Daşkənddə Azərbaycanlı alimlə görüş keçirilib Mədəniyyət

Daşkənddə Azərbaycanlı alimlə görüş keçirilib

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Bakı Dövlət Universiteti türkologiya kafedrasının müdiri, professor Ramiz Əskərlə görüş keçirilib. Tədbirdə Əlişir Nəvai adına Özbəkistan Dil və Ədəbiyyat Universitetinin (ÖDƏU) və Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin (DDPU) türkoloq alimləri, ədəbiyyatçılar, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri iştirak ediblər.
Səfirliyimizin birinci katibi, AMM-in direktoru Samir Abbasov R.Əskərin türkoloq alim kimi yaradıcılığı haqqında məlumat verib, onu özbək ədəbiyyatı ilə bağlı ardıcıl tədqiqat aparan bir alim kimi təqdim edib. O vurğulayıb ki, Ramiz Əskər indiyədək özbək ədəbiyyatı ilə bağlı 13 kitab, 98 məqalə yazıb. S.Abbasov deyib ki, alim "XX əsr özbək şeiri antologiyası", Zəhirəddin Məhəmməd Baburun "Seçilmiş əsərlər" və "Baburnamə", Sultan Hüseyn Bayqaranın "Divan", Yusif Balasaqunlunun "Qutadqu- bilik" və digər kitablarını Azərbaycan dilinə tərcümə edib. Bu və digər kitablar populyarlıq qazanıb və alim bu sahədə fəaliyyətini davam etdirməkdədir.
"Özbəkistan-Azərbaycan" Dostluq Cəmiyyətinin icraçı katibi, DDPU-nun professoru Erkin Nuriddinov qeyd edib ki, Ramiz Əskər kimi alimlər ədəbiyyatımızı tədqiq etməklə yanaşı, xalqlarımızı daha da yaxınlaşdırır, beləliklə də dostluq və qardaşlıq ənənələrimiz davam edir. Çıxış edənlər Azərbaycan və özbək ədiblərinin dostluğundan söhbət açıblar və belə görüşlərin səmərəli olduğunu vurğulayıblar. Ramiz Əskər bu sahədəki fəaliyyəti haqqında danışıb, təşkilatçılara öz minnətdarlığını bildirib, özbək ədəbiyyatına dair yazdığı kitabların bir neçəsini DDPU-ya təqdim edib. Sonra Samir Abbasov Azərbaycanla Özbəkistan arasında ədəbi əlaqələrin inkişafında müstəsna xidmətlərinə, türkdilli xalqlarının ortaq tarixi və ədəbiyyatını fəal təbliğ etdiyinə görə alimə AMM-in fəxri diplomunu təqdim edib. Sonra Azərbaycan-Özbəkistan dostluğuna dair film nümayiş etdirilib.