Almas Ildırım-qəmli həyat dastanı Mədəniyyət

Almas Ildırım-qəmli həyat dastanı

Şairə 25 gün işgəncələr verir, sinəsinə qədər soyuq suyun içərisində sual-cavaba tuturlar

I I yazı

Qəlbi, ürəyi, Vətən eşqi ilə döyünən Almas İldırımı "əgər keçmişdən vaz keçərsə, sadəcə, sözdə deyil, işdə də bizimlə olarsa, başqa məsələ, yoxsa bizim hücumlarımıza sinə gərməlidir" kimi fikirlə bolşevik mətbuatında çıxış edirlər. Hətta 1930-cu illərin əvvəllərindən, Aşqabadda çıxan "Zəhmət" qəzetində (1932-ci il, 10 avqust) oxuyuruq: "Almas İldırım ideolojimiz (sovet ideologiyası – M.T.) üçün zərərli bir insandır. Bizə inanmaq şərtiylə aramızda qalmaq diləyində isə, bu arzusunu mətbuat vasitəsi ilə bildirməlidir". Onu Əhməd Cavad və Hüseyn Cavid kimi şairlərin yolunu davam etdirməkdə günahlandırır, bu kimi yazarlardan proletar ədəbiyyatını təmizləmək lüzumunu kəskin şəkildə qeyd edirdilər. Vulqar sosioloji tənqidin nümayəndələrindən olan Əsəd Əyyubi isə bütün əxlaqi normaları unudaraq yazırdı ki, "Almas kimilərin başları sovet çəkici ilə əzilməlidir".
Beləliklə, "həyat meydanına partlayışlı günlərdə atılan və sovet istilasından qaçaraq", A.İldırım bir şəxsiyyət kimi Vətənə bağlılıq hissini şəxsiyyəti ilə birləşdirir. Amansız təqiblərə məruz qalan şair Azərbaycan Proletar Yazıçıları Cəmiyyətindən xaric olunur və Dağıstana sürgün edilir. A.İldırımın Dağıstanda keçən iki illik sürgün həyatı burada ədəbi mühitin qaynar dövrünə təsadüf edir. Şair bir tərəfdən pedaqoji fəaliyyət göstərir, eyni zamanda "Dağıstan füqərası" qəzetində yeni şeirlərini dərc etdirir. Bu şeirlər Dağıstanda yaşayan azərbaycanlılar, ləzgilər, çeçenlər və başqa xalqların nümayəndələri içərisində geniş yayılır, sevilə-sevilə oxunur.
Sürgün dövründə A.İldırım həmçinin Dağıstan Proletar Yazıçıları Cəmiyyətinin təşkilatlanmasında, bu cəmiyyətin Dərbənd özəyininyaradılmasında yaxından iştirak edir, müzakirələrdə fəallıq göstərir, yeni şeirlərini oxuyur. Az bir zamanda gənc şair Dağıstan ziyalıları, tələbə, gənclər və zəhmətkeş xalq içərisində böyük nüfuz qazanır. Təbii ki, bu hal Dağıstanda sürgün həyatı yaşayan A.İldırımın hər bir addımını izləyən siyasi idarə əməkdaşlarını narahat etməyə bilməzdi.
Onlar A.İldırımın bundan sonra da Dağıstanda qalmasını milliyyətçilik, istiqlal ideyalarının daha da qüvvətlənməsinin təkanverici amili kimi qiymətləndirir və bu mövcud siyasi rejim üçün böyük təhlükə sayırdılar. Şairin Dağıstandakı ədəbi, pedaqoji, ictimai fəaliyyətinin milliyyətçi, istiqlalçı fikirlərinin geniş vüsəti Baş Siyasi İdarəni şairə qarşı yeni qəddar tədbirlər görməyə sövq edir. Onun 1930-cu ildə Bakıda Azərnəşr tərəfindən çap edilmiş "Dağlar səslənirkən" kitabı sosializm quruluşunu, fəhlə-kəndli hökuməti əleyhinə təbliğat məqsədi güdən ziyanlı ədəbiyyat kimi qısa bir zamanda mağazalardan, kitabxanalardan yığışdırılır. 1930-cu ilin əvvəllərində isə A.İldırım Dağıstandan Türkmənistana sürgün edilir.
Dağıstanda başladığı pedaqoji fəaliyyətini şair Türkmənistanda da davam etdirir. Aşqabadda İrandan və Qafqazdan köçürülmüş türk ailələrinin uşaqları üçün təşkil edilmiş məktəbdə dərs deyir. Eyni zamanda türkmən ədibləri, alimləri, ziyalıları ilə sıx əlaqələr qurur. Yerli qəzetlərlə, Aşqabad radiosu ilə sıx əməkdaşlıq edir, qardaş türkmən xalqının həyatı ilə yaxından tanış olur və əlbəttə ki, şeir yaradıcılığını davam etdirir. O, burada jurnalistlik fəaliyyəti ilə intensiv məşğul olur, "Zəhmət" qəzetndə xeyli şeir və məqalələri dərc edilir. 1932-ci ilin əvvəlində şair Şamaxıdan ailəsi ilə birgə Türkmənistana sürgün edilmiş, əslən Azərbaycanın cənubundan – Təbrirdən olan Zivər adlı bir qızla ailə həyatı qurur. Bu izdivacdan dünyaya gələn ilk oğluna şair Azər adını verir. Elə burada yeniyetmə, sürgün həyatı yaşayan, millilik ruhu ilə yoğrulmuş şair Almas İldırımın ilk övladına "Azər" adı verməsi M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu" adlı əsərindəki aşağıdakı fikri bir daha yada salır: "O, pəri kimi bir oğul doğdu ki, çöhrəsi Azər heykəlinə bənzəyirdi".
Buradan, bu adqoymadan aydın olur ki, Almas İldırım bir şəxsiyyət kimi dövrünün acısını, şirinini dadıb, özündən əvvəlki sənətkarların əsərlərini dərindən mütaliə edib, "bu qoca və sərt dünyanın adəti belədir ki, gah insanı yəhərin belində, gah da yəhəri insanın belində gəzdirir" kəlamı ilə barışmalı olub. Lakin tale Türkmənistanda da A.İldırımın üzünə gülmür. Onu burada da rahat buraxmırlar. Şair daim təqib olunur, izlənilir və onun tutduğu millilik yolundan sapındırmağa çalışırlar. "Zəhmət" qəzetinin 27 aprel 1932-ci il tarixli sayında dərc olunmuş "Öz haqqımda" adlı məqaləsindən məlum olur ki, vətənində də şairin əleyhinə kompaniya davam etdirilir, ona müxtəlif damğalar vururdulur. Hətta şairin sürgündəki fəaliyyətinə nəzarət etmək üçün, Azərbaycan SSR Baş Siyasi İdarəsi xüsusi nümayəndəsini Aşqabada ezam edir. "Bu agent öz bədxah vəzifəsini iki istiqamətdə yerinə yetirirdi: bir tərəfdən şairin hər bir addımını izləyərək öz idarəsi üçün donos hazırlayır, digər tərəfdən isə türkmənlər və respublikadakı azərbaycanlılar arasında onu gözdən salmaq üçün məqalələr yazıb nəşr edirdi". A.İldırım ya bolşevik rejiminin təklifini qəbul edib, həmin ideolojinin cəbhəsinə keçməli, ya da milli ideala sadiq qalaraq istiqlal mücadiləsini davam etdirməli idi.
