İqtisadçıdan kredit borcu olanlara məsləhət İqtisadiyyat

İqtisadçıdan kredit borcu olanlara məsləhət

"Sizi hədələyən bankı məhkəməyə verərək kompensasiya tələb edə bilərsiniz"

Son zamanlar bəzi bankların kredit borcu olan şəxslərin iş yerinə zəng etməsi, hətta krediti ödəyə bilməyən şəxs dövlət qurumunda çalışırsa onun tabe olduğu nazirliyə məlumat verəcəyi ilə bağlı hədələr artıb. Bəzi banklar belə təzyiqlərdən istifadə etməklə borcun ödənilməsinə çalışırlar. İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, bankın öz borcunu istəməsinə heç kim etiraz etmir, amma bu sivil və qanunvericiliyin imkan verdiyi hallar çərçivəsində olmalıdır: "Hədə metodları səmərəli olmamaqla yanaşı, eyni zamanda qanunvericiliyə ziddir. Bank borclu ilə bağlı məlumatları ictimai şəkildə bölüşməklə ödənişi tələb edə bilməz. Əgər borcunuz varsa və bank sizə bu yollarla təzyiq edirsə daha məqsədəuyğundur ki, sizi hədələyən bankı məhkəməyə verərək kompensasiya tələb edəsiniz. Mövcud qanunvericilik sizə belə banklardan kompensasiya tələb etmək və almaq hüququ verir. Bununla hədə yolu seçərək sizdən borc tələb edən banklardan siz pul alın. Bu həmçinin belə banklara borcu olanlardan pulu daha sivil yollarla istəmək vərdişi aşılaya bilər. Bu yaxınlarda mənə müraciət edən və bank tərəfindən ona göndərilən "hədə" sms ilə də tanış olanda bəzi bank əməkdaşlarının "iş prinsipləri" daha aydın bəlli olur".