Yeni nəşrlər Mədəniyyət

Yeni nəşrlər

"Oğuznamə yaradıcılığı", "Özbək xalq şeirindən seçmələr",
"Colan türkmanları" işıq üzü görüb

AMEA Folklor institutu tərəfindən "Türk xalqları folkloru" seriyasından ""Özbək xalq şeirindən seçmələr" (III kitab) işıq üzü görüb. Layihənin rəhbəri AMEA Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov), məsləhətçilər fil.ü.e.d. Şamirzə Turdimov, fil.ü.f.d. Yaşar Qasımbəyli, özbəkcədən çevirən, ön söz və izahların müəllifi fil.ü.f.d. Akif Azalp, redaktoru Afaq Zeynallıdır.
Topluda zəngin şifahi ənənələrə malik olan özbək xalq şeirinin müxtəlif yanrlarına (xalq mahnıları, yar-yarlar, əmək nəğmələri, laylalar və ağılar) aid seçmə nümunələr öz əksini tapıb. Sonda izahlar və lüğət təqdim olunur. Örnəklər Azərbaycan dilində ilk dəfə nəşr olunur.
Bildirək ki, bu seriyadan "Krım-tatar xalq şeirindən seçmələr" və "Tuva xalq nağılları" kitabları nəşr olunub.
"Quba - Şabran folklor örnəkləri" (I kitab) kitabına Azərbaycanın qədim tarixə malik bölgələrindən biri olan Quba-Şabran bölgəsindən (Quba, Siyəzən, Şabran, Xaçmaz və Qusar rayonlarından) toplanmış folklor örnəkləri daxil edilib. Kitabı tərtib edənlər fil.ü.e.d., prof. Məmməd Əliyev, fil.ü.f.d. Əziz Ələkbərli, redaktoru fil.ü.f.d. Tahir Orucov, rəyçi fil.ü.f.d. Rza Xəlilovdur.
Kitabda ovsunlar, toy adətləri, Novruz adətləri, alqışlar, qarğışlar, inanclar, yuxuyozmalar, atalar sözləri, tapmacalar, bayatılar, xoryatlar, laylalar, oxşamalar, əfsanə və rəvayətlər, maraqlı əhvalatlar, lətifələr, qaravəlli, nağıllar, dastanlar, aşıq şeirləri təqdim olunur.
"Masallı folklor örnəkləri"nə (2 kitabda) Masallı rayonundan toplanmış folklor materialları daxil edilib. Layihə rəhbəri AMEA Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov), toplayıb tərtib edəni fil.ü.e.d. prof. Füzuli Bayat, I kitabın redaktoru fil.ü.e.d. Muxtar Kazımomlu (İmanov), II kitabın redaktoru isə prof. Fərahim Sadıqovdur.
Professor Seyfəddin Qəniyevin "Şirvanlı Aşıq Məmmədağa - sənət və yaradıcılıq dünyası" kitabına XX əsr Şirvan aşıq mühitinin ünlü sənətkarı Aşıq Məmmədağanın ömür yolu, yaradıcılığının özünəməxsus xüsusiyyətləri, poetikası və şeirlərinin bir qismi (arxiv və yaddaşlardan əldə edilən yeni nümunələr), xatirələr, rəvayətlər daxil edilib.
Kitabın elmi redaktoru fil.ü.e.d. prof. Məhərrəm Qasımlı, rəyçilər fil.ü.e.d. Elxan Məmmədli, fil.ü.e.d. Seyfəddin Rzasoy, fil.ü.f.d. Tariyel Qənidir.
Fil.ü.e.d. Rüstəm Kamalın ""Kitabi-Dədə Qorqud": nitq janrları və davranış poetikası" kitabında türkün ulu abidəsi "Kitabi-Dədə Qorqud"da davranış poetikası araşdırılıb. M.Baxtinin nitq janrları, Y.Lotmanın məişət davranışı poetikası, C.Ostinin nitq aktları və permormativlik nəzəriyyələri işığında epik mətn çərçivəsində nitq janrlarının təsviri verilir, onların dilin miforitual təcrübəsi ilə əlaqəsi müəyyən edilir. Kitab "Dədə Qorqud" eposunun elm aləminə bəlli olmasının 200 illiyinə həsr olunub.
