HƏSRƏT VƏ MƏHƏBBƏTİN HEYKƏLİ - İVAN BUNİN Mədəniyyət

HƏSRƏT VƏ MƏHƏBBƏTİN HEYKƏLİ - İVAN BUNİN

Lev Qumilyevin "Qədim Rus və Böyük Çöl" əsərində göstərildiyi kimi, "Hələ Mərkəzi Rus dövləti yaranandan çox-çox əvvəl xristianlaşıb, ruslara qaynayıb-qarışan Aksakov, Arakçeyev, Axmatov, Bulqakov, Qodunov, Buxarin, Karamzin, Turgenyev, Yusupov, Ermolov, Koçubey, Saltıkov, Raxmaninov, Korsakov, Suvorov, Timaşev, Uşakov, İişkov, Miçurin Kurakin... kimi saysız türk ailələri içərisində Buninlər də var idi. Buninlər bir çox məşhur Qızıl Orda ailələri kimi 1312-ci ildə hakimiyyətə gəlmiş Sultan Məhəmməd Özbək xanla yola getməyib, rusa pənah gətirmişdilər. Var-dövlət hərisliyinə görə Kalita "pul kisəsi" ləqəbi daşıyan Böyük Moskva knyazı İvan Kalitadan (kalita türk dillərində "qayışdan, kəmərdən asılı pul kisəsi, çanta, torba" deməkdir. Dilimizdə "xalta" (enli qayış) şəklində yaşayır) inayət görərək Ryazan vilayətində öz mülk torpaqlarında yaşayırdılar. Bu ailənin törəmələrindən olan məşhur rus yazıçısı Nobel mükafatçısı İvan Buninin anası da türk əsilli nəsillərdəndir. Anasının qızlıq familiyası Çubarova idi. Radlov lüğətində çubar sözünün "xallı, çopur" mənası daşıdığı qeyd olunur. Müasir tatar dilində də çubar rənginə görə at cinsi adlarındandır. Rus dilindəki qədim türk sözlərindən olan çubarıy sözü də buradan keçmişdir. Gənc Bunin Oryolda ilk müxbirliyi zamanı oçerklərini Çubarov imzalayırdı.
Bunin ömrü boyu öz familiyası ilə öyünmüş, hər zaman böyük rus şairi Jukovskinin qohumu olduğunu qürurla qeyd etmiş və heç zaman da onun anasının əsir türk qızı Səlihə olduğunu deməyi unutmamışdı. Xasiyyətcə darqursaq, öcəşkən İvan Buninin yaradıcılığında isə qələm sahibinin sərtliyi və qabalığı elə sığallanır, hamarlanırdı ki, nəhayət, əriyib gedirdi. Yerində isə o ecazkar qələmin bəxş etdiyi nəşə qalırdı, sehrli səslərin, rənglərin, günəşin, yağışın, küləklərin, qarın... kədərlə hopduğu elə kədərli də təbiət - eyni qələmlə çəkilmiş, adi gözlərin görüb duya bilmədiyi gözəlliklər, daha doğrusu, məhəbbət üzə çıxırdı və yaddaşlara keçirdi. Bu məhəbbət günəş istisi kimi vurub qarsır, yandırıb qovurur, ağlagəlməz dəliliklər, üsyanlar qoparır, dünyanı yerindən oynadan vulkan oduna çevrilə bilirdi. Həmin məhəbbət bu gün də heyrət oyadır...
Özü çəlimsiz, arğaz oğlan idi. Elə beləcə də şümal, yeniyetmə görkəmində ömrünün səkkizinci onilliyinə adlamışdı. Bu uzun çəkən gənclik, qəlb təravəti onu məhəbbətdən uzaq düşməyə qoymadı. Onu həmişə məhəbbət macəralarının, romanların mərkəzində saxladı. O, 60 yaşını keçhakeçdə dostlarına qadına olan ilahi duyğularının daha da yüksəldiyini etiraf edirdi. Elə bil məhz bu hisslər özü onun qəlbinə gözəllik və mərhəmət axıdırdı. Ömrünün qürubunda Banu ilə tanış olmuşdu. Onları general Loxvitskinin qızı Teffi təxəllüslü mühacir yazıçı tanış etmişdi, tərcüməçi kimi.
