Uşaq oyunlarının xarakteri Mədəniyyət

Uşaq oyunlarının xarakteri

Oyunlar uşaqları Vətənin cəsur əsgəri, fədakar döyüşçüsü əzmində tərbiyələndirir

II yazı

Uşaq oyunları hər şeydən əvvəl, əvvəlcə insana böyük-kiçik yerinin olduğunu anladır. Yəni böyüyün öz yeri, kiçiyin öz yeri, hələ desəm, ortayaşlının - yeniyetmənin də bu oyunların xarakterində öz yeri var. Bəs gizlənpaç oyununun uşaqlara aşıladığı ideya-tərbiyəvi xüsusiyyəti nədə ifadə olunur? Məktəbəqədər yaşlılarda saya bilmək yaddaşını möhkəmləndirir, həmçinin uşaqlarda kollektiv həmrəylik duyğusu formalaşdırır. Belə ki, müəyyən sayda tay-tuşlar bir yerə toplaşır, onlar birləşib-sözləşib eyni hərəkəti icra etməklə - qaçıb gizlənmə və onların arasından əbə (sayan) rolunu oynayanın oynayanın gözünü yumub sayar, oyunçu tərəfindən axtarılıb-tapılması macərası ətrafında birlik nümayiş etdirirlər. Eyni zamanda uşaqlarda fəhm duyğusu formalaşır, gözlərini yuman oyunçu gizlənən yoldaşlarının harda gizlənə bilməsi ehtimalını şüurunda yəqinləşdirmə hissinə yiyələnir, gizlənən yoldaşlar isə harada gizlənə bilməyin daha əlverişli üsulunu fikirləşib axtarırlar. Bundan başqa, qaçma əməliyyatı - gəlib yoldaşından tez əlini daşa vurma kimi fiziki idman hərəkəti edirlər ki, bu da bədənin bərkiyib-bişməsi yolunda ilkin idman qaçış növünü özlüyündə səciyyələndirir. Beləliklə, bununla həm də ilkin təsəvvürdə gizlədilmə və tapılma hisslərinin rüşeymləri formalaşır. Bu da nəyin, kimin harada ola bilməsi, gizlənə bilməsi kimi ehtimal hisslərinin uşaq yaddaşına təsiri ilə nəticələnir. Bütün bunlar və bu kimi amillər gizlənpaç oyununun uşaqlarda ilkin ictimai-tərbiyəvi hisslər təlqin etdiyinin göstəriciləri kimi düşünülməlidir.
İndi də keçək eşşəkbeli (ənzəli) oyununun daşıdığı sosial-psixoloji mahiyyətin yozumuna. Heç vaxt yadımdan çıxmaz. Kəndimizin aşağısında bir dərədə - böyüklərin nəzərini çox da cəlb etməyən bir ərazidə yuxarı yaşlı uşaqlar "eşşəkbeli" oynamağa hazırlaşırdılar. Mənim onda heç bu oyunun necə keçirilməsi, hansı qayda və şərtlərlə icra olunması haqqında təsəvvürüm belə yox idi. Gördüm uşaqlar mənə işarə ilə: "O, hələ çox balacadır, bu oyuna dözüş gətirə bilməz" - deyib özlüklərində qərar çıxartdılar. Bu səhnə özü bir daha uşaq oyunlarının yaş mərhələlərinə və yaş psixologiyasına uyğun qruplaşdığından xəbər verirdi. Azacıq sonra oyun başlandı, mən də uşaq ağlımla oyunu bir az müşahidə edib, onların bu normadan kənar "qeyri-etik" hərəkətlərindən təəccüblənib, ordan uzaqlaşdım. Uzun müddət bu oyunun keçirilməsini vəhşiyanə hərəkətlər kimi düşündüm. Bu gün isə bir mütəxəssis gözü ilə yanaşıb, oyunun mahiyyəti və xarakteri ilə bağlı mülahizələrimi bildirirəm. Əvvəlcə mərhum folklorşünas Azad Nəbiyevin oyunların tarixi inkişaf mərhələsilə bağlı fikirlərinə müraciət edək: "Oyunların ilkin yaradıcılıq mərhələsi şamanist görüşlərdən şübhəsiz ki, çox-çox əvvəl mövcud olub. Oyunların yaranma və inkişafının birinci mərhələsi rəqslərlə bağlı idi. Daha doğrusu, ilkin oyunlar rəqslər daxilindəydi. Rəqsdaxili oyunları ayrı-ayrı mənalar ifadə edən rəqslərdən qoparıb ayrı şəkildə götürmək mümkün deyil. İlkin oyunlar rəqslər daxilində primitiv məna çalarlarına malik olub. Oyunların ikinci mərhələsi onların rəqslərdən ayrılıb, asudə vaxtlardakı əyləncə məqsədinə tabe edilməsindən başlayıb.
