Daha 4 kəndə təbii qaz verilib İqtisadiyyat

Daha 4 kəndə təbii qaz verilib

Tərlan

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlər nəticəsində uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinə "mavi yanacağ"ın verilişi bərpa edilir, yeni qaz xətləri çəkilir. Noyabrın 21-23-də Kürdəmir və Astara rayonlarının daha dörd kəndinə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Kürdəmir rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, ümumilikdə 349 abonenti olan Ərşəli, Xəlsə və Axtaçı kəndlərinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında təxminən 27,5 kilometr uzunluğunda polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Noyabrın 23-də Astara rayonunun Tüləküvan kəndinə ilk dəfə təbii qaz verilmişdir. Bununla əlaqədar keçirilmiş tədbirdə vurğulanmışdır ki, 403 abonentlik kəndin qazlaşdırılması zamanı ümumi uzunluğu 41681 metr olan müxtəlif polietilen və metal borularla qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.