alimi Amasiyada təsərrüfat sahibidir. Hacı Mahmud Əfəndinin ortancıl oğludur. Əhməd Əfəndi 1875-1982-ci illərdə yaşayıb, İncə Dərəsində və Amasiyada şəhərində məşhur din xadimi olub. Hacı Mahmud Əfəndinin kiçik oğludur. Əhməd Seyidov 1892-1977-ci illərdə yaşayıb, Zaqafqaziyada ilk pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi olub.

İlhamə Qəsəbova
filologiya üzrə fəlsəfə doktoru