2016-cı il Azərbaycan iqtisadiyyatına necə təsir etdi? İqtisadiyyat

2016-cı il Azərbaycan iqtisadiyyatına necə təsir etdi?

"2016-cı il əvvəlcədən də bəyan olunduğu kimi, iqtisadi cəhətdən çox çətin keçdi. Çünki keçən ili makroiqtisadi sabitliyi kəskin şəkildə sarsılmış vəziyyətdə yola salmışdıq. Eyni ildə birincisi 34 %, ikincisi isə 47 % səviyyəsində olmaqla 2 dəfə sərt devalvasiya baş vermişdi. Mərkəz Bankın (AMB) rəsmi valyuta ehtiyatları 5 milyarda düşmüşdü. Və bütün bunlar da 2016-cı il üçün çox böyük problemlər yetişdirmişdi".
Bu barədə iqtisadçı-ekspert Pərviz Heydərov danışıb. Ekspert qeyd edib ki, bəzən belə fikirlər səsləndirirlər ki, bütün bunlar qlobal iqtisadiyyatda yaranmış böhranla bağlıdır: "Halbuki, bu gün dünya iqtisadiyyatında birmənalı olaraq böhran hökm sürdüyünü demək olmaz. Məsələ bundadır ki, qlobal iqtisadiyyatın aparıcı ölkələrindən olan bəzilərinin real iqtisadi artım tempində durğunluq hökm sürür və bu, dünyanın bir nömrəli iqtisadi gücü sayılan ABŞ iqtisadiyyatının yüksəliş dövründə olduğu bir zamanda baş verir. Odur ki, burada bir qanunauyğunluq var. Belə ki, Amerika iqtisadiyyatı inkişafda və artımda olduğu zaman dollar həmişə möhkəmlənir. ABŞ dollarının möhkəmlənməsi isə bir sıra strateji məhsulların dəyərini istər-istəməz ucuzlaşdırır. Bu sıraya başda xam neft olmaqla, enerjidaşıyıcıları da daxildir. Sözügedən məhsulların ucuzlaşması isə ixracı və dövlət gəlirləri bunlardan asılı olan ölkələrin iqtisadi vəziyyətlərini avtomatik olaraq pisləşdirir. Təəssüf ki, Azərbaycan da məhz bu ölkələr sırasına daxildir. Odur ki, ölkəmiz 2014-cü ilin yayından bəri neftin qiymətinin enməsindən böyük əziyyət çəkir. Ona görə də deyirik ki, bizdə iqtisadi böhran hökm sürür. Halbuki, qlobal nöqteyi-nəzərdən götürdükdə, əslində, tam olaraq belə bir şey mövcud deyil".
P. Heydərov vurğulayıb ki, ölkəmiz üçün bu ilin əvvəli hələ lap pis başlamışdı: "Məsələn, təkcə bir faktı deyim ki, heç bir ötən ildə yenicə icra olunmağa başlayan dövlət büdcəsinə fevral ayında baxılmamışdı. Bu il bizdə bu, baş verdi. Bu da ondan irəli gəldi ki, 2-ci devalvasiyadan sonra istehlak bazarında qiymətlər yüksəldiyindən maaşları və pensiyaları cüzi də olsa artırmaq zərurəti yarandı. Və bununla əlaqədar olaraq da büdcə təqribən 2 milyard artırılmalı oldu. Ümumiyyətlə, söhbət, əgər, bilavasitə başa çatmaqda olan 2016-cı ilin ümumən, ölkədəki makroiqtisadi vəziyyətə təsiri və əhəmiyyəti baxımından həm uğurlu, həm də uğursuz hadisə və qərarlarından gedərsə, hesab edirəm ki, xüsusən, bank sektorundakı vəziyyətlə əlaqədar bu il ərzində ciddi şəkildə heç bir dəyişikliklərin baş verə bilməməsi 2016-cı il ərzində hökumətin iqtisadi siyasətində ən zəif cəhət hesab edilməlidir. Düzdür, ilin əvvəlindən bəri 10-dan çox kommersiya