Əski türk qəhrəmanlıq eposlarının Çin mənbələrindəki qalıqları Mədəniyyət

Əski türk qəhrəmanlıq eposlarının Çin mənbələrindəki qalıqları

Əski türk qəhrəmanlıq eposlarının qalıqları köklə, ilkin qaynaqlarla bağlandığı üçün bu günə qədər yaradılan mənəvi mədəniyyət abidələinin hər birinin mayasına, canına hopub. O səbəbdən də hər bir ədəbiyyatşünas öz fəaliyyətinə ən azı onlarla tanışlıqla başlamalıdır. Bu, bir sıra qaranlıq, gizli qalan məqamların aydınlaşmasına yardım edə bilər. Həmin epos qalıqlarının bəzilərini nəzərdən keçirək.

Tukyu

Çinlilərin dediklərinə görə, Tukyuların ataları Qərbdə Günbatan dənizinin (batı) sahillərində otururdular. Qonşu hökmdarlar bir-birinin yurduna tez-tez basqınlar edir, qadın, kişi, uşaq və önlərinə gələnləri qılıncdan keçirirdilər. Bir tayfadan ancaq on yaşında oğlan uşağı can qurtara bilir. Bu da əlləri, ayaqları kəsilmiş halda bir bataqlığa atılır. Uşaq orada aclıqdan, yaralarından axan çoxlu qandan ölmək üzrə idi. Bir dişi qurd gəlir, ona bir parça ət gətirir. Qurd hər gün uşağı beləcə bəsləyir. Onun yaraları yavaş-yavaş sağalır. Bir az böyüyüb cana gələndən sonra qurd bu oğlandan hamilə qalır.
Bir müddət keçir, atalarını öldürən hökmdar tukyulardan bir uşağın sağ qaldığı xəbərini alır. Onu öldürmək üçün axtartdırır. Yerini öyrənən hökmdar bir əsgəri qətl tapşırığı ilə ora göndərir. Bu adam bataqlığa çatdığı zaman uşağın yanında bir qurd görüb özünü itirir. Sonra ikisini də qılıncdan keçirmək istəyir. Lakin bir tanrı zavallıları qoruyur. Qurd uşağı belinə alıb Günbatan dənizinin gündoğan tərəfinə keçirir. Kao-Cang yaxınlığındakı dağlarda yerləşən mağaraya götürür. Mağaranın arxasında bərəkətli bir ovalıq vardı. Ovalığın hər tərəfi yalçın qayalarla örtülmüşdü. Qurd burada həmin dəliqanlıdan on cocuq doğur. Bunlardan biri ailə adını verən Asina/Aşina çağırılır.
Uşaqlar böyüyüb mağaradan çıxır, kənardakı oymaqlardan hərəsi bir qız qaçırıb evlənirlər. Bir neçə nəsil gəlib keçir. Onlar xeyli çoxalırlar, mağaraya sığmırlar. İçərilərində A-Hien-Se (Ağ hun) adlı birisi başçı olur və tayfa üzvlərinə mağaranı tərk etməyi məsləhət görür. Onlar Kin-Şan (Tyan-Şan) dağlarına gedərək səfalı bir yerdə məskən salırlar. Qonşuluqdakı Cu-Gen tatarlarından qız verib alırlar. O dağların təpələrindən biri takya şəklində olduğundan onlar da özlərinə Tu-Kuy (Tukyu) adı verirlər. Əsillərini göstərmək məqsədilə bayraqlarının üstündə bir qurd başı çəkirlər.

