Şumer mifologiyası:  şumer tanrılar panteonu - 7-ci yazı - 7-ci  yazı  Mədəniyyət

Şumer mifologiyası:  şumer tanrılar panteonu - 7-ci yazı - 7-ci  yazı 

Nəbi – Xıdırla Sarpanitin oğludur. Müdriklik tanrısıdır. Yazı-pozu işinin və elmin himayəçisidir. Nəbi Xıdırın istəkli oğlu olmuş, panteonda atasının nüfuzu artıb, mövqeyi genişləndikcə, onun da rolu yüksəlib. Nəbi öncə Xıdırın yazarı olmuş, onun yazılarını, xüsusilə tale lövhələrini yazıb. Nəbinin rəmzi daş qələm, yaxud qamış çubuq olub ki, onların hər ikisi yazı ləvazimatı kimi elmi, biliyi, müdrikliyi ifadə edir. Nəbi eyni zamanda, bitkiçilik tanrısı kimi tanınıb. Onun məbədi Borsippa şəhərində yerləşib.
Türk miflərində, nağıl, əfsanə və əsatirlərində geniş yayılmış Xıdır Nəbi, Xızır İlyas, Xıdır Əlləz obrazlarının prototipləri məhz Xıdır və onun oğlu Nəbidir.
Nammu – Enkinin anasıdır. Enki Anın oğlu, onun arvadı isə Antudur. Görünür, Nammu Anın başqa arvadının adıdır, çünki miflərdə Enlillə Enkinin ata bir, ana ayrı qardaş olduqları vurğulanır.
Miflərdən bəlli olur ki, insanı yaratmağı Enkidən ilk dəfə anası Nammu xahiş edib. Nammu təkcə Enkinin yox, bütün tanrıların anası sayılırdı. O öz övladlarının çox ağır işlərə dözmədiklərini gördükdə Enkidən xahiş edib ki, tanrılara xidmət etmək üçün ağıllı, müdrik bir varlıq yaratsın. “O da insanı” yaradıb, ona ağıl və müdriklik verib.
Nannar – Şumer panteonunda əsas tanrılardan biridir. Enlilin böyük oğludur. Onun anası Ninlildir. Enlilin Ninlillə evlənməsi və Nannarın doğulması bir mifdə öz geniş əksini tapıb.
Hələ yer üzündə insanların olmadığı bir vaxtda Enlil Nippurda yaşayırdı. Onda bütün tanrılar Nippurda yaşayırdılar. Onlardan biri də “qoca qarı” Nunbarşequn idi. Onun Ninlil adlı gözəl gənc qızı varıydı və onu Enlilə ərə vermək istəyirdi. Anası qızını başa salmışdı ki, dənizdə çimərkən görsə Enlil ona vurulacaq. Belə də olur, Ninlil çimərkən Enlil onu görür, sevir və alır. Onların ilk övladları olur və adını Nannar qoyurlar.
Enlilin Ninlili zorla alması tanrıların xoşuna gəlmir və onu yeraltı dünyaya qovurlar. Arvadı Ninlil onu tək buraxmır, oğlunu da götürüb ərinin ardınca düşür. Nəhayət, Enlil, Ninlil və oğlu Nannar yeraltı dünyadan çıxa bilirlər. Nannarın adı “işıqsaçan” deməkdir. Bu da “nar” sözünün şumer-türk mənşəli olduğunu göstərir.
Nannarın arvadı Ninqaldır. Nannarla Ninqalın evi Ur şəhərində olub və Equşniqal adlanıb ki, mənası “tac-taxtın toxum evi” deməkdir. Urlular Nannarı və Ninqalı çox sevmişlər. Nannarın himayəsi altında Ur güclü inkişaf edib, Şumerin ən gözəl şəhərlərindən birinə çevrilib.
Şumer panteonunun sevgi, məhəbbət, uşaq doğumu, törəmə tanrısı İnanna Nannarla Ninqalın qızı, günəş allahı Utu onların oğludur. Hətta bacı-qardaşın ekiz olduqları haqqında miflər var.
Nerqal – Enkinin oğludur. Yeraltı dünyanın çarıdır. Ereşkiqalın əridir. Məhz Ereşkiqalın əri olduqdan sonra arvadı onu yeraltı dünyanın çarı edib. O yeraltı dünyanın çarı kimi Nerqal yox, İr yaxud İrriqal adlanır.
Nerqalla Ereşkiqal haqqında bir mifdə geniş bilgilər var. Orda deyilir ki, Nerqalı atası Enki yeraltı dünyaya qovur. Orda Ereş¬kiqalla evlənir. Bir müddətdən sonra arvadını aldadıb qaçmaq istəyir. Onda Ereşkiqal Namtarı Anın yanına göndərir ki, Nerqalı cəzalandırsın. Bu zaman Nerqal Ereşkiqalın başını kəsmək üçün yeraltı dünyaya hərbi yürüş edir. Ereşkiqal yalvarır, bağışlan-masını və onun əri olmasını, Yeraltı dünyanın çarlıq taxtında oturmasını ondan xahiş edir. Nerqal dərhal razılaşır, onu əlindən tutub öpür və onunla evlənir.
Ninlil – Enlilin arvadıdır. Tanrı qadın Ninbar-şequnun qızıdır. Ay tanrısı Nannarın və yağış, tufan və ildırım tanrısı İşkur/Adadın anasıdır.
Ninki – Enkinin arvadıdır. Bir adı Damkinadır.
Ningirsu – Ninurtanın başqa adıdır. Enlilin oğludur. Bəzi miflərə görə Enlil öz bacısı Ninqursaqla evlənmiş və ondan Ninurta doğulub.
Ningirsu/Ninurta Şirpurluda Girsu şəhərinin himayəçisi olub və atasının razılığı ilə ev tikdirib, arvadı Babayla orda yaşayıb.
Ningirsunun adı da Girsu şəhərinin adından götürülüb. Ona görə, düşünmək olar ki, ilk adı Ninurta, sonrakı adı Ningirsudur. Onun arvadı Baba Anın başqa arvaddan olan qızıdır.
Ninurta/Ningirsu Enlillə öz bacısı Ningursağın evliliyindən Nibiru planetində doğulub. Ona görə də miflərdə Ninurta “Enlilin qəhrəman oğlu” adlandırılıb. O zaman Enlil hələ Ninlillə evlənməyib.
Ninsun – hər şeydən əvvəl Bilqamısın anasıdır. Şumer miflərindən bəlli olur ki, Ninsun Enlilin oğlu Ninurta ilə Anın qızı Babanın qızıdır. Deməli, Ninsun həm Anın, həm də Enlilin nəvəsidir. Enlil Anın oğlu olduğuna görə, Ninsun eyni zamanda Anın nəticəsidir.
Ninsun Luqalbandadan Bilqamısı, Enkidən isə Dumuzini doğub. Burdan aydın görünür ki, Ninsun həm tanrı Enkinin, həm də Uruk çarı Luqalbandanın arvadı olub. Tanrılar panteonunda Ninsun “vəhşi camış” ləqəbi ilə tanınıb.
Ninqursaq – bütün miflərə görə, tanrıların və insanların anasıdır. Ona görə Ana-Tanrı epiteti qazanmış və hətta NİN.Tİ (həyat verən qadın) adlanıb. Bəzi miflərdə Anın qızı, digərlərində arvadı olduğu göstərilir. Eyni zamanda onun həm Enlillə, həm Enkiylə evliliyinə aid miflər saxlanıb. Məsələn, insanın yaranması haqqında mifdə açıqca deyilir ki, ilk insanın atası Enki, anası Ninmax/Ninqursaqdır. Hətta onun ilk insanı məhz 9 aydan sonra doğduğu da göstərilib.
Ninmax/Ninqursağın Enlildən də Ninurtanı doğduğu miflərdən bəllidir. Bu iki evliliyin arasında bircə fərq var. Enlil Nin¬qursaqla Nibiru planetində evlənib və Ninurta da orda doğulub. Enki isə Ninqursaqla məhz yerdə evlənib, Absu/Xəzər dənizindəki evində bir yerdə yaşayıblar və uşaqları da yerdə doğulub.
Çox güman ki, Ninqursaq/Ninmax/Ninti eyni tanrı-nın müxtəlif adlarıdır. Enkinin qanuni arvadının adı isə Ninkidir.
Ninkur – Şumer panteonunda əmək tanrısıdır. Haqqında bilgimiz azdır.
Ninmenanna – Doğum tanrısıdır. Adı anaları doğuzduran, uşaq tutan deməkdir.
Nisaba – Şumer panteonunda öncə məhsuldarlıq, sonra yazı sənəti, elm və memarlıq tanrısı kimi tanınıb. Bəzi miflərə görə baş tanrı Anın, başqa miflərə görə Enlilin qızıdır. Onun rəmzi daşqələm olub.
Onun adını Nidaba kimi də oxuyurlar. Ancaq ən doğru variantı Nisadır. Qurandakı Nisa və “Koroğlu” eposundakı Nisa da (Gözəllər Nisa tək gərək) həmin adın bir prototip kimi daha doğru olduğunu göstərir.
Nusku – Enlilin oğludur. Həm də atasının məsləhətçisi- vəziri olub. İşıq və od tanrısıdır.
Ninazu – Enlilin oğludur. Yeraltı dünyada yaşayır. Enlil Ninlili zorla aldığına görə onu tanrılar yeraltı dünyaya qovurlar. Orda Ninlil Enlildən Ninazuya hamilə qalır və onu doğur.
Ningişzid – Bir mifə görə, Enlilin oğlu, Yeraltı dünyanın çarı Ninazunun oğludur. Başqa mifə görə, Ningişzidin atası Enkidir. Bir dəfə Enkinin gəmisinə minmiş Ereşkiqal ondan hamilə qalmış və Ningişzidi doğub.
Miflərdə Ningişzid “uzaq torpağın xidmətçisi” adlandırılır. Yeraltı dünyada iblisləri, şeytanları qoruyur. Rəmzi buynuzlu ilandır.
