Keçəpapaqların sorağı ilə... Mədəniyyət

Keçəpapaqların sorağı ilə...

Muğanlı Avrasiyanın qədim adlarından olub, Azərbayan-türk tarixinin ən dərin qatları ilə bağlıdır

III yazı

Getdiyimiz kəndin tarixi Azərbaycanın qədim ellərindən olduğu haqda artıq Bakıda məlumat toplamışam. Əslən Muğanlıdan olan, ixtisasca Azərbaycan dili və ədəbiyyat müəllimi, şair, etnoqraf D.Tanrıquliyev özünün şeirlər və etnoqrafik oçerklərdən ibarət kitabında kənd haqqında yazır ki, Muğanlı kəndi Qavrı-Qabırrı (addakı yerli dialektdə sinonim kimi işlənən hər iki söz türk mənşəlidir – S.R.) çayının (çayın gürcü hökuməti tərəfindən dəyişdirilmiş adı İori – S.R.) sol sahilində, Alvan (İalno İalbuzn) dağının ətəyində, Tbilisinin 15 kilometrliyində Tbilisi-Gönbər (Qombori), Tbilisi- Kaxeti yollarının arasında yerləşir. Əhalisi azərbaycanlılar, dili Azərbaycan türklərinin dilidir. Danışıq, dil xüsusiyyətləri Nuxa/Şəki dialektinə uyğun gəlir. Kəndin sağ tərəfi 10-15 metr hündürlükdə yarğandır. Üç yerdən çaxrağa, calaya enib-çıxmaq üçün yol salınıb. Bu yollarla Qavrı çayından qum, çınqıl, daş, caladan odun, çırpı daşıyırlar. Kənd aşağı tərəfdən Sərtcala (Sartiçala), sol tərəfdən Siyon (Sioni) adlanan gürcü kəndləri ilə bitişikdir. Aşağıdan yuxarıya üçbucaq şəkilli Muğanlını şərti olaraq bir neçə məhəlləyə bölürlər: aşağı məhəllə, orta məhəllə, yuxarı məhəllə, siyon məhəlləsi, yarğan məhəlləsi, təzə kənd. Kəndin ortasından keçib Qombori şossesinə birləşən yola yaşlılar "padşah yolu" deyirlər.
Folklor müşahidəsi prosesində kənd sakinlərindən aldığım məlumatlara görə, Sərtçala Muğanlı kəndində 1250-dən yuxarı ev, 6500-dən çox sakin var. Söyləyicilərdən topladığım məlumata görə, Muğanlıya el arasında həm də "Qannı Muğanlı" deyilir. Adamlar bunu kənd sakinlərinin atan-vuran, davakar, döyüşkən, qorxmaz olması ilə əlaqələndirirlər. D.Tanrıquliyev də öz kitabında yazır ki, bütün azərbaycanlılar kimi muğanlılar qonaqsevən, bacarıqlı, səxavətli, xeyirdə-şərdə bir-birinə kömək edən adamlardır. Bu xüsusiyyətləri ilə yanaşı, Qavrının sərt suyundan içən bu adamlarda bir dəliqanlılıq, sərtlik, özündən razılıq kimi keyfiyyətlər də vardır. Bəlkə, bu keyfiyyətlərə görəymiş ki, keçmişlərdə bu kəndə "Qannı (Qanlı – S.R.) Muğanlı" deyərdilər.
"Qanlı Muğanlı" adı yadıma dərhal oğuz türklərinin ulu yaddaş abidəsi "Kitabi-Dədə Qorqud" eposunu salır. Dastanın dördüncü boyunda təsvir olunur ki, Oğuz elinin başçısı Salur Qazan bir gün öz divanında oğlu Uruz on altı yaşına çatsa da, hələ də özünü döyüşlərdə bir igid kimi təsdiq etmədiyinə görə kədərlənib ağlayır. Bundan xoşlanmayan Uruz atasını əgər o, ağlamağının səbəbini deməzsə, "Qan Abqaz" elinə getməklə hədələyir:

…Qara gözli yigitlərimi boynıma aluram.
Qan Abqaz elinə mən gedərəm,
Altun xaça mən əlümi basaram,
Pilon geyən keşişin əlin öpərəm.
Qara gözlü kafər qızın mən aluram.

