Turizmin inkişaf strategiyası hazırlanıb Mədəniyyət

Turizmin inkişaf strategiyası hazırlanıb

Bu sahənin inkişafı daha effektli dövlət tənzimləmə mexanizmləri tələb edir

Tərlan

Qeyri-neft sahələri arasında prioritet mövqelərdən birini tutan turizm sənayesinin inkişafı üçün Azərbaycan özünəməxsus resurslara və potensiala malikdir. Sözügedən sahə üzrə bu günə qədər həyata keçirilən Dövlət Proqramları və digər normativ-hüquqi sənədlər ölkənin turizm sahəsində əsas inkişaf prioritetləri, perspektivləri və problemlərin həlli istiqamətində atılan mühüm addımlar olmuşdur. Son illərin turizm statistikası sənayenin bu növünün ölkəmizdəki inkişaf səviyyəsinə və dinamikasına əyani bir sübutdur. Təsadüfi deyil ki, turizm sahəsindəki inkişaf tempinin əsas göstəriciləri kimi qəbul edilən gəlmə turistlərin sayı, onların Azərbaycanda turizm məqsədilə çəkdikləri xərclər, yerləşdirmə vasitələrinin, turizm müəssisələrinin, mehmanxana və mehmanxana tipli müəssisələrdə gecələmələrin və yerləşdirilmiş şəxslərin sayı və bir sıra digər göstəricilərdə artım müşahidə edilmişdir. Belə ki, 2006-cı ildən bugünə kimi ölkəmizə gələn xarici vətəndaşların sayı 1 193 742 nəfərdən 2 508 904 nəfərə, onların turizm məqsədilə ölkəmizdə çəkdikləri xərclər 91 mln. manatdan 1,2 mlrd. manata, ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 288-dən 527-ə, sözügedən obyektlərdə yerlərin ümumi sayı 24 706-dən 34 731-ə, turizm sahəsində çalışan işçilərin sayı isə 5 117-dən 9 847-ə çatmışdır.
İnkişafın bu mərhələsində müasir turizm sənayesinin iqtisadi, sosial, ekoloji və digər tələblərə cavab verməsinin, eləcə də davamlı inkişafının təmin edilməsi dövlətin qarşısında duran mühüm vəzifələrdən biridir. Mədəniyyət və Turizm Nazirliyi turizm sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi üçün "Turizm haqqında" yeni Qanun layihəsini hazırlanmışdır. Ümumdünya Turizm Təşkilatının və Avropa İttifaqının "Tvininq" layihəsinin ekspertlərinin təklif və tövsiyələrinin yer aldığı "Turizm haqqında" yeni Qanun layihəsində müasir turizm sənayesinin daha effektli idarə olunması üçün mühüm institusional, tənzimləyici yeniliklər və qabaqcıl təcrübələr öz əksini tapmışdır.
Qanun layihəsində institusional yeniliklər kimi, turizm və rekreasiya zonalarının, turizm bürolarının, sosial turizm komissiyalarının, dövlət mülkiyyətində olmayan turizm informasiya mərkəzlərinin və turizm informasiya-biznes mərkəzlərinin yaradılması, elmi tədqiqatların aparılması üçün müvafiq qurumların təsis edilməsi və s. müddəalar yer almışdır.
Həmçinin, tənzimləyici yeniliklər kimi, "turizm sahəsində qanunvericilik" maddəsinin genişləndirilməsi, korporativ idarəetmə standartlarının hazırlanması və onların turizm sahəsində dövlət tənzimləməsinin əsas prinsiplərdən biri kimi müəyyən edilməsi, dövlət turizm reyestrinin yaradılması və aparılması, turizm sahəsində fəaliyyət və xidmət növlərinin yeni təsnifatının nəzərdə tutulması, turizm və yerləşdirmə fəaliyyətinin dövlət tənzimlənməsinin təkmilləşdirilməsi, turizm sahəsində bağlanan əqdlərin təsnifatının verilməsi, turizm təhlükəsizliyi konsepsiyasının hazırlanması və həyata keçirilməsi və s. müddəalar əks olunmuşdur.
Qeyd olunan Qanunun tətbiqi Azərbaycanın turizm potensialının daha da inkişaf etdirilməsi, turizm sahəsində biznes proseslərinin səmərəli istifadəsi və dövlət tərəfindən turizm fəaliyyətinin tənzimlənməsi və turizm sənayesinə verilən dəstəyin artırılmasında geniş imkanlar yaradacaqdır.
Azərbaycanın turizmi sənayesinin yaxın on il üçün əsas inkişaf istiqamətlərini müəyyən edən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış digər bir mühüm sənəd "2015-2024-cü illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası"dır.
Turizmin inkişaf strategiyası Azərbaycanda turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları və bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm inkişaf istiqamətlərini əks etdirən sənəddir. Hər iki sənəd hal-hazırda daxili proseduralardan keçir və sonra həm ictimaiyyətə, həm də Milli Məclisə təqdim ediləcəkdir. İnanırıq ki, qeyd olunan sənədlərin tətbiqi ölkəmizdə həyata keçirilən turizm siyasətində, bu sahənin inkişafında, eləcə də turist axının və turist gəlirlərinin artmasında, Azərbaycanın turizm bazarının dünyanın turizm bazarına inteqrasiya olunmasında uğurlar qazanılmasını təmin edəcəkdir.