Banunu Paris parisli edə bilməzdi. Özü istəsə də. O, şərqli qızı idi. Bakıdan getmişdi. Gözəl idi, amma daha çox ekzotik, effektli şərqli görünüşdə. Cazibəsi artıq idi. Model işləmişdi. İndi isə yazmağa ehtiyac duymuşdu. Yaşı qırxı keçirdi, içində özündən xəbərsiz doğulub böyüyən nisgil ona Bakı xiffətini yedirirdi. Axı Bunin belə qızı ömrü boyu gəzmişdi də, gözləmişdi də. Əsərlərində təsvir etdiyi türkanə gözəlliklərə aludəliklə gör neçə illərmiş bu qızdakı qaşı-gözü çəkirmiş.
Bilə-bilə bu gözlərə füsunkarlığı, dodaqlara gül təbəssümü, qəlbə coşğun şərq ehtirasını doldururmuş. Rus ədəbiyyatında ən gözəl qadın portretləri yaratmışdı. Bütün əsərlərində qəhrəman qadındır; hamısı da bir nəfər kimi İərq qadınıdır, görkəmi ilə də, xarakteri ilə də. Bu qadınlar o qədər möhtəşəm və ali idi ki, nə qədər mükəmməl yaradılsa belə kişi obrazları bu surətlərə fon kimi xidmət edirdi. Fövqəladə gözəllərin - gözəlliklərin təsvirində epitetləri də türkləşirdi - "türk kimi gözəl, türksayağı qəşəng", "Şamaxı şahzadəsi" və s.
Bu qadınlardakı məhəbbətə, eşqə, divanə sevgilərə - öz yaratdığına vəcdlə vurulurdu. Bu görüş ərəfəsində yenicə yazdığı "Təmiz bazar ertəsi" əsərindəki qızı - əsərin qəhrəmanı ilə yanaşı, oxucunu da başdan edən o qaragözlü qızı - indi Banu adında tapmışdı. O qızı ki, Bunin Moskvanın qarlı küçələrinə, qapı-pəncərələrini buz örtmüş evlərinə, kirşələrinə, kəsif qoxulu restoranlarına yaraşdıra bilmir. Gözləri önündə bu qızın şahanə gözəlliyi dursa da, xəyal isə Astarxan... İran ...Hindistan... deyə-deyə buralardan uzaqlaşır; baharın-günəşin heç vaxt tərk etmədiyi, gecəsi gündüzündən yaraşıqlı, ətirli, isti İərqə uçurdu.
Cazibəsinə qul olduğu bu İərqli qızı nə boz, tutqun göylərə, nə də qarlı səhralara yaraşdıra bilirdi. Maksim Qorki Buninin Şərq sevgisini öz böyüklüyündə yaxşı duya bilmiş, bu sevgini Buninin "irsi sevgisi" adlandırmışdı. Şərqə vurğun idi! Şərqi adətlərə, xarakterlərə aludə idi. Xeyli qabaq vəsiyyətini etmişdi: - Öləndə üzüaçıq yox, üzübağlı, hörmətlə dəfn olunmaq. Dostluqda möhkəm, etibarlı idi, sözünün də ağası idi. Dostları ilə təpədən-dırnağacan bitkin, bütöv, səmimi idi. Odur ki, ayrıca Bunin-Çexov, Bunin-Qorki, Bunin-Kuprin, Bunin-Şalyapin... deyə əhdi-vəfadan söz açmaq olar.
