Xalça naxışları ilə xalqın tarixini öyrənmək mümkündür Mədəniyyət

Xalça naxışları ilə xalqın tarixini öyrənmək mümkündür

Xalqımızın zəngin, hərtərəfli yaradıcılığı incəsənətin demək olar, bütün sahələrində özünəməxsus söz deməsi, iz qoyması, ənənə yaranması ilə şərtlənir. Xalçaçılıq belə bənzərsiz xəlqi yaradıcılıq sahəcidir. Sənətşünaslıq elmləri doktoru
Rasim Əfəndinin və sənətşünaslıq üzrə fəlsəfə doktoru Toğrul Əfəndinin bu sahə ilə bağlı maraqlı araşdırması diqqəti çəkir. Araşdırmaçılar bildirirlər, Azərbaycanın xalça sənəti sahəsində aparılmış elmi araşdırmalar göstərir ki, xalçalarımız ta qədim zamanlardan başlamış bu günə qədər həyat və məişətimizdə sırf əməli əhəmiyyət kəsb etməklə yanaşı, böyük bədii ideyaya da malik olub: "Xalçalarımızın bədii xüsusiyyətləri və məzmunu, əsasən onda tətbiq olunan ornament və rəng vasitəsilə öz əksini tapıb. Xalçalarımızda əks olunmuş yüzlərlə müxtəlif şəkilli quş, heyvan, insan təsvirləri, məişət əşyalarından, damğalardan ibarət olan ornamentlər bəzən real və sxematik şəkildə tətbiq olunub. Bu ornamentlərin keçdiyi tarixi yola nəzər yetirsək, onların real vəziyyətdən mücərrədliyə doğru inkişaf etdiyini görərik. Maraqlıdır ki, bu tarixi inkişaf yolunda təsviri və ornamental motivlər nə qədər öz simasını dəyişsə də, anlaşılmaz olsa da, onların adı, mənası itməyib, bu günə qədər yaşayıb. Məsələn, xalçaçı qadınlarımız indi də qarmağabənzər ornament elementinə əjdaha, üçbucağa oxşar bəzəyə dəyə, başları çəngəltək haçalanmış bəzəyə isə qoç deyirlər. Bütün bunlar ondan irəli gəlir ki, xalçalarda olan təsvirlər və onların adı nəsildən-nəslə keçərək toxucunun həyatı, məişəti, dünyagörüşü ilə sıx əlaqədə olub. Ona görə də xalçada olan naxışlarla onu yaradan xalqın tarixini, folklorunu, hətta mifologiyasını belə izləyə bilərik".
Araşdırmada məqsədin Azərbaycan xalçalarında tez-tez təsadüf edilən bir qrup ornament motivi və onların məzmununu nəzərdən keçirmək olduğunu deyən araşdırmaçılar bildirirlər: "Elmi araşdırmalar göstərir ki, Azərbaycan xalçalarında ən çox yayılan bəzək elementi qoç təsviri olub. Xalçalarımız üzərində müxtəlif şəkillərdə və formalarda təsadüf edilən bu təsvirlər bəzən tam halda, real vəziyyətdə, bəzən başları çəngəltək haçalanmış buynuza bənzər şəkildə icra edilib. Azərbaycan xalçaları üzərində qoç buynuzlarından quraşdırılmış geniş məna kəsb edən kompozisiyalara da təsadüf edilir. Bu tip kompozisiyalı əsərlərə əsasən Qazax rayonunun Dağkəsəmən, Faxralı, Qarayazı, Qaraqoyunlu mahallarında toxunan xalılarda rast gəlinir. Hazırda anlaşılmaz şəklə düşmüş bu bəzək kompozisiyasının qocaman xalçaçı ustalar arasında adları da var. Məsələn: "Qoçlar yaylaqda", "Qoçlar göl ətrafında" və s. Azərbaycan xalçalarında real və mücərrəd şəkildə təsadüf edilən qoç təsvirləri əsasən xalçanın mərkəzində - ara sahədə yerləşdirilib. Onlar bəzən tək, hərdən cüt, bəzən də yığcam bir şəkildə qrup halında tətbiq edilib. Azərbaycan xalçaları arasında elələri də var ki, onların bütün bəzək kompozisiyası qoç buynuzlarından təşkil olunub. Dəvəçi rayonunun Pirəbədil kəndində toxunan məşhur "Pirəbədil" xalçası buna ən gözəl misaldır. Qoç buynuzları təkcə Azərbaycan xalılarında deyil, Türkmənistanda və Anadoluda toxunan xalıların da əksəriyyətində var. Onun ən orijinal nümunələrinə biz Türkmənistanda Yomut, Salor, Tekin, Bəşir, Türkiyədə Ərzurum, Qars, Ağrı və Bitlisdə toxunan xalçalarda təsadüf edirik. Qoç təsvirlərinin xalı sənəti üzərində belə geniş tətbiq olunması təsadüfi deyil. Mənbələr göstərir ki, qoç türkdilli xalqlar arasında uzaq keçmişlərdən müqəddəs heyvanlardan biri sayılıb. Bu günədək kəndlərdə çəpər dirəklərinə, eyvan sütunlarına bərəkət və qüvvət əlaməti olaraq qoç başının bərkidilməsi, qoçun şərəfinə daşdan yonulmuş heykəllər yaradılması bunun canlı timsalıdır. Elə bircə onu qeyd etmək kifayətdir ki, hazırda Azərbaycanda orta əsrlərə aid 300-ə qədər daş qoç fiqurları var. Onlar xalq tərəfindən qorunaraq müqəddəs ocağa çevrilib".
