Qırğızıstanda xalq yazıçısı Anarla görüş keçirilib Mədəniyyət

Qırğızıstanda xalq yazıçısı Anarla görüş keçirilib

Bişkekin A.Maldıbayev adına Milli Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anarla görüş keçirilib. AYB-dən APA-ya verilən məlumata görə, görüşə xalq şairi Fikrət Qoca, birliyin gənclər katibi Rəşad Məcid, Qırğızıstanın şair və yazıçıları, elm, mədəniyyət və incəsənət xadimləri qatılıblar. Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov Anarın yubileyinin Qırğızıstanda keçirilməsini ölkələrimizin mədəni həyatında mühüm hadisə adlandırıb.
Qırğızıstan mədəniyyət və turizm nazirinin birinci müavini Akimbek Tekeşov iki ölkə arasında mədəni sahədə əlaqələrin indiki səviyyəsi haqqında məlumat verib, Anarın Qırğızıstanda da yaxşı tanındığını bildirib.
Mərasimin bədii hissəsində Azərbaycanın xalq artistləri Möhlət Müslümov, Fəxrəddin Dadaşov və Mələkxanım Əyyubova, həmçinin Qırğızıstanda yaşayan müğənni Şahmar Tapdıqov muğam, xalq və bəstəkar mahnılarını ifa ediblər.