Qardaşlarını, xüsusən böyük qardaşım lap şərqli ehtişamı ilə sevirdi. Ona elə bağlı idi ki, bu məhəbbət adamın yadına İərq nağıllarını salır. Bu qardaş aclıq çəkən Rusiyada qalıb acından öləndə bu xəbər Parisdə Buninə çatanda o elə kədərlənmişdi ki, yaxınları onun sağlığı üçün qorxuya düşmüşdü. Qadınlara necə iltifatlı, necə vurğun idi! Təsadüfi yol əyləncəsinin səbəbkarı bir dəfə gördüyü bir qadını da, ömrünü verdiyi qadını da bir tuturdu; xatirələrinə eyni ehtiram, eyni sayqı. Atəşin duyğuların ortağı olan ilk qadın bir ömürlük ayrılıqdan sonra yuxusuna girirdi və onda könül təbəddülatları yarada bilirdi.
Gündəlikdən xəsis - lakin içindən yanan, döyünən duyğularını köpürən cümlələr xariqüladə hekayələrə keçirdi. Bu qadınların nə əlinin tumarını, nə dəli öpüşlərini unudurdu; paltarlarının lap xəlvəti qırçınlarından tutmuş gün yandırmış boynunun qıdıqlayıcı ləzzəti də yadında qalmışdı. Əsil şərqli kimi sevirdi. Şərqli kimi qısqanırdı. Bu qısqanclıqlar içində neçə dəfə ölümə yaxın gəlmişdi. Bu hisslər, sarsıntılar, zəlzələlər yazıya köçürülür, gözəl, parlaq, zəngin, ilahi qadın portreti doğururdu. Bunin qadını mələk qədər ecazkar nəqş edirdi. Heç dünya özü, həyat belə nə qadın qədər, nə eşq qədər şirin deyildi. Bunin İərqli kimi də əzab çəkirdi; nəşəsiz, əsəbi, dərdli gəzirdi günlərlə; ürəyində isə məhəbbəti daldaladır, ildən illərə keçirirdi. On üç dəfə İstanbulda olmuşdu! Bu şəhərə də vurulmuşdu, onun tarixinə də - taleyinə də. Hələ ilk gəlişindən ondan qırsaqqız olub yapışan yunan keşişciyəzi onu naqqallığı ilə bezdirsə də yazıçı vəcdlə İstanbul mənzərəsinə baxır, ayağını torpağa basan kimi ağlar səslə onu "Vizantiya yadigarları" deyə naftalinli "tarixlərə" çəkmək istəyən bu həyasız yunandan yaxasını qurtarır. Bunini ölü Vizantiya xatirələri yox, islamın bu torpaqlardakı nailiyyətləri, yaratdığı bərəkətli, köklü mədəniyyəti cəzb edirdi. Hətta məşhur Aya-Sofiyanın sonradan islam abidəsinə çevrilməsindən sevinc duyur; İslam mədəniyyəti, türk incəsənətinə xüsusi aludəlik göstərir, İstanbulu bir islam şəhəri kimi təqdir edir; ayağını pak suların yuduğu inzibati binadan çox, yazıçıya füsunkar cənnət guşəsi kimi görünən sultanlar sarayını vəsf edir. Nə olsun, ulu babaları Özbək xandan qatı müsəlman qaydaları tətbiq etdiyinə görə qaçıb uzaqlaşmışdılar.
Arvadı, daha doğrusu, keşməkeşli həyatının ortağı, könül dostu Vera Muromtseva bunları sezirdi, bunu təbii hal sayırdı. Bunini türk tarixi maraqlandırır, coşdurur, vəcdə gətirirdi. Gəmi İstanbula yaxınlaşdıqca gözlərindən sevgi, riqqət yaşları axıdırdı. Bu şəhəri on üç dəfə görsə də. Sonradan kef-işrət oylağına çevrilən İstanbulu dövrələyən bu dənizlər nə qədər davalar görmüş, köksündə Vətəni qoruyan hərb qalalarını qürurla saxlamış, bu sulara nə qədər şəhid qanı tökülmüş. Bunin bu qanlı tarixə sevgi və hörmətlə baxa bilir. Bu dənizin sularında əks-sədasını saxlayan türk bağrından qopan fəryadları eşidə bilir.