Heysiyyətini, şərəf və ləyaqətini hər şeydən üstün tutan şair təbii ki, ikinci yolu – mücadilə yolunu intixab edir. Artıq Türkmənistanda qalmaq özü və ailəsi üçün təhlükəli olduğundan mühacir həyatını, yəni xaricə getmək yolunu seçir. 1933-cü ilin iyununda həyat yoldaşı Zivər
xanımı və üç aylıq körpə oğlu Azəri də götürüb, xəlvəti olaraq İrana doğru istiqamət alan qaçaqmalçı dəvə karvanına qatılır. Uzun yol qət edərək, qaçaqmalçılardan ayrılıb dağ və təpələrə, ayaqları daş və tikanlardan yaralı, özləri ac və susuz, üzülmüş halda İran sərhədinə yaxınlaşırlar.
Sərhəd məntəqəsində Almas İldırımı dərhal həbs edirlər. İran sərhədçiləri şairi bolşevik agenti zənn edərək, ona 25 gün müxtəlif işgəncələr verir, sinəsinə qədər soyuq suyun içərisində sual-cavaba tuturlar. Bütün bu işgəncələr A.İldırımın səhhətinə mənfi təsir göstərir və o, böyrək xəstəliyinə tutulur. Nəhayət, Tehran rəsmilərinin göstərişi ilə şair azad edilib, ailəsi ilə birlikdə Məşhədə göndərilir. Beləliklə, Almas İldırımın həyatının və ədəbi fəaliyyətinin mühacirət dövrü başlanır. Qeyd edək ki, mühacir şairimizin yaradıcılığında ideoloji-siyasi ruhla, kulturoloji, tarixi məzmun qovuşuğundan, onun şəxsiyyətinin öyrənilməsi təhlil metodundan irəli gəlir.
Bu da heç də mühacir ədəbiyyatı yaradan şəxsiyyətin siyasətə tabe etdirilmiş "məni" deyil, milli ideologiya (Azərbaycanın istiqlalı, azadlığı və müstəqilliyi) uğrunda döyüşən yaradıcı şəxsiyyətini müəyyənləşdirən amildir. Məhz bu amilə xidmət edən şairin ruhunu oxşamayan İran həyatını Məşhəddə, Tehranda və Təbrizdə yoxsul keçirən görürük.
Şeir parçasından göründüyü kimi şair İranda, Cənubi Azərbaycanda belə özünü yad və kimsəsiz hiss edir, qəfəsdəki quş kimi çırpınır. Nəhayət, İranı da tərk etmək qərarına gəlir. Buna səbəb isə, qəddarlığı və amansızlığı ilə Sovet İttifaqındakı bolşevik rejimindən heç nə ilə fərqlənməyən, İran şahlıq rejimi idi. A.İldırım o zaman türk dünyasının yeganə müstəqil və demokratik ölkəsi olan Türkiyə Cümhuriyyətinə pənah aparır. 1933-cü ildə Türkiyəyə gedən A.İldırım, bu ölkənin simasında özünə ikinci vətən tapır. Dili, dini, kültürü bir qardaş-bacılarına qovuşur.
Şairin Vətən həsrətilə təşnə olan qəlbi, az da olsa, rahatlıq tapır. Burada mənzil və işlə təmin olunur, ailəsinin güzəranı müəyyən qədər yaxşılaşır. Eyni zamanda yorulmadan bədii yaradıcılıqla məşğul olur, şeirlər yazır. Türkiyədə yaşadığı təqribən 17 illik mühacirlik həyatı
dövründə A.İldırımın "Çinaraltı", "Göyboru", "Boz qurd", "Orkun", "Özləyiş", "Kommunizmlə mücadilə" kimi türkçülük fikrini yayan məcmuələrdə, Van və Malatya əyalətlərində, həmçinin Berlində nəşr olunan "Qurtuluş" mühacirət dərgisində şeirləri yayımlanır. Azərbaycanın müstəqillik ideyası həsrətlə birləşərək, Almas İldırımın lirik şeirlərində qovuşur və onun şəxsiyyətinin tam açılması aydınlaşır. Milliyyətçiliyin həzm olunması ilə bağlı lirik fikirlər, A.İldırımı daha çox maraqlandırır və vətəni Azərbaycanın, SSRİ-dəki halı onu incidir.
Mahiyyət etibarı ilə şair şəxsiyyəti, Vətən həsrəti ilə tam çulğaşır. 1936-cı ildə bütün bu fikirlər şerə çevrilərək, İstanbulda "Boğulmayan bir səs" adı ilə işıq üzü görür. Bu kitabdakı şeirlərlə şair mühacirlik həyatının ilk illərində qarşısındakı vəzifələrdən birini onda görür ki, Azərbaycan barədə Türkiyə ictimaiyyətində yaradılmış yalnış təəssüratı dağıtsın, əvəzində isə gerçəkliyi əks etdirən obyektiv rəy formalaşdırsın… 1936-cı ildə A.İldırımın əkiz oğlanları dünyaya gəlir. Şair oğlanlarından birinə Eldəgəz, digərinə Yurdavar adı qoyur. Akademik Bəkir Nəbiyevin qeyd etdiyi kimi, "ata öz övladlarına verdiyi bu nadir adlarla onlara özünün ən böyük tapşırığını təmin etmək istəmişdi: yəni onlar, övladları mütləq yurda, Vətənə varmalı, eldə, obada gəzməlidirlər!"
Təəssüf ki, şairin bir çox arzuları kimi, bu arzusu da ürəyində qalır. Əkizlər ağır xəstələnir və bir gündə doğulduqları kimi, bir gündə də dünyalarını dəyişirlər. Bu faciədən dərin sarsıntı keçirən A.İldırım çəkdiyi iztirabları "Bir gündə ölən əkizlər" şerində belə ifadə edir:

