“Artım” layihə məkanında növbəti sərgi - “Neuroimaging” Mədəniyyət

“Artım” layihə məkanında növbəti sərgi - “Neuroimaging”

Mayın 17-də "YARAT" Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə "Artım" layihə məkanında 10 gənc rəssamın "Neuroimaging" (Neyrovizuallaşdırma) adlı sərgisi açılacaq.
Sərgi çərçivəsində "Artım Lab" proqramının iştirakçıları üçün neyrobioloq Nuranə Kazımova tərəfindən keçirilmiş seminarın yaradıcılıq nəticələri təqdim ediləcək. Sərgidə gənc rəssamların, insan beyninin möhtəşəm xüsusiyyətlərini araşdıran əsərləri nümayiş olunacaq.
Neyrovizuallaşdırma – faktiki olaraq, insanın sinir sisteminin quruluşunu və funksiyasını əks etdirmək üçün, alimlər tərəfindən beynin şəkillərinin çəkilməsi prosesini təsvir edir. Belə ki, sərgidə gənc rəssamlar beyni elmi deyil, yaradıcı prizmasından əks etdirməyə çalışırlar.
İnsan beyni, bizə məlum olan bəşəriyyətdə ən mürəkkəb "qurğu" kimi nəzərdən keçirilir. Beyində olan milyardlarla neyronlar, trilyonlarla sinapslar vasitəsilə bir-biri ilə əlaqə qurur. Beyin və orqanizmin yerdə qalan hissəsi ilə qurulan bağlantı, unikal əhəmiyyətə malik sinir sistemi vasitəsilə təmin edilir. Hər hansı insanı fundamental şəkildə dəyişmədən, onun oynaqlarını, böyrəklərini, hətta ürəyini belə dəyişmək, ya da ondan "yan keçmək" mümkündür. Lakin sinir sisteminin fəaliyyəti dayananda, insanın həyatı, mövcudluğu da dayanır.
Neyrobiologiya elminin tarixi inkişaf mərhələləri bir çox nəsillərin nümayəndələri tərəfindən müəyyən edilsə də, beyin və davranışın elmi araşdırılması nisbətən yenidir və son otuz il ərzində aşkar və fərqli fənn kimi meydana çıxaraq, müasir biologiyanın sürətlə inkişaf edən sahələrindən birinə çevrilir. Neyrobiologiya – çoxşaxəli elmdir və onun verdiyi töhfələr biokimya, molekulyar biologiya, sitologiya, genetika, nevrologiya, fiziologiya, anatomiya, psixologiya və kliniki tibb kimi bir çox sahələri əhatə edir.