Göz yaşları ilə oxuduğum - oxuduğumuz əsərlər var! Buninin "Fəryad" hekayəsi var. Rus anası yüz ildən bir, bəlkə min ildən bir Bunin kimi yazıçı doğa bilər. Hekayəni oxuduqda bu qəlbə, bu ədalətə heyran qalırsan. Bu gün rus ziyalıları arasında Bunin kimi yazıçının olmadığına yana-yana təəssüf edirsən. Bu əsərdə qismətə, taleyə inanıb boyun əyən bədbəxt atanın oğul dərdi, itirdiyi əzizlərinə, dağılmış yuvasına olan məzlum sevgisi bu saf, sadə həyat tərzindən çox-çox uzaq olan rus yazıçısını riqqətə gətirir. Gəmidəki laqeyd, yekəxana, sərxoş rus soldatlarını "it" adlandırır, bu bədbəxt türkə rəğbət və məhəbbətlə yanaşır, onu özünün qəm ortağı zənn edir. Hekayədəki türkün qanlı hərbdə itirdiyi oğlunun adı Yusifdir. Bunin bunu da bilir, oğul dərdi ilə gecə-gündüz iztirab çəkən Yaqubu da, ümumbəşəri etiqadda kök salan əzəli insan faciəsinin ortaqlığını da. Ömründə çox səyahətlər etmiş yazıçı bu aciz kişinin öz dərdini rus əsgərlərinə bir şərq istiqanlılığı və açıqürəkliliyi ilə necə nağıl etdiyini, əsgərlərinsə onu dolayıb ələ saldığını gördükdə iki əxlaq, iki zidd olan (müqayisə bu tərəflərdən birinin xeyrinə olmasa da) qüvvə görür.
...Bunin şedevrlərini Rusiyadan uzaqlarda yaratdı. Sənətkar ömrü qürbətdə keçirdi. Odur ki, qəhrəmanlarının da çox vaxt təsviri bu ayrılıqqabağı pərişan, nigaran günlərdən başlayır. Onun "Payız" əsərinin qəhrəmanı da çox kədərlidir. Yayda başlayan müharibə payıza girib. O nişanlısı ilə vidalaşmağa gəlib. Bu kədər adi səfərbərlik kədəri deyil. Hamı kədərlidir, çünki qarşısıalınmaz talanlar, məhrumiyyətlər əvvəlcədən duyulur. Rusiyanın az-çox dinclik gördüyü son günləri idi. 14-ün payızı... qırğın gəlir, qarşıda bu bir çovumuş güllə, aclıq, didərginlik - itkinlik ola bilərdi; qarşıdan açıq cəbhələr, soyuq səngərlər, müharibələr gəlirdi.
...Dünya varından Buninin bir güclü radioqəbuledicisi vardı. Vətəndən gələn hər bir səsə, xəbərə qulaq asırdı. Mühacirəti yarıda kəsib dönən A.Tolstoyun da, şahlıq zirvəsinə yüksələn Qorkinin də qalib səsini bir az nifrətlə, bir az həsədlə, bir az da sevgiylə dinləyəcəkdi. Qədim rus şəhərlərinin yeni sovet adına öyrəşə bilməyəcəkdi, amma ətrini duyacaqdı. Uzun ömür yaşayacaqdı. Onu kədər yaşadırdı. Bu kədər özü ölmək istəmirdi. Acıqdan ölmürdü. Onu - Vətənə ən çox gərək olanı, Vətəni ana deyib - ata deyib sevəni Vətəni qoyub qaçmağa məcbur etmişdilər. Kədər yaşayırdı, acığından onu da yaşadırdı...

Minaxanım Təkləli
professor