Bu mərhələdə oyunlar artıq ünsiyyət vasitəsi rolu oynamır. Onlar rəqslərdən tam ayrılır, xalq yaradıcılığının yeni bir janrı kimi formalaşmağa başlayır. "Oyun" sözü türklərin "oynamaq" söz kökü ilə bağlı yaranıb. Türkdilli xalqların içərisində "oy"un ağıl, hikmət mənaları var. Ağılı, hiyləni hərəkət vasitəsi ilə ifadə etmək isə oyunların yaranmasında mühüm amil olub. Məsələn, elə qaya rəqsləri daxilindəki oyunlara nəzər salsaq görərik ki, onlar müəyyən fikri, hikməti kiməsə, bəlkə də qəbilə və ya tayfa başçısına, onun ayrı-ayrı üzvlərinə yetirmək məqsədilə düşünülüb cızılmış rəsmlərdir".
Göründüyü kimi, A.Nəbiyev burada həm də oyun sözünün etimologiyasından çıxış edib, ağıl, hikmət mənaları verdiyini bildirir, oyunların yaranmasındakı əsas amillərdən birinin "ağılı, hiyləni hərəkət vasitəsilə ifadə etməyi" ilə əlaqələndirir. Bəli, oyunlar əslində ağılın hərəkət vasitəsilə təcəssümüdür. Oyunların daxili nüvəsində uşaqların yaradıcılıq məharətlərini inkişaf etdirmək, onları həyata alışdırmaq, cəmiyyətə kamil insan kimi hazırlamaq missiyası dayanır. Uşaq oyunlarının məzmun və strukturunda sadədən mürəkkəbə doğru istiqamət isə uşaqların yaş dövrləri dəyişdikcə bunların da öz növbəsində ardıcıllıqla öz-özünə tənzimlənməsi prinsipini əks etdirir. 10-cu sinfin dərs yükünü 1-ci sinif şagirdinin üstünə yıxmaq, ya əksinə, mümkün olmadığı kimi, eləcə də uşaq oyunlarının da sadəsi ilə mürəkkəbini azyaşlılarla yuxarıyaşlılar öz aralarında bölüşdürürlər. Bu nizamlanma nəinki təkcə yaş psixologiyasına görə müşayiət olunur, hətta gender problemi də burada təbiiliklə öz yolunu tapır. Belə ki, uşaq oyunlarının cinsi mənsubiyyətə görə də seçilib-fərqlənməsi aydın nəzərə çarpır. Bu da oğlan və qızların bir fərd olaraq formalaşmasında uşaq oyunlarının mühüm funksiya daşıdığının bir əyani göstəricisidir.
Elə oyunlar var ki, yalnız oğlanlar tərəfindən, icra edilirsə, elələri də müştərək halda - oğlanlar və qızların birgə iştirakı ilə oynanılır. Bu da uşaq oyunlarının təbiətindən irəli gəlməklə həm də uşaq dünyası ilə sıx bağlı olub, onları həyata hazırlamaqda ilkin bünövrə rolunu oynamaqlarını göstərir. Ənzəli oyununda 10-a kimi uşağın iştirakı ilk növbədə uşaqlarda kollektivçilik əhval-ruhiyyəsini formalaşdırır. Uşaqlardan ən diribaşının, yaxud nisbətən yaşca böyük olanının oyuna rəhbərlik-nəzarət etməsi burada həm də kollektivdə liderlik qabiliyyəti ola bilənin özünü oyun daxilində reallaşdıra bilməsidir. Başqa sözlə, idarəçilik hissi ilkin rüşeymlərini uşaq yaddaşına yeridir. Həmin liderin - oyun aparıcısının püşk atmaq məqsədilə əlində-ovcunda çöp tutması və çöpün tapılması şərtini kəsməsi, həmin çöpün oyun iştirakçısı tərəfindən tapılıb-tapılmamasını dəqiqləşdirmək üçün hər iki ovcunu oyunçular qarşısında açıb göstərməsi amili isə oyunda şəffaflığın təmin edildiyini göstərir. Bu da oyunçuların şəffaflıq prinsipinə və demokratik ab-havaya kökləndirilməsi deməkdir, gələcəkdə yetkinlik yaşına yetdikləri vaxtda isə onları demokratik əhval-ruhiyyəli gənclər kimi hazırlamağa xidmət edir. Çöpü tapmayan oyunçunun cəzalandırılması və belini aşağı əyib "yatması" da elədiyi yanlışa (səhvə) göz yummadan razılaşma əlamətini ifadə edir və bu, insanda öz günahını-səhvini etiraf etməsi kimi alicənablıq duyğusu oyadır. İndiki dövrdə heç kəsə elədiyi səhvini-günahını boynuna götürtmək olmur, ancaq bu, gender problemi də burada təbiiliklə öz yolunu tapır. Belə ki, uşaq oyunlarının cinsi mənsubiyyətə görə də seçilib-fərqlənməsi aydın nəzərə çarpır. Bu da oğlan və qızların bir fərd olaraq formalaşmasında uşaq oyunlarının mühüm funksiya daşıdığının bir əyani göstəricisidir. Elə oyunlar var ki, yalnız oğlanlar tərəfindən, icra edilirsə, elələri də müştərək halda - oğlanlar və qızların birgə iştirakı ilə oynanılır. Bu da uşaq oyunlarının təbiətindən irəli gəlməklə həm də uşaq dünyası ilə sıx bağlı olub, onları həyata hazırlamaqda ilkin bünövrə rolunu oynamaqlarını göstərir.