Doqquz oğuz, on uyğur

Deyirlər, Doqquzoğuzların babaları hakim idi. Onun tanrılara layiq iki gözəl qızı vardı. Hökmdar qızlarını insanlardan uzaq saxlamaq üçün bir kilə düzəltdirir. Onları kilənin içinə qoyub tanrını çağırır. Tanrı Boz Qurd şəklində gəlir və qızlarla evlənir. Tanrının bu qızlardan Doqquz Oğuzla On Uyğur övladı dünyaya gəlir. Bunlar zamanla yaşa dolub qop-qoca kişi olurlar. Həmin Doqquzlardan törəyənlər Kumlanco adını daşıyan ölkədə məskən salırlar. Orada Halın adlı bir dağ vardı. Dağdan Tugla və Şelenka adında iki çay (irmaq) axırdı. Bu çayların arasında da iki ağac vardı. Bu ağacların biri Qayın, o biri də Çan (Sin//çinar) idi. Bir gecə həmin ağacların üzərinə göydən nur enir. Günlər geçincə ağaclardan birinin qarnı şişir. Doqquz ay on gün sonra ağacın qarnında bir qapı açılır. İçəridə ağızlarında əmziklər olan beş cocuq görünür.
Uşaqlar doğulmamışdan qabaq həmin ağacların ətrafında gümüşdən bir dairə yaranmışdı. Ağaclardan isə həmişə həzin musiqi səsləri eşidilirdi. Doqquzoğuzlardan törəyən türklər bu cocuqları böyüdürlər, adlarını Sunqur Təkin, Qutur Təkin, Tukak Təkin, Or (Ər) Təkin, Buqu Təkin qoyurlar. On beş yaşına çatanda oğlanlar ata və analarını soraqlayırlar. Xalq onları iki ağacın yanına gətirib:
- Baxın, biri atanız, o biri ananızdır, - deyir.
Cocuqlar həmin ağaclara qayğı göstərirlər. "Sevgili atamız və anamız" - deyə onlara sarılırlar. O zaman ağaclar da dilə gəlib övladları haqqında xeyir-dua söyləyirlər. Nəhayət, bir gün xalq toplanıb Buqu Təkini xaqan seçir. Ona görə ki, Buqu Təkin həm zəkalıydı, həm də hər boyun dilini, obaların adət-ənənələrini bilirdi. Onun üç qardaşı vardı ki, hər yerdə olub-bitəni xəbər verirdi.
Bir gecə Buqu Təkin yuxuda əyninə ağappaq libas geymiş, bir əlində bəyaz bir əsa tutmuş ağsaqqal bir adam görür. Həmin adam o biri əlindəki fıstıq şəkilli daşı (Yeşim Daşı - Yesim Tasi) göstərib deyir:
- Türklər bunu əllərində tutduqca dörd bucağa hakim olacaqlar.

Buqu Təkin və Göy qızı

Bir gecə Buqu Təkin otağında yuxulamağa hazırlaşarkən birdən-birə pəncərənin açıldığını, içəriyə göydən gözəl bir qızın girdiyini gördü. Buqu Təkin nə baş verdiyini anlamadığından gözlərini qapayıb yuxuda olduğunu zənn etdi. Qız Buqu Təkini ayıltmaq üçün çox çalışdı, lakin heç cürə oyada bilmədi. Ümidini kəsib gəldiyi kimi pəncərədən çıxdı, getdi.
Ertəsi gecə qız yenə gəldi. Buqu Təkin özünü yenə yatmış kimi göstərdi. Qız bu dəfə də onu oyatmağı bacarmadan getdi.
Sabah olunca, Buqu Təkin qızın təkrar gələcəyini düşündü. Vəzirini çağırıb hər şeyi danışdı ki, bir çarə qılsın. Vəzir dedi:
- Burda qorxacaq bir şey yoxdur. Əksinə, bəlkə də hamımızın sevinəcəyi xeyirli bir iş var. Hər halda bu qızın gəlişi sizə xoş bilgiləri öyrətmək üçündür. Bu gecə gəlsə, artıq özünüzü yuxuda göstərməyin. O vaxt nə səbəbə gəldiyini anlayarsınız.
Üçüncü gecə qız yenə gəldi. Amma bu dəfə Buqu Təkin onu gülərüzlə qarşıladı, sayğı göstərdi. Qız vəzirin təxmin etdiyi kimi xeyir iş üçün göndərilmişdi. Həqiqətən bir tanrıça və göydən gələn bir qız idi. Məqsədi Buqu Təkinə yeni bir din göstərmək idi.
Buqu Təkinə:
- Arxamca gəl, - dedi.
Buqu Təkin qızı təqib etdi. Getdilər. Nəhayət, Ağ dağa (Ak Dag) çatdılar. Buqu Təkinə yeni dinin gizli tərəflərini anlatmağa başladı.
Bundan sonra qız hər gecə otağa gəlib Buqu Təkini Ağ Dağa götürdü. Bu durum bir neçə gecə davam etdi. Buqu Təkin yeni dinin əsaslarını və sirlərini öyrəndi.
Bir gecə artıq görüşlərinin sonu idi. Qız vidalaşarkən:
- Göydə, yerdə nə varsa, hamısını öyrəndiniz. Mən artıq gəlməyəcəyəm. Sabahdan etibarən dünyanın dörd bucağını fəthə başlayın. Göstərdiyim yolda adələtli olun. Sizə öyrətdiyim gerçəkləri hər tərəfə yayın, -dedi.
Sabah olunca, Buqu Təkin qardaşlarını çağırdı. Hər birini bir orduya başçı təyin etdi, onları dörd bucağın fəthinə yolladı. Özü də böyük bir ordu ilə Çin üzərinə hücuma keçdi. Hamısı da səfərlərində böyük uğur qazandılar.

