“Gürcüstandan sevgi ilə” adlı sərgi keçiriləcək Mədəniyyət

“Gürcüstandan sevgi ilə” adlı sərgi keçiriləcək

Tərlan

Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin birgə təşəbbüsü ilə 2014-cü il, noyabrın 18-də, saat 17.00-da Azərbaycan Milli İncəsənət Muzeyinin Niyazi 11 ünvanında "Gürcüstandan sevgi ilə" adlı sərgi keçiriləcək. Gürcü rəssamlıq məktəbi olduqca zəngin ənənənələrə malikdir. Bu məktəbin tarixi kökləri Qərbi Gürcüstanın qədim Kolxida əyalətindən və Orta əsrlərə aid milli freska rəssamlığından başlayıb. Ötən əsrin tanınmış rəssamı Niko Pirosmani bu ənənələrə yeni çalarlar gətirıb, 20-ci illərdə Parisdə yaşayıb yaradan David Kakabadze, Elene Axvlediani, Lado Qudiaşvili və digərləri bu məktəbin nümayəndələrini dünya incəsənətində yenilik kimi təşviq edərək, onlarla Qərbi Avropa mədəniyyəti arasında sıx əlaqə yaratdılar.
50-ci illərdə Gürcüstanda bir qrup rəssam (Gürcüstanın avanqard rəssamlar qrupu - "Arxivariuslar" və "10-cu mərtəbə" timsalında) tərəfindən fərqli konsepsiyaların tətbiq edilməsi müasir sənət prosesini özündə əks etdirərək, vizual üslubların formalaşmasında mühüm rol oynadı. XXI əsrin əvvəlində Avropa rəssamları kimi Gürcüstan rəssamları da insan ideallarını formalaşdırmaq zərurətini aydın şəkildə hiss edirdilər. Onları da bütün bəşəriyyətin üzləşdiyi problemlər - idealların iflasa uğraması, total zorakılıq, absurd müharibələr, ekoloji, sosial və iqtisadi fəlakətlər narahat edirdi. Onlar hesab edirlər ki, bu vəziyyətdən yeganə çıxış yolu əbədi dəyərləri yaşatmaqdır.
Çağdaş gürcü rəssamlığı müxtəlif rəng çalarlardan ibarət mozaikaya bənzəyir, üslub və semantika baxımından, sənət əsərlərinin avanqard mahiyyəti ilə seçilir, tarixi çərçivəyə salınmasına baxmayaraq heç zaman burda məhdudlaşıb qalmır. Bakıdakı bu sərgi milli incəsənət prosesinin bir hissəsinə həsr olunub və Gürcüstanın bütün müasir incəsənətini əks etdirmir. Əsərləri sərgilənən rəssamların (Mamuka Tsetsxladze, Şalva Matuaşvili, Ömər Kaçkaçişvili, Camal Kuxalaşvili, Laşa Kuxalaşvili və digərləri) üslubunda bədii hədəflər fərqinə baxmayaraq, milli təcrübə, zəngin ənənələrlə sıx əlaqəsini qoruyub saxlaya bilib. 62 rəngkar və qrafik rəssamın 130-a yaxın əsərinin nümayiş olunduğu sərgi iki həftə davam edəcək.