Mən deyirdim ki, bir gün varıb ana yurduna,
Öpərsiniz anamın toz basan məzarını...
Özlədiyim o gündə mən ölmüş olsam, belə
Siz mənsiz gəzərsiniz Bakının Xəzərini...
Lənət olsun mənə yar olmayan bu fələyə,
Düşmən kəsildi məndə yaşayan hər diləyə.

1934-1935-ci illərdə A.İldırım pedaqoji fəaliyyətini mühacirətdə də davam etdirir. Bir müddət Polu ilqəsinin Qarağa bucağı ibtidai məktəblərində müəllimlik edir, 1936-cı ildən ömrünün sonuna qədər Şərqi Anadolunun müxtəlif əyalət şəhərlərində kargüzar, katib işləyir. O, 1936-cı ildə Elaziq İnsan məmurluğunda, 1937-1939- cu illərdə Kəbin və Polu təhqiqat katibliklərində, 1939-1951-ci illərdə isə Qarabəğan, Ağın, Xankəndi, Balı bəy və Muşan bucaq bələdiyyələrində, 1951-ci il iyul ayından dekabr ayınadək Tunğalinin İrəsi bucaq bələdiyyəsində çalışır. lümündən bir ay əvvəl, 1951-ci ilin dekabrında isə şair Malatyanın Qala qəsəbə bələdiyyəsində işə keçirilmişdi. Elə bu vəzifədə işlədiyi zaman, 1952-ci il yanvarın 14-də, bazar ertəsi günü mühacir şair gözlərini əbədi olaraq yumur…

Maarif Teymur