bankı bağlandı, Beynəlxalq Bankla bağlı sağlamlaşdırma tədbirləri davam etdirildi və sair. Lakin bununla belə, problemli kreditlər, dollarizasiya və sair kimi problemlər çözülməmiş qaldı. Ən uğursuz qərar isə "Bank Standard" ilə bağlı oldu ki, hökumətin əvvəl, nə "ağılla" bu bankı sağlamlaşdırmaq qərarına gəldiyi və sonra onu nədən bağladığı, kifayət qədər aydın olmadı. Və odur ki, analoji hadisənin Beynəlxalq Bankla da əlaqədar baş verəcəyi qorxusu yarandı. Uğurlu qərarlara gəldikdə isə, bunlardan cari ilin əvvəlində - fevral ayında büdcəyə dərhal dəyişikliklər edilməsini və neftin qiymətinin 25 dollaradək salınmasını, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasını, Maliyyə Nazirliyi və SOCAR vasitəsilə dövriyyəyə qiymətli kağızların buraxılmasını və bu sahədə bazarın canlandırılmasını, qeyri-neft sektorunun inkişafı məqsədilə hələki hüquqi-normativ sahədə də olsa bir sıra zəruri və vacib qərarların qəbul edilməsini və addımlar atılmasını yüksək qiymətləndirə bilərəm".
Ekspertin sözlərinə görə, yaxşı ki, böhranın dərinləşməsi sürəti ilin ortasına doğru səngidi: "Lakin proses davam etdi. 2-ci devalvasiyadan indiyədək manat dollar qarşısında 13 %-dən çox, 1-ci devalvasiyadan keçən müddət ərzində 66 %-dən çox, devalvasiyalardan əvvəlki dövrlə (1$=0,78 qəpik olan) müqayisədə isə 125 %-ə yaxın ucuzlaşıb. Və bu, hələ tam sərbəst "üzən məzənnə" rejimi mexanizmi əsasında baş verməyib. İnfilyasiya hazırda 12 %-ə yaxındır. AMB-nin rəsmi valyuta ehtiyatları bu il ərzində də azalaraq 4 milyarda düşdü. Daha bundan aşağı yer yoxdur". Ancaq bütün bu qeyd olunanlara rəğmən, neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 2-3 dəfədən çox aşağı düşməsi bir çox neft ölkələrindən fərqli olaraq Azərbaycanı hələ çox "vurmayıb" desək, yanılmarıq. Düzdür, manatın dəyəri 125 % ucuzlaşıb, buna müvafiq olaraq istehlak qiymətləri yüksəlib, 12 % civarında infilyasiya qeydə alınmaqdadır, iqtisadi artım tənəzüldədir və sair. Lakin, hələ hissolunacaq səviyyədə ixtisarlar baş verməyib, maaşların və pensiyaların ödənişlərində yubanmalar yaranmayıb, bu və ya digər istehlak məhsullarının qıtlığı problemi ortaya çıxmayıb, əhalinin enerjidaşıyıcıları ilə təminatında ciddi və kütləvi problem yaranmayıb".
P. Heydərov bildirib ki, təkcə bir problem mövcuddur ki, o da xarici valyuta qıtlığıdır: "Hansı ki, bu da hələ ki katastrofik həddə deyil. Düzdür, vəziyyət buna yaxındır. Ancaq demək istədiyim budur ki, məlum təzyiqə kifayət qədər yaxşı tab gətirə bilmişik. Bunun hər halda fərqinə varmalıyıq. Belə ki, AMB-nin 15 milyard dollar həcmində rəsmi valyuta ehtiyatını itirsək də, vəziyyət hələ ki kritik həddə deyil. Bütün bunlar da ölkəmizin neft amilinə dayanaqlı makroiqtisadi dayanıqlığının kifayət qədər möhkəm olduğunu göstərib".