ÇOLPAN - şair, nasir, dramaturq Mədəniyyət

ÇOLPAN - şair, nasir, dramaturq

10 may

(1897-1938)

Müasir özbək ədəbiyyatının ilk böyük nümayəndəsi hesab olunan, böyük şair, istedadlı nasir və dramaturq kimi tanınan sənətkarlardan biri Çolpandır. Əbdülhəmid Süleyman oğlu Çolpan 1897-ci ildə Əndəlican şəhərində anadan olub. Çolpan onun təxəllüsüdür. Mənası dan ulduzu deməkdir. O, əvvəlcə əski tipli məktəbdə, sonra isə mədrəsədə təhsil almışdır. Onun ictimai-siyasi və elmi dünyagörüşünün formalaşmasında, ədəbiyyata marağının yüksəlməsində şair atası Əbdülhəmid Süleymanın (1874-1929) müstəsna xidməti olub. Çolpan mükəmməl mədrəsə təhsili aldıqdan sonra bütün Türküstanda ensiklopedik zəka sahibi kimi tanınmağa başlayıb. Demək olar ki, o, sərbəst şəkildə ərəb, fars, türk və rus dillərini öyrənmiş və bunun nəticəsində həmin xalqların ədəbiyyat nümunələrini orijinaldan oxumaq imkanı əldə edib. Firdovsi, Hafiz, Sədi, Xəyyam, Rumi, Füzuli, Nəsimi, Tofiq Fikrət, Namiq Kamal, Əbdülhəq Hamid, Qabdulla Tukay, Puşkin, Qoqol, Lermontov və onlarla digər sənətkarları orijinaldan oxuması bir sənətkar kimi onun mənəvi oyanış və inkişafına güclü təsir göstərib. Çolpan bədii yaradıcılığa 1913-cü ildə, yəni 16 yaşında ikən başlayıb. Bu illərdə Türküstanda maarifçilik hərəkatı geniş vüsət almışdı. Ona görə də şairin yazdığı şeirlərin böyük əksəriyyəti maarifçi ideyaların təbliği baxımından xüsusi olaraq seçilirdi. Çolpan bu illərdə paralel olaraq hekayə və oçerklər də qələmə alıb. Yaradıcılığının başlanğıc dövründə yazdığı şeir, hekayə və oçerkləri “Fərqanənin səsi”, “Türküstanın səsi”, “Türküstan vilayətinin qəzeti”, “Ayna”, “Şura” qəzet və jurnallarında çap olunub.

Çolpan 20 yaşında olanda Oktyabr inqilabı qələbə çaldı. İnqilabdan sonra bir çox yeni qəzetlər çap olundu. Çolpan yeni dərc olunan “Qızıl bayraq”, “Türküstan”, “Buxara xəbərləri” qəzetlərində çalışmağa başladı.O, istər bədii, istərsə də publisistik yaradıcılığında xalqının azadlıq, müstəqillik, xoşbəxtlik arzularını ifadə etmiş və buna görə qatı bolşevik əqidəli adamlar tərəfindən təqiblərə məruz qalıb.

Çolpanın “Oyanış” (1922), “Bulaqlar” (1924), “Dan sirləri” (1926), “Söz” (1925) adlı şeir kitabları şairin milli düşüncə və təəssübkeşliyini əks etdirmək nöqteyi-nəzərindən diqqəti daha çox cəlb edir.Yaradıcılığında milli azadlıq və milli səadət uğranda mübarizə meyllərinin olduğuna görə Çolpan 1937-ci ilin payızında dustaq edilir. O, 1938-ci il 5 oktyabr tarixli qərarına görə xalq düşməni adı ilə güllələnir.Demək olar ki, kütləvi repressiyalar dövründə onun bütün yaradıcılığına divan tutulub, evinin axtarılması zamanı bir çox əsərlərinin əlyazması məhv edilib. Çolpana 1956-cı ildə bəraət verilmiş və bundan sonra onun ədəbi irsinin təbliğ və öyrənilməsi üzərindəki qadağalar götürülüb. Lakin nəzərə almaq lazımdır ki, əqidə baxımından xalqına yaxınlığına görə Çolpan nəinki doğma elində, həmçinin bütün türk dünyasında həmişə hörmətlə yad olunub. “Təəccüblü deyil ki, Türkiyədə çıxan “Türküstan” dərgisi özünün 1989-cu il tarixli nömrələrinin birində XX əsrdə Türk dünyasının iki böyük şəxsiyyəti eyni vaxtda itirdiyini yana-yana car çəkir. Bu şəxsiyyətlərdən biri Türkiyəni on dörd imperialist dövlətinin qanlı caynaqlarından xilas etməyə nail olub, Türkiyə Respublikasının yaradıcısı, dahi sərkərdə Mustafa Kamal Atatürk, digəri bütün Turan dünyasının fəxri sayılan, adı cahan ədəbiyyat tarixinə qızıl hərflərlə yazılmağa layiq Əbdülhəmid Süleyman Çolpandır”.