Onların fikrincə, tovuzquşu təsvirli xalıların ən qədimi XV yüzilliyə aid edilən və hazırda Stokholm Tarix Muzeyində saxlanılan Qazax xalçasıdır: "Ənənəvi xalça kompozisiyasında toxunmuş bu xalının mərkəz hissəsində bir ağac ətrafında üz-üzə dayanmış iki tovuzquşu təsviri verilib. Tovuzquşları yandan alabəzək quyruqlarını qaldırmış vəziyyətdə şərti dekorativ səpkidə icra edilib. Bu tip tovuzquşu təsvirli xalçaların uzaq keçmişlərdə də məşhur olduğunu və bir çox ölkələrdə yayıldığını təsviri sənət əsərləri də təsdiq edir. Bu baxımdan hazırda Barselona şəhərində Kataloniya incəsənət muzeyində nümayiş etdirilən XV yüzil rəssamı Con Xyuqetin tablosu diqqəti cəlb edir. Görkəmli türk sənətşünası Oktay Aslanapa Yusif Durul öz "Səlcuq xalqları" kitabında bu tipli xalçaların müxtəlif vaxtlarda Anadoluda da toxunduğunu qeyd edirlər. Hazırda Bakıda Dövlət xalı muzeyində belə kompozisiyalı qoşa tovuzquşu təsvirli, XIX yüzilə aid olan xalıların çoxlu nümunələri saxlanılır. Qocaman xalçaçı ustalarının verdiyi məlumatlara görə bu qoşa tovuzquşlarından biri erkək, o biri dişi olub, ailə və ocaq obrazının təsviri kimi qəbul edilib. Xalça üzərində tovuzquşu təsvirinin belə geniş yayılması səbəbsiz olmayıb. Sənədlər göstərir ki, uzaq keçmişlərdə tovuzquşu türkdilli xalqlar arasında müqəddəs ocağın tanrısı sayılıb. Hələ VI yüzillikdə Bizans səfirləri Mərkəzi Asiya hakimi İstemi paşanın hüzurunda olarkən türklərin bu quşu müqəddəs sayaraq ona sitayiş etdiklərini göstəriblər. Çin mənbələrinin verdiyi məlumatlara görə, VII yüzillikdə Mərkəzi Asiyada yaşayan türklərin öz damğalarında da bu quşun təsviri olub.
Böyük Azərbaycan şairi Nizami Gəncəvi öz "İsgəndərnamə" poemasında tovuzquşunun türklər arasında müqəddəs sayıldığını və xalq sənətində başlıca bəzək olduğunu qeyd edir. Nizami bu əsərində Bərdə şahzadəsi Nüşabənin sarayını təsvir edərkən deyir: "Bəzənmişdir parça, tikmələr türklərin tovuzquşu təsvirləri ilə"".