Oyunun icra tərzi ilə bağlı da məqamlara aydınlıq gətirək. Əllərini dizlərinə dayamaqla belini aşağı əyən oyunçunun beli üstündən dəstədəki oyunçuların 7-8 dəfə, ya 10 dəfə tullanıb-keçmələri oyunun şərtinin ağır olduğunu-bərkimiş əzələlərə və möhkəm, sağlam cana malik olub, ağırlığa və vurulan zərbələrə-şillələrə dözə bilməyi tələb edir. Bu, həm də hardasa oyunda qabalığın - "kobud rəftarın" da olmasını göstərir. Deməli, ənzəli oyununun oğlanlar arasında keçirilməsinin əsas sirri də məhz bu amillə bağlıdır ki, qızlar incəlik, nəzakətlilik daşıyıcıları olduqlarından, bu oyun onlara şamil edilmir. İkincisi, oğlanlar gələcəyin kişiləridirlər, kişilərin təbiətində isə kişilik xarakteri-dözümlülük, iradə, səbir olmalıdır. Demək, oyundakı "qabalıq" da, əziyyətlərə tablaşmaq tələbi də yuxarıyaşlılar arasında keçirilmək prinsipini şərtləndirir, yəni azyaşlıların bərkiməmiş bədənləri bu ağırlığa, zərbəyə tab gətirməz, nəticədə orqanizmləri zədələnə bilər, sümükləri çat verə bilər və s. Nəticəsi isə acınacaqlı olar. Bu fakt da onu göstərir ki, uşaq oyunlarının yaş etibarilə təsnifata bölünməsi müəyyən reallığa əsaslanır, həmçinin cinsi mənsubiyyətə görə uşaq oyunlarının bir-birindən ayrılması amili də o cümlədən.
Oyunun icra ardıcıllığında bir təbii harmoniyanın gözlənilməsi də var. Belə ki, ilk dəfə belindən atılarkən "birdə – yəni birinci dəfədə yumşaq keçərlər" deyib, ehmalca - ehtiyatla oyunçunun belindən o tərəfə aşırlarsa, ikinci dəfə bir qədər möhkəm tərzdə kürəyinə ağırlıqlarını salıb ("ikidə qulunc əzərlər" deməklə) keçmələri, "üçdə sillə çəkərlər" deyib, kürəyinə şillə vurmaqla keçmələri, növbəti dəfə "yambız vurub keçərlər" tələbilə bu zərbəni bir az da ağırlaşdırmaları və s. onu göstərir ki, tədrici şəkildə şərtlər ağırlaşdırılır. Bu isə onu nümayiş etdirir ki, əvvəlinci sınaq xarakteri daşıyır, uşağın - oyunçunun ilk "yumşaq keçmə"yə dözüş gətirib-gətirməyəcəyi yoxlanılıb-dəqiqləşdirildikdən sonra oyun qaydasına düşüb öz ritmi-tələbi, axarı ilə davam etdirilir. Həm də bu, tibbi baxımdan da düzgün olub, bədənin zərbəyə müqavimət dərəcəsini yoxlamaqla həm də artırmağa doğru yönəldilmiş oyun (idman) hərəkəti olur. Oyunun bu cür prosesi yeniyetmə oğlanlarda acizlikdən-fağırlıqdan uzaq olmaq duyğusu formalaşdırır, onları gələcəyin cəsarətli dözümlü kişisi, Vətənin cəsur əsgəri, fədakar döyüşçüsü əzmində tərbiyələndirir. Etiraf edək ki, gənclərimiz bu gün yüngül kompyuter oyunlarına o qədər aludə olublar ki, oğlanlarımızın təbiətində bir acizlik, əfəllik, "nazəninlik" hissi yaradıb.
Mənə elə gəlir ki, Qarabağ bölgəsində uşaqlar arasında keçirilən "çilə-çilə", "mak-mak", beşdaş, daşqalama və s. cürbəcür uşaq oyunlarının hər birisi ilə bağlı da bu cür açıqlamalar vermək olar və bu oyunların hər birinin mahiyyətində gizlənən estetik-tərbiyəvi hissləri görmək olar. Bəli, uşaq oyunlarının xarakterində də xalq müdrikliyinin təcəssümü özünəxas qaydalarla - sözün oyun hərəkətlərinə çevrilməsi şəklində, sözün hərəkətlərlə ifadəsi olaraq əksini tapır.

Şakir Albalıyev,
filologiya üzrə fəlsəfə doktoru