Çolpan şair, nasir və dramaturq olmaqla yanaşı, həm də ədəbi-tənqidi məqalələri və orijinal tərcümələri ilə də tanınmış sənətkarlardandır. Onun “Ədəbiyyat nədir”, “Taqor və taqorşünaslıq”, “Mirzə Uluğbəy”, “500 il” və s. kimi elmi-tənqidi və publisistik məqalələri sənətin və ictimai-siyasi həyatın bu və ya digər problemlərini təhlil etmək baxımından xeyli əhəmiyyətlidir. Həmçinin Çolpan Puşkinin “Dubrovski”, Qoqolun “Müfəttiş”, Qorkinin “Ana”, Şekspirin “Hamlet” və digər sənətkarların ayrı-ayrı əsərlərini özbək dilinə tərcümə etməklə istedadlı bir tərcüməçi olduğunu da nümayiş etdirə bilib.Öz xalqının və dövlətinin milli müstəqilliyi və milli azadlığı yolunda canını fəda etmiş Çolpan yaradıcılığı hazırda qədirbilən xalqı tərəfindən yüksək qiymətləndirilir. Çolpan 1991-ci ildə Nəvai adına Özbəkistan Dövlət mükafatına layiq görülüb və son illərdə onun əsərləri bir neçə dəfə çapdan çıxıb.

Çolpan geniş və çoxsahəli ədəbi-bədii yaradıcılıq irsinə malikdir. Milli şüurun oyanmasında, milli-mənəvi əqidənin formalaşma və inkişafında Çolpan yaradıcılığının misilsiz əhəmiyyəti var. O, yaradıcılığa şeirlə başlayıb. 1905-1907-ci illər rus burjua-demokratik inqilabı illərində və ondan sonrakı dövrlərdə maarifçi-demokratik ədəbiyyatın inkişafı yeni mərhələyə qədəm qoydu.1913-cü ildə yaradıcılığa başlayan Çolpan şeirlərində əsasən maarifçilik görüşləri üstünlük təşkil edirdi. “Cəhalət qurbanı”, “Doktor Məhəmmədyar” əsərləri şairin köləlik və cəhalətə qarşı mübarizə və barışmazlığını əks etdirir. Oktyabr inqilabının təsiri nəticəsində ölkədə baş vermiş kəskin ictimai-siyasi dəyişikliklər Çolpanın həyata baxış və dünyagörüşünə güclü təsir göstərdi.

Yaradıcılığında mövcud olan maarifçilik ideyaları bundan sonra açıq şəkildə milli azadlıq ideyalarının təbliği ilə əvəz olunmağa başladı. Məs., şairin 1921-ci ildə yazmış olduğu “Pərişan ölkəmə” şeiri mənsub olduğu xalqın azadlıq, xoşbəxtlik yoluna qovuşmaq naminə şair narahatçılıqlarının, arzu və istəyinin konkret ifadəsidir. Şeirdə şair Oktyabr inqilabından sonra öz səadət və xoşbəxtliyini tapmayan, nəticədə pərişan, qəmli və kədərli olan ölkəsinə müraciət edir:

Ey dağları göylərə salam verən zor ölkə,

Nədir sənin üstündə o qaranlıq, o kölgə?

Əslində, şair şeirdə səslənən çoxsaylı ritorik suallarla milli hissiyyatına, mənliyinə toxunan, müstəqilliyini, dövlətçiliyini pozan, tapdayan qüvvələrə qarşı özünün kəskin nifrət və etirazını bildirib.

Çolpan xalqının, millətinin başı üzərindən bu cür qara qüvvələrin yox olmasını yeganə çıxış yolu hesab edir. Lakin bunun da asan olmadığını, birlik və mübarizə nümayiş etdirmək yolu ilə mümkünlüyü qeyd edir:

Neçin sənin məğrur sənin “Rədd ol!” demir onlara?

Neçin sənin azad könlün nicat vermir qullara?

Zəncirlərinmi şaqqıldayır yanıq biləklərində?

Ümidlərmi solub gedir sönən bəbəklərində?

Neçin qanlar dənizidir qismətin?

Neçin susur... şahə qalxmır ləyaqətin, cürətin?

Axı neçin gözlərində ildırım yox, alov yox?

O canavar canilərin gözü acdır, qarnı tox!