Tarixçi S.Əliyarov dastanda işlənmiş "Qan Abqaza eli" adına belə bir şərh yazıb: "Bu ifadə indiki etno-siyasi məzmunda Abxaziyanı deyil, IX-XI yüzilliklərdəki Gürcüstanı nəzərdə tutur. Kutaisi mərkəz olmaqla yaranan Qərbi Gürcüstan knyazlığı "Abxaz çarlığı", Şərqi Gürcüstan isə "Kartli çarlığı" adlanıb. 975-ci ildən Abxaz hökmdarı olan çar Baqrat (anası abxaz qızı idi) 1008-ci ildə yuxarıda adları çəkilən iki siyasi vahidi birləşdirə bilmişdi. Birləşmiş Gürcüstanın çar sülaləsi bundan sonra "abxaz nəsli" sayılırdı. Gürcü çarlarının rəsmi titulunda isə "abxazlar hökmdarı" sözləri "kartvellər hökmdarı" sözlərindən qabaq yazılır, "Abxaz (Abqaz) eli" Gürcüstan yerinə işlənirdi".
Doğrudan da "Kitabi-Dədə Qorqud"da Qafqaz regionu üçün tamamilə yad etnos olan ermənilər haqqında təbii olaraq heç nə deyilməsə də, gürcülər haqqında yerli sakinlər kimi bəhs olunur. Dastanın doqquzuncu boyu Gürcüstanın Oğuz dövlətinə xərac verməsi haqqında məlumatla başlanır: "Doqquz tümənlik Gürcüstanın xəracı gəldi: bir at, bir qılınc, bir çomaq gətirdilər. Bayındır xan bərk dilxor oldu. Dədəm Qorqud gəldi, şadlıq havası çaldı. "Xanım, niyə qanın qaralıb?" – dedi. Dedi: "Necə qaralmasın, hər il qızıl-gümüş gəlirdi, cavanlara-bəylərə verirdik, xatirləri şad olurdu. İndi bunları kimə verək ki, onunçun xoş olsun".
Göründüyü kimi, dastandakı "Qan Abqaza eli" Gürcüstan mənasındadır və onların xristian olması da dastanda açıq şəkildə göstərilir. Burada "qan" sözü heç də qan maddəsinin adı yox, çox güman ki, "q//x" variantlaşmasında "xan" sözünü bildirir. "Xan", "xanlıq" sözləri oğuz dilində siyasi məzmunlu sözlərdir: "xanlıq" – dövləti, "xan" – onun başçısını bildirir. "Abxaz eli" gürcü dövləti idi və oğuzlar onu dövlət olaraq öz dillərində "xan"(lıq) adlandırırdılar. Bu halda "Qan Abqaza eli" ifadəsi "Abxaz xanının eli" (yaxud "Abxaz xanlığı eli") mənasına gəlir.
"Qan Abqaz eli" adındakı "qan" sözünün "Dədə Qorqud" dastanının sadələşdirilmiş variantında "qanlı" şəklində verilməsi "Qannı Muğanlı" adına da işıq salır. Burada "qannı" sözü çox güman ki, "xanlıq" sözünün fonetik şəklidir. Bu halda "Qannı Muğanlı" adı "Xanlı(q) Muğanlı" şəklində oxunur.
Fikrimizi başqa faktlar da təsdiq edir. Əvvəla "xanlıq" sözü tarixi Azərbayan toponimikasında həm də müstəqil yer adı kimi işlənir. Digər tərəfdən, Muğanlı adının tarixi Azərbaycanda, o cümlədən Borçalıda çox geniş yayılmış ad olduğunu nəzərə almaq lazımdır. Bu baxımdan, Muğanlı adının qarşısında işlədilən "Qannı" epiteti onu başqa Muğanlı kəndlərindən fərqləndirmək məqsədi güdüb.
IX-XI əsrlərdə ərəb dilində yazılmış bir sıra tarix və coğrafiya kitablarında, o cümlədən "Hüdud-əl aləm" əsərində Muğan, Qəbələ və s. toponimlər qeydə alınıb ki, həmin toponimlər indi də Azərbaycan və Gürcüstanın bir sıra rayonlarında yaşamaqdadır. 1728-ci ildə tərtib olunmuş "Dəftəri-müfəssəli-əyaləti-Tiflis"də Gürcüstanın ərazisində mövcud olmuş Muğanlı tayfasının adı ilə bağlı bir neçə Muğanlı kəndinin adı da qeydə alınıb. Məsələn, Baydar nahiyyəsində Muğanlı, Dəmirçihəsən uluslarından Kəpənəkçi adlanan yerdə Muğanlı camaatı, Muğanlı Əhməd camaatı, Ağcaqala nahiyyəsində Ərəbli oymağının İmamkəndi qışlağındakı Muğanlı camaatı və s. göstərir ki, türklər – azərbaycanlılar bu bölgədə çox qədimdən məskunlaşmışlar.