"Borçalı folklor örnəkləri"ndə Azərbaycanın tarixi bölgələrindən olan Borçalının ayrı-ayrı aşıq və el şairlərinin vaxtilə yaratdıqları dastanlar daxil edilib.
Kitabdakı örnəklər klassik dastan yaradıcılığı ənənələrini özündə əks etdirir. Kitabı tərtib edən və çapa hazırlayan fil.ü.f.d., əməkdar mədəniyyət işçisi Elxan Məmmədli, redaktoru fil.ü.e.d., prof. Mahmud Allahmanlı, rəyçilər fil.ü.e.d., prof. Seyfəddin Qəniyev və fil.ü.e.d. Seyfəddin Rzasoydur.
Əli Şamilin "Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri)" kitabında Suriyanın Colan bölgəsində yaşayan soydaşlarımızın - türkmanların taleyindən, onların tarixindən və adət-ənənələrindən, Suriyanın Colan, Bayır-Bucaq, Hələb və başqa bölgələrində yaşayan türkmanlardan söz açılır. Onların yaşadıqları kəndlərin adları göstərilir, folklorundan və etnoqrafik özəlliklərindən örnəklər verilir, konkret nümunələr əsasında dillərinin söz varlığı
Azərbaycan dili (türkcəsi) ilə tutuşdurulub gözdən keçirilir. Kitabdan folklorçularla yanaşı, etnoqraflar, dilçilər, tarixçilər, coğrafiyaçılar da yararlana bilərlər.
Tacir Qurbanovun "Ağbaba aşıq mühiti" kitabında Ağbaba aşıq mühitinin tarixi-mədəni mənzərəsi müəyyənləşir, onun tarixi, müasir nümayəndələrinin yaradıcılığı, eləcə də ifaçılıq, sənətkarlıq məsələləri, ustad-şagird məsələləri və s. araşdırılır. 3 fəsildən ibarət olan kitabda Ağbaba aşıq mühitinə mənsub sənətkarların elmi kataloqu da təqdim edilib. Kitabın redaktoru fil.ü.e.d. Mahmud Allahmanlı, rəyçi fil.ü.e.d. prof. Maarifə Hacıyevadır.
"Təbriz folklor örnəkləri" (I kitab) toplusunda Təbriz bölgəsinin zəngin şifahi xalq yaradıcılığı örnəkləri toplanıb. Layihənin rəhbəri AMEA Folklor İnstitutunun direktoru, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov), toplayıcıları Kazım Abbasi ("El bilimi" dərnəyinin üzvü), Əhəd Fərəhməndi, Əli Bərazəndə, Məhəmməd Əlipur Muqəddəm, redaktoru fil.ü.f.d. Səkinə Qaybalıyevadır.
Kitabın girişində "İnstitutdan" başlığı altında təqdim olunan yazıda bildirilir ki, bu gün dünyada ümumi sayı 50 milyonu ötmüş Azərbaycan türklərinin etnik təfəkkürünü canlandıran, dilini, tarixini, mənəvi aləmini qoruyub saxlayan zəngin şifahi söz sənətinin - folklor irsinin toplanması, sistemləşdirilməsi və nəşri ilk növbədə həlli vacib məsələlərdəndir. Bu zərurəti nəzərə alan AMEA Folklor İnstitutu əksəriyyəti öz doğma ata-baba yurdunda yaşayan soydaşlarımızın qoruyub günümüzədək saxladığı şifahi xalq ədəbiyyatı nümunələrinin ayrı-ayrı seriyalar altında, çoxcildliklər şəklində ardıcıl çap olunmasına böyük əhəmiyyət verir. O da vurğulanır ki, Arazın o tayında yaşayan Azərbaycan türklərindən toplanmış folklor örnəklərinin yer aldığı topluların məhz bölgələr üzrə adlandırılması nəşr olunacaq növbəti cildlərdə regional xüsusiyyətlərin qorunub saxlanılması, bölgələrin daha geniş miqyasda əhatə olunması məqsədi daşıyır.
Əfzələddin Əsgərin "Oğuznamə yaradıcılığı" kitabının elmi redaktoru AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Muxtar Kazımoğlu (İmanov), rəyçilər fil.ü.f.d., prof. Məmmədəli Qıpçaq, fil.ü.f.d. Arif Acaloğludur. Monoqrafik araşdırmada başlanğıcdan sona qədər Oğuznamə yaradıcılığının gedişatı (dinamikası) öyrənilir və Oğuznamə yaradıcılığının tarixində baş verən mühüm hadisələrin etnik proseslər və tarixi hadisələrlə əlaqəsi araşdırılır.
Kitabda eləcə də Oğuznamə ifaçılığı, ifa və poetik forma, Oğuznamə mətnlərinin xüsusiyyətləri tədqiq edilir.
Kitab giriş, 6 fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan "Dədə Qorqud" jurnalının sorağı Azərbaycandan qıraqda da tanınır. "Dədə Qorqud"un bu sayında "Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar" bölümü üzrə fil.ü.e.d. V.Zahiroğlu "Dədə Qorqud kitabı"nın nəşrlərindəki yanlışlıqlar və mətn həqiqətləri" məqaləsində dastandan yanlış oxunmuş "qoşuluq", "yanal", "qabza", "yegə", "saltan", "butun", "bin" sözlərinə düzgün yozum verməyə çalışıb. Paul Mirobilin (İngiltərə) "Dədə Qorqud kimdir?" yazısında (ingiliscədən tərcümə edəni: fil.ü.f.d. Seyran Əliyev) oğuzların tarixi, yaşadıqları həyat tərzi, düşüncə, adət, arzuları haqda bilgi verilir, müxtəlif dövrlərdə qələmə alınmış Avropa mənşəli eposlarla müqayisə edilir, poetikasından danışılır.
Xəliyəddin Xəlilinin (tar.ü.f.d.) "Dədə Qorqud" Oğuznamələrində mifoloji təfəkkürün qapalı tsiklinin dağılması prosesi və mexaniki islam əlavəsi" məqaləsində yazır ki, eposda oğuzların təsvir olunan qəbilə, tayfa, tayfa ittifaqı həyat tərzi bütünlüklə mifoloji təfəkkürü ehtiva edir.
Nailə Əskərin "Dədə Qorqud" boylarındakı şeirlərdə bədii təsvir vasitələri" məqaləsində şeirlərdə bədii təsvir vasitələri tədqiq edilib. Hikmət Quliyev "Müdrik qoca arxetipinin Dədə Qorqud paradiqması" məqaləsində müəyyənləşdirir ki, mədəniyyətdə Dədə Qorqud obrazı həm yaradıcı, həm də dağıdıcı semantikanı ehtiva edir.
Aynur Hüseynova ""Dədə Qorqud kitabı"nda su kultu" məqaləsində bu qənaətə gəlir ki, su stixiyası ilə bağlı inamlar "Dədə Qorqud kitabı"nda xüsusi zənginliyə malikdir.
Jurnalın bu bölümündə dərc olunmuş Mehmet Can Cihanın (Türkiyə, Sakarya) ""Dədə Qorqud kitabı" Pertev Naili Boratavın tədqiqatlarında" məqaləsi də diqqəti çəkir.
Fil.ü.e.d. prof. Füzulu Bayatın "Türk mədəniyyətində seyidlik" məqaləsində mövzuya hərtərəfli yanaşma (Seyidlik və milli mənsubiyyət, təsəvvür qavramında seyidlik, yaxud mənəvi seyidlik və s.) var. Jurnalın bu sayında bir sıra başqa maraqlı elmi araşdırmalar da yer alıb. Rüblük nəşr olunan "Dədə Qorqud" jurnalının indiyə kimi 49 sayı işıq üzü görüb.
Fil.ü.f.d. Elxan Məmmədlinin "Şair Nəbi Borçalı: həyatı, mühiti, sənəti" kitabı nəşr olunub. Kitabın redaktoru prof. Mahmud Allahmanlı, rəyçilər xalq şairi Nəriman Həsənzadə, xalq şairi Zəlimxan Yaqubdur. Kitab XIX əsrin sonu, XX əsrin birinci yarısında yaşayıb-yaratmış unudulmaz el şairi Nəbi Borçalının həyat və yaradıcılığına həsr edilib. Tədqiqat işində əsasən ölməz sənətkarın Vətən, təbiət, məhəbbət, tərbiyəvi-didaktik, dini-ürfani şeirləri təhlilə cəlb edilib. Kitabda həm də Şair Nəbinin deyişmə və dastan yaradıcılığından da bəhs edilir.

Uğur