Göründüyü kimi “Pərişan ölkəmə” şeirində şairin milli müstəqillik və azadlıq idealları olmazın dərəcədə yüksəkdir.Paralel surətdə millətinin taleyinə qənim kəsilən “gözü ac, qarnı tox” düşmənlərinə böyük nifrət ifadə olunub.

Çolpanın 30-cu illər yaradıcılığında insan və cəmiyyət, həyat və inqilab, mədəniyyət və əxlaq problemlərinə yeni münasibət görünməyə başladı. “Söz” şeirində şair xalq qüdrətinin, xalq əzminin böyüklüyünü nümayiş etdirir.“Xalq” şeirində isə müəllif bir qədər də irəli gedərək insanın cəmiyyətdə tutduğu yeri, onun güc və qüdrətinin düzgün istiqamətləndirilməsini və bunun bilavasitə cəmiyyətə müsbət təsirini müəyyənləşdirə bilib.

Xalq dənizdir, xalq dalğadır, xalq gücdür,

Xalq üsyandır, xalq alovdur, xalq dağdır.

Çolpan sırf milli şairdir.Əsasən onun yaradıcılığının mövzusu Öz- bəkistandırsa, baş qəhrəmanı isə özbək xalqıdır.O, əqidə baxımından da milli dəyərlərə bağlanan və ona sadiq qalan sənətkardır. Düzdür, onun yaradıcılığında milli məzmun və ideya kəsb etməyən şeirlər də mövcuddur. Məs., inqilabi ideya və yeni cəmiyyətin tərənnümünə həsr edilmiş “Qızıl bayraq”, “10 il Leninsiz”, “Azad türk bayramı”, “10 il” və s. şeirləri buna misal ola bilər. Lakin nəzərə almaq lazımdır ki, bu hal Çolpan yaradıcılığında keçici və ötəri xarakter təşkil edir.

Çolpan ictimai-siyasi şeirlərində olduğu kimi, təbiət təsvirli şeirlərində də xalqına, vətəninə olan dərin məhəbbətini nümayiş etdirə bilib.Təbiət mövzusundan məharətlə istifadə yolu seçməklə Çolpan bir çox hallarda gözəl təbiət fonunda xalq və vətən məhəbbətini özünəməxsus ifadə etmişdir. Çolpanın “Baharda”, “Bahara sığındım”, “Bənövşə”, “Bahar gəldi”, “Gözəl” və s. şeirləri təbiət və xalq həyatının təsviri baxımından xarakterikdir.Çolpan yaradıcılığında nəsrin də xüsusi yeri və əhəmiyyəti vardır. “Kleopatra”, “Aydın gecələrdə”, “Gecə və gündüz” və s. hekayə və romanları onun nəsr sahəsində uğur qazanan əsərlərindəndir.

1935-ci ildə tarixi roman janrında yazılmış “Gecə və gündüz” əsəri Çolpanın yaradıcılığında həcminə görə ən böyük əsəridir.Əsər iki hissədən ibarət olmuşdur.Romanın yalnız birinci hissəsi əldə olunmuş və çap edilmişdir.“Gecə və gündüz” romanı olduqca maraqlı bir mövzuya həsr edilib.Əsərin mövzusu Birinci dünya müharibəsi dövründə Türküstanda mövcud ictimai-siyasi şərait və baş vermiş faciələrdən götürülüb.Romanda məmləkətdə hökm sürən ədalətsizlik, çarizmin mürtəce siyasəti, məhəlli münaqişə və ziddiyyətlər əsas tənqid və ifşa obyektinə çevrilib. Əsərdə təsvir olunan hadisələrOktyabr inqilabı ərəfəsinə qədər olan bir dövrü əhatə edir. Çolpan, demək olar ki, konkret zaman və məkan daxilində dövrün ictimai-siyasi ziddiyyətlərini böyük ustalıqla təsvir etmiş və xalqının nicat yolunu göstərməyə çalışıb.Roman yarımçıq şəkildə əldə edildiyi üçün biz burada hadisələrin sonluğunun hansı obyektivlikdə başa çatmasını bildirməkdə çətinliklərlə qarşılaşırıq.

Zəbi, Rəzzaq Sofi, Qurban bibi, Miryaqub, Əkbərəli, Nayib Tora, Soltanxan, Valya, Mariya, Səltənət və b. romanın əsas obrazlarıdır. Cəmiyyətin ayrı-ayrı qütblərində dayanan bu obrazlar vasitəsilə müəllif qarşıya qoyduğu məqsədini tam mənada açıqlayır.Çolpan dramaturgiya sahəsində də uğur qazanan sənətkardır. O, qısa zamanda “Çoronun üsyanı”, “Çoban sevgisi”, “Hücum”, “Yergünay” və s. kiçik səhnə əsərləri yazıb.

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor