“Güney Azərbaycan folklore” Mədəniyyət

“Güney Azərbaycan folklore”

Kitaba Səməd Behrəngi və Bəhruz Dehqaninin ana dilində topladığı nağıllar daxil edilib

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuş "Güney Azərbaycan folkloru" - III kitaba Güney Azərbaycandan toplanmış folklor örnəkləri - Səməd Behrəngi və Bəhruz Dehqaninin ana dilində topladığı nağıllar (Bakı, "Elm və təhsil" nəşriyyatı, 2014, 228 səh.) daxil edilib. Layihənin rəhbəri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov), elmi redaktoru və ön sözün müəllifi, fil.ü.f.d. Mətanət (Abbasova) Maşallahqızıdır.
Kitabın ön sözündə qeyd olunur ki, Azərbaycan mədəniyyəti tarixin müəyyən dönəmindən iki müxtəlif məkanda - Şimal və Cənub siyasi-coğrafi məkanında inkişaf etsə də, eyni xalqın milli-mənəvi düşüncə, təfəkkür bütövlüyünü qoruyub saxlayıb. Müxtəlif ictimai-siyasi şəraitə düşməsindən asılı olmayaraq, bütün dövrlərdə Azərbaycan folkloru ümumtürk etnokulturoloji özəlliyini əks etdirib. Şimalda Sovet siyasi rejimi, Cənubda Pəhləvi rejimi, heç şübhəsiz, xalqın mədəniyyətinə ideoloji baxımdan öz təsirini göstərib. Siyasi rejimlər xalqın mənəviyyatı və taleyi üçün nə qədər təhlükəli olsa belə, xalq minillərdən gələn özəl dəyərləri, ilkinliyə, soy-kökə bağlılığı yaşadıb. Bunun ifadəsi kimi istər Şimali, istərsə də Cənubi Azərbaycanda xalqın milli-mənəvi oyanışı nəticə etibarilə onun yaradıcılıq enerjisini daha çox folklor üzərində kökləyib, məhz şifahi xalq ədəbiyyatı xalq ruhunun özünüifadəsinə çevrilib.
Təsadüfi deyil ki, bu dövrdən başlayaraq Cənubda ayrı-ayrı Azərbaycan ziyalıları, yaradıcı şəxslər mənəvi irsin araşdırılıb təbliğ edilməsi kimi milli vəzifəni öz boyunlarına götürmüşlər. Belə vətənpərvər yazıçı-publisistlərdən biri də 1950-60-cı illərdə Cənubda Azərbaycan folklorunun toplanması, tərcümə və təbliği işinə böyük əmək sərf edən Səməd İzzət oğlu Behrəngi olub. Səməd Behrəngi 1939-cu ilin iyununda Güney Azərbaycanın Təbriz şəhərinin Gerendab məhəlləsində yoxsul bir ailədə anadan olub. İlk təhsilini Təbrizdəki "Dəbristani-Tərbiyət və Daneşsərayi"də alıb, məktəbi bitirdikdən sonra Tufarqan mahalının Mamağan, Guqan və s. bölgələrində ibtidai məktəb müəllimi kimi çalışıb.
1956-1961-ci illərdə Səməd Behrəngi Təbriz Universitetinin filologiya fakültəsinin ingilis dili şöbəsində təhsilini davam etdirib. Xalqın tarixi keçmişini, folklor və ədəbiyyatını mükəmməl bilən, ona xüsusi həssaslıqla yanaşan S.Behrəngi hələ tələbəlik illərində "Xənde" ("Gülüş") adlı həftəlik divar qəzeti buraxıb, ilk ədəbi-tənqidi və satirik qələm təcrübələrini də məhz bu dövrdə yazıb. Sonralar ictimai-siyasi, mənəvi-ideoloji prosesləri izləyən ədib dövrünün tanınmış qəzet və jurnallarında "S.Qaranquş", "Çingiz", "Babək", "Behrəng", "S.Adam", "Solma" və s. təxəllüslərlə çıxış edib. Ədəbi-ideoloji münaqişələr, Cənubda kütləvi düşüncə fəallığı və s. Behrənginin bədii əsərlərinin də mövzusuna çevrilib. Siyasi qadağalar, senzura şəraitində vətənpərvər ədib daha orijinal bir yol seçib, kiçik yaşlı məktəblilər üçün nağıllar yazmaqla, xüsusilə alleqoriya və təşxislərə yer verməklə örtülü şəkildə öz fikir və düşüncələrini yayıb. Böyüklərin də ayrıca marağına səbəb olan bu nümunələr sevilə-sevilə oxunub. Ədibin ilk hekayələri – "Adət", "Binam" 1959-cu ildə dərc olunub. 1967-1969-cu illər ərzində "Ulduz və qarğalar", "Cuğundursatan oğlan", "Balaca qara balıq" və s. Adda hekayə və nağıllar yazıb. S.Behrənginin "Balaca qara balıq" kitabı 1968-ci ildə Uşaq Kitabları Şurası tərəfindən qiymətləndirilərək "İlin kitabı" seçilib. Müəllimlik fəaliyyətinə başladığı illərdən ömrünün sonuna qədər S.Behrəngi Azərbaycan nağıllarının toplanması, fars dilinə tərcümə olunması üzərində çalışıb, həmkarı Behruz Dehqanı ilə birlikdə həmin nağılları nəşr etdirib.
Səməd Behrəngi kənd-kənd, oba-oba dolaşaraq xalq ədəbiyyatı nümunələrinin toplanması işinə böyük həvəs göstərib, onların yazıya alınaraq qorunması qayğısına qalıb. S.Behrənginin toplayıcılıq işi əslində Cənub folklorunun zəngin irsinin öyrənilməsinə verib. Qeyd edək ki, toplayıcılıq fəaliyyəti ədib üçün heç də asan olmayıb. Pəhləvi rejiminin yaratdığı təhlükələr, söyləyicilərin daha çox qadınlardan ibarət olması və bu baxımdan onlarla söhbətlərin aparılmaması və s. toplama işində yaranan çətinliklərin başlıca səbəbləri sırasındadır. Səməd Behrənginin tələbələrindən olan İ.D.Mamağani bu xüsusda müəllimi ilə bağlı xatirələrində yazırdı ki, S.Behrəngi tətil günlərində onlara gələr, hər gecə yeməkdən sonra anasının onlara nağıl söyləməsini səbirsizliklə gözləyərdi. Lakin anası bu nağılları öz oğluna danışar, Səməd müəllim də şagirdini təkrar dinləməklə onları yazıya alardı.
Əldə olunan toplama materiallarının ikinci bir sınağı bu nümunələrin doğma dildə çap edilib təbliğ olunması ilə bağlı idi. Ana dilində mətbuatın xüsusi senzura nəzarətində olduğu, Sovet, İran ideoloqlarının "o taylı – bu taylı" Azərbaycanı az qala iki müxtəlif xalq kimi təqdim etməyə çalışdığı bir vaxtda xalq ədəbiyyatı nümunələrinin fars dilinə tərcümə edilərək nəşri ən optimal təbliğ olunma variantı idi. S.Behrəngi və onun məsləkdaşları da məhz bu yollarla milli-mənəvi irsin itib-batmaması üçün çalışıblar.
S.Behrənginin toplama işində əldə olunan ən zəngin xalq ədəbiyyatı nümunələri içərisində nağıllar xüsusi yer tutur. Onun həmkarı Bəhruz Dehqani ilə topladığı nağıllar uzun illər diqqətdən kənarda qalıb. Yalnız 25 ildən sonra görkəmli folklorşünas Məmmədəli Fərzanə bu nağılları – Səməd Behrəngi və Bəhruz Dehqaninin toplama materiallarının Azərbaycan dilindəki orijinal variantını üzə çıxarıb. Təqdim olunan kitabdakı nağıllar da əldə edilən həmin orijinal mənbədəki nümunələrdir. Konkret olaraq mənbədə 42 adda nağıl mətni qeydə alınıb.
Milli yaradıcılıq üslubu, xalq həyat-məişəti və bədii söz yaratma mədəniyyəti bu nağılların ideya-məzmun xüsusiyyətləri, obrazlarında və s. sistemli şəkildə qorunmaqdadır. "Hacı Səyad qızı", "Əkinçinin qızı", "Pıs-pıslı bacı", "Narxatın", "Arvadların pəxməliyi", "Barat nağılı", "Gül Sinavərə neylədi, Sinavər gülə neylədi" və s. Azərbaycan nağıllarının ən geniş yayılmış nümunələrindən olmaqla o taylı – bu taylı irsimizdə eyni süjet, oxşar obraz, motivlərlə tərbiyəvi, nüfuzedici əhəmiyyətə malikdir. Kitaba daxil edilən "Səng səbir qolçağı, sən də?", "Qaynana", "Çox olsa bir oğuc, az olsa yarım oğuc" kimi nağıllar oxşar şəkildə Zəngilan sakinlərindən də toplanılıb. Obrazlar sistemi, poetik ifadə forması, süjet ardıcıllığı və s. hər iki variantda nağıl mətnlərində anoloji xüsusiyyətlərlə seçilir.
