Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi İqtisadiyyat

Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi

Noyabrın 22-də Bakı Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK), "Elan Expo" və "Atılım Fuarcılık" şirkətlərinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgisi (RecExpo II) açılıb. Sərginin açılış mərasimində Milli Məclis deputatları, bir sıra xarici dövlətlərin ölkəmizdəki səfirləri, nüfuzlu investisiya, tikinti, inşaat və əmlak şirkətlərinin rəhbərləri iştirak edib.
Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Gürcüstan, Kipr, Ukrayna, İspaniya, Rusiya, Portuqaliya, Macarıstan, Lüksemburqdan 100-ə yaxın brend tikinti və inşaat layihələri təqdim olunub. Sərginin işinə uğurlar arzulayan ƏMDK-nın sədri Kərəm Həsənov bildirib ki, Avropa, Orta Şərq və Qafqaz ölkələrinin ən cazibədar əmlak layihələrinin sərgiləndiyi "RecExpo" sərgisi mövzusuna və təyinatına görə Azərbaycanda yeganə ixtisaslaşmış daşınmaz əmlak sərgisidir. Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak bazarının canlandırılması, bu sahəyə yatırılan yerli və xarici investisiyaların həcminin artırılmasıdır. Eləcə də daşınmaz əmlak bazarı ilə bağlı mövcud investisiya mühitinin xarici investorlara nümayiş etdirilməsi və sərmayəçilərin ölkədə həyata keçirilən özəlləşdirmə prosesinə cəlb edilməsidir. Bu beynəlxalq tədbir bir çox ölkənin daşınmaz əmlak məsləhətçilərini və sahibkarlıq subyektlərinin fəaliyyətini əlaqələndirmək baxımından da mühüm əhəmiyyət kəsb edir.
Sərgidə ƏMDK tərəfindən yaradılmış pavilyonda son illər Azərbaycanda əmlak/torpaq idarəçiliyi və özəlləşdirmə sahəsində əldə olunan nailiyyətlər nümayiş etdirilir. Müasir informasiya-kommunikasiya texnologiyaları sayəsində əmlak, ünvan reyestri və torpaq uçotu üzrə tətbiq olunan sistemlər, elektron xidmətlər, innovasiyalar, proqram təminatları və digər yeniliklər sərgilənir. Burada iştirak edən yerli və xarici təmsilçilərə özəlləşdirmə prosesi, yaradılmış investisiya mühiti, daşınmaz əmlakın dövlət reyestri sahəsində innovasiyalar, əmlak xidmətləri üzrə elektron və onlayn imkanlar, ünvan-naviqasiya sistemi və digər iri layihələr barədə əyani məlumatlar çatdırılır. Həmçinin özəlləşdirmə prosesini daha optimal, rahat şəkildə həyata keçirmək üçün yaradılmış Özəlləşdirmə Portalında hərraca çıxarılan əmlaklar və onlara sifariş qaydaları, eləcə də hərrac prosedurları barədə məlumat verilir. Ziyarətçilər pavilyonda daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində tətbiq edilən yeniliklər və müasir sistemlər, qeydiyyat prosedurları və digər əlaqədar tədbirlər barədə məlumat əldə edirlər.
Qeyd edək ki, sərgi görüş, əməkdaşlıq və işbirliyi baxımından yerli və xarici şirkətlərə, dövlət və qeyri-dövlət subyektlərinə, ekspert və təmsilçilərə əlverişli imkanlar yaradıb. Beynəlxalq prestijli satış agentlərinin yer aldığı "RecExpo" sərgisi iri investorların, tikinti və daşınmaz əmlak şirkətlərinin nümayəndələri ilə son istehlakçılar və dövlət nümayəndələrini bir araya gətirən professional məkandır. Daşınmaz əmlak sektorunun peşəkarları ilə yeni əlaqələr, brendlərin və layihələrin Azərbaycanda tanıtımı baxımından da bu beynəlxalq sərgi böyük fürsət deməkdir.
"Elan Expo" şirkətinin rəhbəri Salim Şahin qeyd edib ki, "RecExpo" sərgisinin ən cəlbedici cəhəti burada birbaşa potensial alıcılar üçün yaradılan seçim imkanlarıdır. Sərgi beynəlxalq arealda aktual olan bir çox yeni brendləri bir araya toplayıb. Belə layihələrin, eyni zamanda və bir platformada təqdimatı əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək, dəyərləndirmək və sərfəli variantları seçmək imkanı verir.
Bu mühüm və böyük tədbir həm yerli, həm də beynəlxalq müstəvidə daşınmaz əmlak sektoruna aid prestijli şirkətləri, brend layihələri, potensial əmlak investorlarını Azərbaycanda vahid platformada toplayıb. Azərbaycan daşınmaz əmlak sektorunun nəhənglərindən olan "Baku White City", "Xəyal Adas"ı, "Dreamland", "AAF Park", "AF Holding", "Şərur İnşaat", "Kristal Abşeron", "Azinko" və "Yeni Həyat" şirkətləri də sərginin önəmli iştirakçılarındandır. Bununla yanaşı, sərgiyə Türkiyədən "Əmlak Konut", "Ağaoglu", "Tahincioğlu", "Onur Park", "EMS Yapi", BƏƏ-dən "Asteco", "Aqua Properties", "The First Group" kimi iri şirkətlər qatılıb. Bildirilib ki, sərginin 2-ci günü – noyabrın 23-də Bakı Ekspo Mərkəzində "Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar" mövzusunda konfrans keçiriləcək. Noyabrın 24-dək davam edəcək sərgi saat 10-dan 18-dək ziyarətçilərə açıq olacaq.