“Azəriqaz” işçi axtarır İqtisadiyyat

“Azəriqaz” işçi axtarır

İşə qəbul müsabiqəsi keçirilir

Tural



Sentyabrın 23-də SOCAR-ın ofisində regionlarda gənclərin "Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər" peşəsinə hazırlanması və işə qəbul müsabiqəsinin elan edilməsi ilə əlaqədar mətbuat konfransı keçirilmişdir. Şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirmişdir ki, son illər ölkədə qazlaşdırmanın səviyyəsi yüksəlmiş, bu məqsədlə genişmiqyaslı tikinti-quraşdırma tədbirləri həyata keçirilmişdir. Regionlarda qaz abonentlərinin sayı iki dəfə yarımdan çox artmışdır. Lakin istismar üzrə işçilərin sayı əvvəlki səviyyədə qalmışdır. Qazlaşdırma prosesləri bu gün də uğurla davam etdirilir, qazlaşdırmanın səviyyəsi daha da yüksəlir. Yeni çəkilən kəmərlərin, quraşdırılan avadanlıqların istismarı, yararsız boru xətlərinin yenilənməsi, fərdi həyətlərdən keçən qaz xətlərinin, quraşdırılmış sayğacların küçəyə çıxarılması, köhnə sayğacların əvəzlənməsi və digər işlərin həyata keçirilməsi üzrə yaranan əlavə iş həcmlərinə uyğun olaraq "Azəriqaz" İstehsalat Birliyində 1000 (min) nəfərə yaxın işçi qüvvəsinə ehtiyac yaranmışdır. Bununla əlaqədar SOCAR tərəfindən Birliyin regionlarda fəaliyyət göstərən xidmət sahələrinə "Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər" peşəsi üzrə təlim keçməklə işə qəbul müsabiqəsi keçirilir. Müsabiqə Azərbaycan Respublikasının neft sektorunun inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsindəki dövlət siyasətinə əsaslanaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və SOCAR arasında əməkdaşlıq haqqında Memorandum çərçivəsində gənclərin məğulluğunun təmin olunmasına köməkliyin edilməsi istiqaməti üzrə həyata keçirilir. Boş (vakant) iş yeri barədə məlumatlar SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinə təqdim olunmuşdur. Müsabiqədə yaşı 30-dan yuxarı olmayan, minimum tam orta təhsilli, fiziki cəhətdən sağlam olan, ilk növbədə regionlarda daimi yaşayan Azərbaycan Respublikası vətəndaşları (Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olanlardan başqa) iştirak edə bilərlər. Müsabiqə vakansiyaların elan olunduğu yerlərdə SOCAR-ın İnsan Resursları Departamenti, Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti, Rayon İcra Hakimiyyətlərinin yerli icra nümayəndələri cəlb olunmaqla həyata keçiriləcəkdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev mətbuat konfransında çıxış etmişdir. O, Azərbaycan Respublikasının dövlət məşğulluq siyasətinin gücləndirilməsindən danışmış, qeyd etmişdir ki, yeni iş yerlərinin açılması və müvəqqəti sərbəstləşmiş işçi qüvvəsinin sosial müdafiəsi məsələləri sahəsində görülən tədbirlərlə yanaşı, bu gün əmək bazarının müasir səviyyədə qurulması, ölkənin əmək potensialından daha dolğun istifadə edilməsi dövlətin diqqət mərkəzində olan məsələlərdəndir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının, Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramlarının və Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramlarının icrası olaraq əhalinin sosial rifahının gücləndirilməsi, yoxsulluğun azaldılması, məşğulluğun artırılması, ümumilikdə ölkədə insan potensialının qorunması və inkişaf etdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Çoxsaylı iş yerlərinin 80 faizinin regionları əhatə etməsi də respublikanın bölgələri üzrə əmək bazarları arasında qeyri-bərabər vəziyyətin və məşğulluq üzrə təmərküzləşmə meyllərinin aradan qaldırılmasına imkan vermişdir.
İdris İsayev SOCAR-la birgə həyata keçirilən bu layihənin əhəmiyyətindən ətraflı bəhs etmişdir.
Sonra SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini Asif Şəfəqqətov müsabiqənin mərhələlər üzrə keçiriləcəyini qeyd etmiş, tərtib olunmuş plan-qrafik əsasında iş prosedurunu jurnalistlərə təqdim etmişdir. Bildirilmişdir ki, əvvəlcə iddiaçıların sənədləri elektron (www.socar.az veb səhifəsinin "karyera" bölməsi vasitəsi ilə) qaydada və ya rayon məşğulluq mərkəzləri vasitəsi ilə qəbul ediləcək, onların orta təhsil səviyyəsində bilikləri test üsulu ilə yoxlanılacaqdır. Testdən müvəffəqiyyətlə keçmiş namizədlər üçün SOCAR-ın Təlim Tədris və Sertifikatlaşdırma İdarəsinin təşkil etdiyi təlim kursu keçiriləcəkdir. Təlim iştirakçıları kursun sonunda buraxılış imtahanı verəcəklər. İmtahanda müvəffəqiyyət qazanan namizədlərə müvafiq sertifikatlar təqdim olunacaqdır. Daha yüksək nəticə göstərmiş 1000 nəfər seçiləcək, onların 410 nəfəri mövcud vakansiyalar üzrə dərhal işə qəbul ediləcək, qalanları isə 1 il müddətində proqnozlaşdırılan vakant yerlər üçün SOCAR-ın kadr ehtiyatları bazasına daxil ediləcək.
Müsabiqə prosesinin bütün mərhələləri barədə məlumatlar iddiaçıların müraciət zamanı göstərdikləri elektron poçt ünvanlarına və mobil telefon nömrələrinə "sms" vasitəsilə göndəriləcəkdir. Müraciətləri təsdiq edilən iddiaçıların hər birinə Fərdi İdentifikasiya Nömrəsi və şifrə veriləcəkdir ki, bunun vasitəsi ilə onlar müvafiq linkə daxil olmaqla müsabiqənin nəticəsi haqqında məlumatları ala biləcəklər. Bununla yanaşı vətəndaşlar müsabiqə ilə bağlı məlumatları SOCAR və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi elektron ünvanlarından əldə edə biləcəklər. Eyni zamanda şirkətin və nazirliyin müvafiq struktur bölmələri tərəfindən işsiz və işaxtaran vətəndaşların boş (vakant) iş yerlərinə qəbul haqqında elan olunan müsabiqədə iştirakı ilə bağlı müvafiq tədbirlərin görülməsi təmin olunacaq.