KÖÇ

Buqu Təkindən otuz nəsil sonra onun torunlarından Yulun Təkin taxta çıxdı. O zaman Çində Tanq sülaləsi hakim idi.
Çinlilər türklərdən qorxduqları üçün hökmdarları Ki Yu Li Yen adlı qızını xaqanın oğlu Qalı Təkinə göndərməyə qərar verdi. Bir elçi yolda türklərin qüdrət və böyüklüyünün Tanrı dağı boyunda yerləşən Qutlu Qaya adlı böyük bir qayadan irəli gəldiyini öyrəndi. Yulun Təkinə dedi:
- Hökmdarım Sizə ən qiymətli hədiyyə olaraq qızını göndərdi. Siz də ona bir hədiyyə yollamaq istəsəniz, bizcə ən məqbul sayılan hədiyyə Qutlu Qaya adlı qaya parçasıdır. Əslində bu qayanın bir qiyməti yoxdur. Ona görə də bunu hökmdarıma bağışlasanız, çox şad olar.
Yulun Təkin çinlilərə qiymət verən və milli duyğulardan uzaq bir hakim idi. Qutlu Qayanın otuz nəsildən bəri türklər üçün müqəddəs bir yer olduğunu bilmirdi. Bir qızın əvəzi olaraq həmin qayanı Çinə verməkdə tərəddüd etmədi. Ancaq onlardan bunu necə özlərinə götürəcəkləri ilə maraqlandı.
Elçi:
- Asandır, - dedi.
Çinlilər qayanın ətrafına odunlar yığdırdılar. Üzərinə çoxlu sirkə tökdürdülər. Odunları yandıran kimi qayalar parçalanıb dağıldı. Elçi həmin parçaları bir-bir topladı. Arabalarla Çinə göndərdi.
Orada sehirbazlar bu parçaları yağışa döndərdilər və hər parça dünyanın bir guşəsinə töküldü. Parçalar hara getdisə, orada bərəkət, bolluq oldu. Bu tərəfdə isə yeddi gün sonra Yuluq Təkin öldü, yerinə Buqu Təkinin torunlarından biri hakim oldu. Türk yurdu bütün bərəkətini itirdi, yaşıllıqlar saralıb soldu, çaylar, dərələrin axar suları quruyub çəkildi, göyün rəngi dəyişdi. Bütün quşlar, heyvanlar, məmə yeyən cocuqlar:
- Köç! Köç! Köç! - deyə bağırışmağa başladılar. Bir tərəfdən aclıq, digər tərəfdən xəstəliklər insanları qırırdı.
"Köç" səsləri susmaq bilmirdi. Türklər anladılar ki, ölkənin Yer-Suları artıq özlərinin orada qalmasını istəmirlər. Çadırlarını yıxdılar, əşyalarını, çoluq-cocuqlarını heyvanlara yüklədilər. Köç etməyə başladılar.
Axşam olanda "Köç!" səsləri susur, hava işıqlaşan kimi təzədən qopurdu. Türklər Turfan ölkəsinə gəlib çatanadək "Köç!" bağırtıları dillərdən əskik olmadı. Orada artıq səs kəsildi. Köçlər də Turfanda yerləşdilər və Beş Balıq şəhərini qurdular.

Ramazan Qafarlı,
professor