Ə.Çingizoğlu "Soy" elmi-kütləvi jurnalının XVIII-XX əsrlərdə Qarabağın bir güşəsi olan Dəmirçihəsənli mahalındakı Muğanlı camaatı arasında baş verən hadisələrdən bəhs edən xüsusi buraxılışında göstərir ki, Dəmirçihəsənli elinin əksər oymaqları Qarabağa XVIII yüzilin ikinci yarısında Gürcüstan ağzından gəlib. Müəllifə görə, Azərbaycandakı bütün Muğanlı kəndlərinin adı muğanlı tayfası ilə bağlıdır. Muğanlı yaşayış məntəqələri əsasən Muğan düzündə yaşayan türk Azərbaycan tayfası olan muğanlıların adı ilə bağlı yaranıb. Araşdırmalardan da bəllidir ki, bu camaat çox qədim tarixə malikdir. Muğanlı tayfa adı kimi XVI yüzildən məlumdur. Ağdam, Ağstafa, Ağcabədi, Bərdə, Qubadlı, Zaqatala, Zəngilan, Kürdəmir, Xocavənd, Şamaxı, Şərur rayonlarında da Muğanlı kəndləri var. Şərur rayonunda Muğancıq Mehrab və Muğancıq Müslüm adlı kəndlər də qərar tutur. Vaxtilə Qərbi Azərbaycanda (indiki Ermənistan adlanan respublikada – S.R.) Karbi, Xınzirək, Ərmus və Dərələyəz nahiyələrində Muğanlı, Eçmiədzin rayonunda Muğan, Zəngəzur qəzasında Muğancıq adlı kəndlər də mövcud olub. Məlumdur ki, mənbələrdə 393-cü ildən Muğan düzünün adı çəkilib. Bir sıra qaynaqlarda XI-XIII yüzillərdə Muğan adlı şəhərin də olması göstərilib. Ümumiyyətlə, orta çağda tarixi hadisələrlə əlaqədar muğanlılar müxtəlif ərazilərə səpələniblər. XIII-XIX yüzillərdə Muğanlı adlı böyük bir oymaq Qazax-Borçalı bölgəsində də yaşayıb. Gürcüstandakı Yor-Muğanlı (Saqareco rayonu), Taş-Muğanlı, Kirəc-Muğanlı (Marneuli rayonu), Muğanlı (Qardabani və Bolnisi rayonları) kəndləri (o cümlədən bunlardan biri olan Qannı Muğanlı, yəni Sərtcala Muğanlı kəndi – S.R.), Tiflis əyalətindəki Ağcaqala və Dəmirçihəsənli nahiyələrində yaşayan muğanlı camaatı, Borçalı bölgəsindəki Muğanlı qışlağı, Muğanlı düzü toponimləri də muğanlı tayfasının adı ilə bağlıdır.
Əksər müəlliflər tərəfindən eradan əvvəl yaşamış atəşpərəst Muğ tayfaları ilə əlaqələndirilən Muğan və ondan düzələn Muğanlı adları əslində təkcə tarixi Azərbaycanda deyil, bütövlükdə qədim Asiyada yayıllb. Bu mənada Muğanlı adı qədim Azərbaycanın siyasi, inzibati, iqtisadi, mədəni tarixi ilə sıx bağlıdır. Tarixi Azərbacan ərazisində bu qədər geniş yayılmış Muğanlı adları vahid toponimik sistemi təşkil edir. Şübhəsiz ki, hər bir toponimik sistem daxilində olan eyni adlar fərqləndirici nominativ işarə ilə biri-birindən seçilməlidir. Bu mənada Qannı Muğanlı adındakı "Qannı" sözü hansı mənada olub-olmamasından asılı olmayaraq, ilk növbədə bu Muğanlı kəndini eyniadlı başqa kəndlərdən fərqləndirən epitet-işarədir. Bu halda "Qanlı Muğanlı" sözü "Qan Abqaza//Qanlı Abxaz" adında olduğu kimi, "Xanlı(q) Muğanlı" mənasında işlənib, mərkəzi siyasi hakimiyyətlə bağlılığın yaxınlıq dərəcəsini bildirən məna daşıyır.
Lakin məntiqə uyğun görünən başqa bir variant da var. Bu işdə yenə ulu abidəmiz "Kitabi-Dədə Qorqud" eposuna üz tutmalı oluruq. Eposda Qanlı Qoca oğlu obrazı var. Süleyman Əliyarov bu ad barəsində yazır: "Personajın adı kitabın bütün çaplarında səhv olaraq "Qanlı Qoca" kimi oxunub. "Kanlı" xalqımızın yaranmasında iştirak etmiş qədim soyköklərdən biri olan kəngərlərin qədim adıdır". F.Xalıqov yazır ki, "Qanlı" etnonimi Azərbaycan toponimləri sistemindəki Kəngər, Gəngərli oykonimlərində fonetik deformasiyalara uğramış şəkildə mühafizə olunmaqdadır. Bu cür toponimik vahidlər Qazax, Gəncə, Qarabağ, Naxçıvan və s. bölgələrdə onlarladır.
Bu izahlara əsaslansaq, "Qanlı Muğanlı" etnotoponim olub, kənddə yaşayan muğanlıların qədim Kanlı//Kanqlı//Kəngərli tayfası ilə bağlı olması haqqında məlumatı özündə daşıyır. Kanqlı//Kəngərli etnoniminin də qədim oğuz tarixi ilə bağlı olması məlumdur. Göründüyü kimi, Muğanlı əslində Avrasiya regionunun ən qədim adlarından olub, Azərbayan-türk tarixinin ən dərin qatları ilə bağlıdır. Bunu kənddə mövcud olan soyköklərin – nəsillərin paleolinqvistik xüsusiyyətlər daşıyan adları da təsdiq edir. Muğanlılardan bəhs edən kitabda bu nəsil-tayfalardan 84-nün adı çəkilir.

Seyfəddin Rzasoy,
filologiya üzrə elmlər doktoru