Universitetdə “Elektron Bankçılıq“ laboratoriyası yaradılacaq İqtisadiyyat

Universitetdə “Elektron Bankçılıq“ laboratoriyası yaradılacaq

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) "Elektron Bankçılıq" laboratoriyası yaradılacaq. Bununla bağlı "Kapital Bank" ilə ADİU arasında əməkdaşlıq memorandumu imzalanıb. Bankdan AZƏRTAC-a bildiriblər ki, qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən memorandumu "Kapital Bank"ın idarə heyətinin sədri Rövşən Allahverdiyev və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov imzalayıblar. Sənədə əsasən, universitetdə "Kapital Bank" tərəfindən ixtisaslaşdırılmış "Elektron Bankçılıq" laboratoriyası yaradılacaq. Birgə əməkdaşlıq çərçivəsində yüksək akademik göstəriciləri ilə seçilən tələbələrə təqaüd verilməsi, tələbələrin bankın müxtəlif struktur bölmələrində təcrübə keçməsi, birgə elmi-texniki konfransların təşkili, təcrübə mübadiləsinin aparılması nəzərdə tutulub.
Qarşılıqlı əməkdaşlığın ilk addımı kimi "Made in Azerbaijan" müsabiqəsi də elan edilib. Müsabiqənin şərtlərinə əsasən, təhsil aldığı müəssisədən asılı olmayaraq bütün tələbələr aprelin 12-dək Azərbaycan brendini yaratmaq üçün öz biznes ideyalarını [email protected] ünvanına göndərməlidirlər. Münsiflər heyətinin qərarına əsasən seçilən ilk 3 biznes ideyanın sahibi mükafatlandırılacaq. "Kapital Bank" ADİU ilə uzunmüddətli əməkdaşlıq çərçivəsində tələbələrin daha keyfiyyətli təhsil alması üçün müxtəlif innovativ layihələrin həyata keçirilməsini planlaşdırır.