Variantlılıq, sujet törəmələrinə gəldikdə isə qeyd edək ki, toplanan nağıllar sırasında uyğun nümunələri müqayisə etmək mümkündür. "Pıs-pıslı bacı", "Pıs-pıslı Püstə xanım", "Qurbağa nağılı", "Ac siçan" nağıllarında nağılların məzmunu, təhkiyə üsulu, dialoqların təkrarlığı və s. demək olar ki, kiçik bir dəyişikliklərlə qorunur. "Pıs-pıslı bacı" – "Pıs-pıslı Püstə xanım" nağıllarında pıs-pıslının siçan bəyə ərə getməsi, su çuxurunda boğulması, siçanın ona yardımı və s. nəticə tamamilə eyni süjet əsasında qurulur. Sadəcə, ilk nağılda pıs-pıslı əvvəlcə it, qurbağa, sonra siçanla rastlaşır, ikinci nağılda isə pıs-pıslı qarşılaşdığı "beldarı" söyərək siçanla evlənir. "Qurbağa nağılı"nda isə yolda rastlaşan atlıları, eşşək dəstəsini, "mazı" oynayan bir dəstə oğlan uşağını, qızları yeyən qurbağa sonda qarının pişiyinin yeminə çevrilir. "Ac siçan" nağılında da hadisələr olduğu kimi davam etdirilir və nəticələnir. Yalnız burada qurbağa ac siçanla əvəz olunur.
Nağılların hansı ərazilərdən toplanması və informatorlar haqqında məlumatların olmaması qeyd olunan mətnlərin hansı yerli şərait və təhkiyəyə bağlılığı məsələsini müəyyənləşdirməkdə çətinlik yaradır. Təqdim olunan nağıllar sırasında heyvanlarla bağlı nağıllar da ayrıca yer tutur. Kitabda bilavasitə heyvanların iştirakına əsaslanan 7 nağıl mətni ("Tülkü gedir haca", "Keçi, qurd, köpək, dana", "Dəvə ilə tülkü", "Şir ilə tülkü" və s.) təqdim olunur ki, bu mətnlər xalq arasında geniş yayılmış bəlli nağıl süjetlərinə əsaslanır. Uyğun süjetlər daha çox heyvanlarla bağlı təsəvvürləri əhatə edir. Heyvanlarla bağlı nağılların digər bir hissəsi isə insanların da iştirak etdiyi nağıllardır ("Cücənin canqırı", "Ac siçan", "Qurbağa nağılı" və s.). Nağılların toplama materialı olaraq dili, təhkiyəsi mümkün dərəcədə qorunub. Deyim tərzi, nəqletmə üsulu sadə xalq dilinə əsaslanır ki, canlı danışıq dilindən irəli gələn idiomlar, alqış, qarğışlar və s. nağıl təhkiyəsinin özünəməxsusluğu olaraq seçilir. Yuxarıda da qeyd etdiyimiz kimi, toplayıcıların nağılları hansı ərazi, bölgələrdən toplaması haqqında orijinalda əlavə məlumata rast gəlinmir. Yalnız "Qızılala balıq" nağılının sonunda Tufarqan bölgəsinin adı qeyd edilir.
Bu baxımdan nağılların hansı yerli şivədə söylənildiyini biz öz araşdırmamıza əsaslanaraq qeyd edə bilərik. Müəyyən olunur ki, nağılların əksəriyyəti Təbriz, Mamağan və Tufarqan ərazilərindən toplanılıb. Şivə, dialekt xüsusiyyətləri, təəssüf ki, yetərincə qorunub saxlanılmayıb. Ayrı-ayrı məhəlli söz və ifadələr qorunsa da, ərəb-fars tərkibləri bir sıra nağılların dilini ağırlaşdırıb. Yeri gəlmişkən qeyd edək ki, yerli şivələrin xalq ədəbiyyatı nümunələrində mümkün variantlarda qorunması vacib bir məsələdir.
Səməd Behrəngi və Bəhruz Dehqaninin toplama materiallarından olan nağılların Azərbaycan türkcəsində bu gün transliterasiya edilərək kitab şəklində hazırlanması bir çox cəhətdən əhəmiyyətlidir. Əvvəla, hazırkı vaxtda bu mətnlər işğal olunan bölgələrimizdən toplanıb, yenidən araşdırılan nağıllarımızın bərpaya ehtiyacı olan bir çox sujet, motiv, obrazlarının tamamlanması üçün zəngin mənbədir. İkinci bir tərəfdən, bu mətnlər başqa social-siyasi şəraitdə mövcud olan folklor mədəniyyətinin yaddaşlarda hifz olunma və ötürülmə mexanizminin öyrənilməsində dəyərli məxəz rolunu oynayır. Ən əsası budur ki, Cənub folklorunun toplanması, araşdırılması və təbliği Azərbaycanın ümumi folklorunun sistemli şəkildə öyrənilməsi işinə yaxından kömək edir.

M.Abbasova