Macarıstanda “Dünyanın 50 delikatesi” kitabının təqdimatı olub Mədəniyyət

Macarıstanda “Dünyanın 50 delikatesi” kitabının təqdimatı olub

Macarıstanın Peç Universitetində "Dünyanın 50 delikatesi" adlı kulinariya kitabının təqdimatı keçirilib.
Macarıstanında akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin dəvətli olduğu və 3500-dək qonağın, o cümlədən 80 ölkədən olan tələbələrin qatıldığı tədbirdə səfir Vilayət Quliyev də iştirak edib.
Kitabda dünyanın 50 ölkəsinin müxtəlif yeməklərinin reseptləri və həmin ölkələrin milli mətbəxlərinə dair illüstrasiyalı məlumatlar yer alıb. Səfirliyin universitet ilə əməkdaşlığı nəticəsində Azərbaycanın milli mətbəx nümunələrindən dolma və ləvənginin resepti kitaba daxil edilib. Hazırda kitabın kütləvi nəşri ilə bağlı işlər davam etdirilir.
Tədbirdə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev Peç Azərbaycan Cəmiyyətinin sədri Cavid Əhmədov ilə birlikdə milli xörəyimiz – ləvənginin hazırlanma üsulunun nümayişində iştirak edib.
Tədbirdə bu ölkənin dövlət televiziyasının məşhur qastro-bloggeri Zsofia Mautnerin suallarını cavablandıran diplomatımız Azərbaycanın milli mətbəxi barədə geniş məlumat verib. Qeyd edib ki, zənginliyi və təkrarolunmaz dadı ilə fərqlənən Azərbaycan mətbəxində müxtəlif inqrediyentlər peşəkarcasına hazırlanır və Xəzər dənizinin zəngin faunası dəniz məhsullarının da Azərbaycan milli mətbəxində geniş şəkildə istifadə edilməsinə imkan yaradır.
Söhbət əsnasında blogger Z.Mautner Azərbaycanda dəfələrlə olduğunu qeyd edərək ölkəmizin milli yeməkləri barədə xoş təəssüratlarını bölüşüb.
Sonra səfir Vilayət Quliyev tədbirdə iştirak edən yerli hakimiyyətin nümayəndələri və Peç Universitetinin rəhbərləri ilə görüşlər keçirib və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Səfir, həmçinin universitetdə təhsil alan 50-dək azərbaycanlı tələbə ilə görüşərək öz tövsiyələrini verib və ölkəmizin təbliği baxımından əhəmiyyətli hesab edilən bu kimi tədbirlərdə gənclərimizi fəal olmağa çağırıb.