Xalça sənəti nümunələri üzərində çox geniş yayılmış təsvirlərdən biri də əjdaha olub: "Xalçada həm real, həm mücərrəd şəkildə toxunan qarmağabənzər belə təsvirlər daha geniş yayılıb. Keçmiş dövrün türk, türkmən, Azərbaycan xalılarında əjdaha başlıca bəzəklərdən sayılıb. Dünya xalqlarının ibtidai ornament sənəti ilə məşğul olan rus alimi Bobrinski hələ 1898-ci ildə Qarabağda qazıntı işləri aparan alman dili müəllimi E.Reslərə məktub göndərib, Qarabağ xalçalarında tez-tez rast gəlinən qarmağabənzər naxışın mənşəyini öyrənməyi ondan xahiş edərək yazıb: "...Mən əminəm ki, hazırda rəmzi mahiyyətli bu bəzək uzaq keçmişdə real varlığı təmsil edib. Ona görə də biz onun əcdadlarını canlı təbiətdə axtarmalıyıq..." Qarmağabənzər bu mücərrəd rəsm elementi Qarabağ və Qazax xalçaçılığında xüsusilə geniş yayılıb. Bu regionun xalçaçıları onu "əjdaha" adlandırırlar. Qarabağın "Vərni" adlı xovsuz xalılarında sayı 24-ə çatan böyük həcmli bu tip mücərrəd təsvirli əjdahalara da rast gəlinir. "Vərni"lərdə əjdahalar adətən xalı boyu simmetriya əsasında yerləşdirilib. Onlar uzun quyruq və qoşabuynuzlu təsvir olunub. Adətən əjdaha təsvirinin daxili hissəsində elə bil ki, su üzərində süzən quşlar toxunub. Qocaman toxucuların verdiyi məlumatlara görə, bunlar əjdahanı suyun qoruyucusu kimi təmsil edirlər. Əcaib ilanabənzər bu heyvan Azərbaycan xalq nağılları və dastanlarında da suda yaşayıb, suyun qoruyucusu kimi təsvir edilir. Azərbaycanda stilizə edilmiş əjdaha təsvirlərindən təşkil edilən paxlava kompozisiyası sxemində də xalçalar toxunub. Xalq arasında "Xətayi" adını almış bu tip kompozisiyalı xalılar çox geniş yayılaraq dünya muzeylərinin bəzəyinə çevrilib. Onun ən gözəl nümunələri hazırda İstanbulun xalı muzeyində, Nyu-Yorkun Metropoliten, Budapeştin Dekorativ Sənətlər muzeyində və başqa yerlərdə qorunub saxlanır. Azərbaycan folkloru və mifologiyasının bilicisi Mirəli Seyidovun fikrincə Xatay (Xətayi) sözü öz-özlüyündə qədim bir türk qəbiləsinin adıdır. Bayat qəbiləsinin avşarı adlı musiqi melodiyaları olduğu kimi, çox güman ki, Xatay qəsəbəsinin də əjdaha təsvirli "Xətayi" xalıları olub. Görkəmli türk alimləri Emel Esin və Oktay Aslanapa tarixi mənbələrə əsaslanaraq xalça üzərində əjdaha təsvirinin Qafqaz, İran və Anadoluda yayılmasını türk qəbilələrinin Orta və Mərkəzi Asiyadan qərbə doğru axını ilə əlaqələndirirlər".
Araşdırmaçılar hesab edir ki, xalçalarımızda əjdaha motivinə geniş yer verilməsi əbəs yerə olmayıb: "Çünki o, uzaq keçmişlərdən türkdilli xalqların həyatı, məişəti, folkloru, mifologiyasında görkəmli yer tutub. Məsələn, Azərbaycanın bir sıra yerlərində bu günədək ilan və əjdaha totemi ilə əlaqədar yer adları var. Naxçıvanda "İlan dağı", Qazaxda "Əjdaha qayası" və s. Belə adlara biz hazırda Ermənistanda Göyçə gölü ətrafında azərbaycanlılar yaşamış yerlərdə də təsadüf edirik. İcevan (keçmiş karvansaray) rayonunun Çaylı kəndində "Əjdaha yurdu" adlanan yer buna misal ola bilər. Əjdaha obrazı Azərbaycan xalq nağıllarında aparıcı mövzu ilə üzvi surətdə bağlı olub. Məsələn, "Məlikməmməd", "Tapdıq", "Qara at" nağıllarında əjdahaya geniş yer verilib.
Araşdırmalar göstərir ki, xalı sənəti üzərində əjdaha həmişə müsbət totem olmayıb. Vaxt olub ki, o, xalçada bir şər obrazı kimi çıxış etməyə başlayıb. Həm də bu zaman o, tək deyil, xeyirxah obraz sayılan simurq quşu ilə mübarizədə təsvir edilib. Bu tip kompozisiyalı təsvirlər Azərbaycan xalçaçılığında XV yüzildən izlənməyə başlayıb və XVI-XVII yüzildə Təbriz xalçalarında ən yüksək inkişaf mərhələsinə çatıb. Xalça ornamentlərimizin xalqımızın tarixi, mifologiyası və folkloru ilə əlaqəsini xalçalarımız üzərində təsadüf edilən ağac təsvirləri də təsdiq edir. Keçmişdə türkdilli xalqlarda ağaca inam çox güclü olub. Mənbələr göstərir ki, türklər ağaca bir yaradıcı qüvvə kimi baxıb, ona sitayiş ediblər. Ağaclara "Həyat ağacı", "Ana ağacı" kimi adların verilməsi və xalq arasında onun doğum piri sayılması da bu anlayışdan gəlmədir. Həm xalça sənətimiz üzərində, həm də folklor mifologiyamızda ən çox təsadüf edilən sərv, nar, palıd ağacları olub. Rəvayətə görə, sərv ağaclarının ilk şaxələri behiştdən gətirilib. Sonralar Zərdüşt sərv ağaclarının birini Kaşqarda (Türküstan), o birinisə Xorasanda əkərək yaymağa başlayıb. Sərv ağacının təsvirinə biz klassik ədəbiyyatımızda daha çox rast gəlirik".

Uğur