Azərbaycanda başqa xalqlarda qarşılığı olmayan nağıl süjetləri tapılıb Mədəniyyət

Azərbaycanda başqa xalqlarda qarşılığı olmayan nağıl süjetləri tapılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutu tərəfindən həyata keçirilən "Azərbaycanın Qarabağ bölgəsinin folklor nümunələrinin toplanılması, sistemləşdirilməsi, arxivləşdirilməsi və dəyərlənləndirilməsi" layihəsinin 2014-cü il mərhələsi başa çatıb. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, toplanmış materiallar əsasında hər biri 30 çap vərəq həcmində 9 kitabdan ibarət "Qarabağ: folklor da bir tarixdir" toplusu çap edilmiş, "Qarabağ folklorunun problemləri və perspektivləri" mövusunda I beynəlxalq və 3 elmi konfrans keçirilib. Layihə çərçivəsində bölgədən toplanılmış mifoloji mətn, əfsanə, rəvayət, nağıl, lətifə, atalar sözü, məsəl, bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, oyunlar, uşaq folkloruna aid digər nümunələr və s. sistemləşdirilərək elmi ictimaiyyətə çatdırılıb. İlk dəfə qaçaqlarla bağlı çoxsaylı rəvayətlər əldə edilib, Qarabağın bir sıra lətifə qəhrəmanları, peşəkar nağıl söyləyiciləri üzə çıxarılıb. Müəyyən edilib ki, 40-dan artıq nağil süjeti Azərbaycanda ilk dəfə toplanıb üzə çıxarılan nağıl süjetləridir və həmin süjetlərin 30-nun beynəlxalq "Aarne-Tompson Kataloqu"nda qarşılığı yoxdur. Digər xalqlarda qarşılığı olmayan həmin nağıllar sırf Azərbaycan nağıllarıdır və müasir folklorşünaslıq elmi üçün əhəmiyyətli tapıntıdır.