Əməkdar artist: “Dedilər onu işə götürməyin” Mədəniyyət

Əməkdar artist: “Dedilər onu işə götürməyin”

Tanışlıqla kursdan-kursa keçən tələbədən nə aktyor çıxacaq?

Əməkdar artist Vahid Əliyev Azərbaycanda keçirilən III Ümumrespublika Teatr Festivalını milli teatrımızın inkişafında təkan kimi qiymətləndirib. Lent.az əməkdar artistin müsahibəsini təqdim edir.
- Hazırda Gənclərin III Ümumrespublika Teatr Festivalı keçirilir. Sizcə buradan çıxan gənclər gələcəkdə teatrlarımızın aparıcı aktyorlarına, yaxud rejissorlarına çevrilə biləcəklər?
- Buna mənim heç şübhəm yoxdur. Gözəl deyimi yada salaq: "Papaq altda yatan oğullar var." Sadəcə tapıb üzə çıxarmaq, onlara dəstək olmaq lazımdır ki, istedadlarını nümayiş etdirə bilsinlər. Əsas odur ki, onların teatra hədsiz sevgisi olsun. Yoxsa yalandan qiymət yazdırıb, tanışlıqla kursdan-kursa keçən tələbədən nə aktyor çıxacaq? Bir neçə il bundan öncə, gözəl aktrisamız Şəfiqə Məmmədova məni Mədəniyyət və İncəsənət Universitetinə müəllim kimi dəvət edəndə ona zəng edib demişdilər ki, Vahid Əliyevi işə götürməyin. Soruşmuşdu niyə? Demişdilər ki, tələbələrə qiymət yazmayacaq. Ona görə yox ki, mən onlardan rüşvət alacağam, qətiyyən. Şükür Allaha, mən ailəmin ruzusunu qazanıram. Sadəcə olaraq, bunu ona görə demişdilər ki, mən çox tələbkaram. Tələbədən hazırlıqlı olmağı, elm öyrənməyi tələb edirəm.
Ancaq istedadlı gəncə can qurban! Mən onların gələcəyinə inanmasam, deməli öz oğlumu və qızımı inkar etmiş oluram. Çünki yeni nəsil də mənim övladlarımdır. Sadəcə bu gün gənclərin sənətə marağı azalıb. Mən əcnəbi kanallara da baxıram və görürəm ki, yalnız bizdə deyil, bütün ölkələrdə bu baş verir. "Aşıq gördüyünü çağıran" kimi mənim gənclərim də dünyaya baxıb, onlar kimi hərəkət edir. İnternet əsrində yaşayırıq, dünyaya çıxış çox asandır. Amma gənclərin yüngül əyləncə arxasınca qaçması təqdirəlayiq deyil.
- Bəs teatrı gənclərə necə sevdirmək olar? Onları teatra cəlb etmək, maraqlandırmaq üçün nə etmək lazımdır?
- Bu məsuliyyət birbaşa sənətkarların üzərinə düşür. Sənətkarlar onlara yol göstərməli, bu sənəti sevdirməlidirlər. Bax elə bu festivalı götürək, böyük təkandır. Gəncliyi bir araya yığmaq, onları bir-birləri ilə görüşdürmək. Mədəniyyət mübadiləsinə qoşmaq-görün necə gözəl işdir. Bu festivalların sayını artırmaq lazımdır. Mən bunun tərəfdarıyam. Bizim bölgələrimizdə nə qədər istedadlı gənclər var, yaxşı olardı ki, onlar hamısı bu festivala cəlb edilsin. Mənə çox maraqlıdır - onların ideyası, düşüncəsi və hazırladıqları tamaşalar... Böyük məmnuniyyətlə mən də iştirak edərdim.
- Vahid müəllim, festival çərçivəsində həm də ustad dərsləri keçiriləcək. Dəvət etsələr, yəqin qəbul edərsiniz?
- Təbii ki! Bilik və təcrübə mübadiləsi-bunu yalnız alqışlamaq olar. Çox istərdim ki, bu sənətin fədaisi olan aktyor və rejissorlarımız bura cəlb olunsun. Çünki onlar əsl sənətin hansı çətinliklər bahasına başa gəldiyini bilirlər. Sənətinin dəlisi olan insanlar teatrı seçmək istəyən gəncləri çox mətləblərdən agah edə bilər. Mən özüm onlara üç vacib məsləhət vermək istərdim. Birinci özlərini dərk etsinlər. İkincisi, sən hansı millətə məxsussan, tarixin, mədəniyyətin-bunu anlamalısan, üçüncüsü xalqın qarşısında öz borcunu, vəzifəni dərk etməlisən. Yalnız teatrı deyil, hər hansı bir sahəni seçən gənc ilk növbədə bu üç nəsihəti qulağında sırğa eləməlidir. Bir də unutmasın – aktyor səmimiyyəti ilə seçilməlidir. Əgər o tamaşaçısını inandıra bilmirsə, publika onu sevməyəcək. Mən festivala qatılan gənclərimizə bunu bacarmağı arzulayıram. O halda, böyük aktyor ola biləcəklər.
Qeyd edək ki, AR Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, ASSİTEJ - Azərbaycan Milli Mərkəzinin dəstək verdiyi Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.