Ninkarrak – Həkim-tanrıdır. Onu Ninurtanın arvadı Baba/ Qula ilə eyniləşdirirlər. Bəzən it şəklində təsvir edilmişdir. Haqqında bilgimiz azdır.
Tiamat – Şumerəqədərki tanrıdır. Absunun arvadıdır. Bütün tanrıların anasıdır. Tanrılar çoxaldıqda onun əri Absu gəncləri öldürmək fikrinə düşür. Bunu gənc tanrılar bilirlər. Enki Absuyu öldürür. Onun arvadı Tiamat intiqam almağa fürsət axtarır. Ona görə Xıdır (Marduk) onunla döyüşə girir və öldürür.
Absu şirin sulu, Tiamat duzlu sulu okeanı təmsil ediblər. Xıdır onu öldürüb bədənini iki yerə bölüb, yarısından göy, yarısından yer əmələ gəlib. Bu mif sonrakı dövrlərdə yaran¬mışdır, çünki daha qədim miflərdə yerlə göyü Enlilin yaratdığı təsvir edilib.
Tiamat yeddi başlı əjdaha, yaxud qanadlı kərtənkələ şəklində təsəvvür olunub.
Utnapişti – Yeganə insandır ki, ölümsüzlük qazanıb və tanrılaşıb. Enlilin törətdiyi tufandan Enkinin xəbərdarlığı sayəsində canlıları o xilas edib. Onun adı miflərdə Ziusudra və Atraxasis kimi çəkilir. Bibliyada, Quranda və türk folklorunda Nuh adlanır.
Utu – Şumer panteonunda günəş tanrısıdır. Bir adı da Şamaşdır. Ay tanrısı Nanarla Ninqalın oğlu, İnannanın əkiztayı qardaşıdır. İ.M.Dyakonov yanlış olaraq onu tanrı Anın oğlu kimi təqdim edib. Şumer miflərinə görə, Utu işıqlı, xeyirxah tanrıdır. Hər şeyi görən və bilən hakim kimi insanların fəaliyyətlərinə qiymət verib.
Şumerlər belə təsəvvür edirdilər ki, Utu gündüzlər göyün üzünə qalxıb dünyanı işıqlandırır, həyatı canlandırır, gecələr Yeraltı dünyaya gedib ölülərə yeyib-içmək aparır, oranı işıqlandırır.
Utu həyatın dörd əsas ünsüründən biri olan odu/işığı təmsil edir. Onun adı da Od deməkdir. Utu yazılışı mixi əlifbada “o” hərfinin olmaması ilə bağlıdır. Od o zaman Ut kimi yazılırdı. “T” samiti də sonradan “d”-ya keçib. Bu gün də türklər arasında od sözünün “ot” və ya “ut” kimi tələffüzünə rast gəlinir. Sarpanit – Xıdırın (Mardukun) arvadıdır. Hamilə və zahı qadınların, körpə uşaqların qoruyucusu olub. Sakkan/Şaqan – Şumer panteonunda vəhşi və ev heyvanlarını qoruyan tanrıdır. “Bilqamıs” dasatnında Sumukan adıyla xatırlanıb. Şumerlər Şakkan/Şaqan/Sumukanı heyvan dərisində təsəvvür edirdilər.
Şumer tanrılar panteonunda bəzi qaynaqlara görə, 600-dən, digərlərinə görə 3000-dən çox tanrı, tanrıça və mələk adı çəkilir. Hər iki rəqəmə inanmaq olar. Bu hər bir qaynağın hansı dövrə aid olması ilə bağlıdır. Şumer panteonunda tanrılar evlənir və çoxalırdılar. Sözsüz ki, müəyyən vaxtdan sonra tanrıların sayı 600-ü ötüb. Axı bundan sonra onların artımı dayanmayıb, bir müddət də keçdikdən sonra bu rəqəm 3000-ə çatıb.
Şumer tanrılar panteonunda bir-iki adı çıxmaq şərtilə bütün adlar bu günkü türk dilində açıqlana bilir. Bu da onların türk mənşəli olduğunu göstərir. Onlarla tanrı adlarının türk dilində asanlıqla açıqlanması çox önəmli məsələdir. Məsələn, An-ana, Ki-kişi, Enki-yerin yiyəsi, Enlil-göyün yiyəsi, Baba-baba, Utu-od, Araz-igid, ər, azlar, İnanna-işıqlı, işıqyayan, Ereşkiqal-yer aşiqi, yerin yoldaşı, İşkur/Adad-dağ işığı (ildırım tanrısı olduğuna görə, adı da iş kökündən yaranıb), Nammu-namus, Nannar-odlu, isti, işıqlı, Ninki-yerin anası, Ninlil-göyün anası, mənalarının altında Şumer-türk etnogenetik bağlılığını görməmək mümkün deyil. Sonra görəcəyik ki, digər qaynaqlarda bu etnogenetik bağlılığı təsdiqləyən onlarla tutarlı və təkzibolunmaz faktlar var.

İslam Sadıq
filologiya üzrə elmlər doktoru