Rusiyanın maliyyə bazarlarında təşviş yaşana bilər İqtisadiyyat

Rusiyanın maliyyə bazarlarında təşviş yaşana bilər

2018-ci ilin əvvəlində ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən yeni sanksiyalar dövlət istiqrazlarına da aid edilərsə, o zaman maliyyə bazarlarında qısamüddətli təşviş yaşana bilər. Bu açıqlama ilə "Standard & Poor`s" beynəlxalq reytinq agentliyinin Rusiya və EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionu üzrə aparıcı iqtisadçısı Tatyana Lısenko çıxış edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu ilin avqust ayında Rusiyaya qarşı sanksiyaların genişlənmdirilməsi ilə bağlı qanun imzalayıb. 2018-ci ilin əvvəlində ABŞ hökumətinin yeni məhdudiyyətləri açıqlaması gözlənilir. Bunların arasında Rusiya dövlət istiqrazlarına investisiyanın da yer alması ehtimal edilir.
"Hələlik məhdudiyyətlərin rublda olan daxili dövlət istiqrazlarına şamil olunacağı bildirilir. Belə olarsa, valyuta və maliyyə bazarında qısamüddətli təşviş ola bilər. Əgər sanksiyalar valyutada olan dövlət istiqrazlarına da aid edilərsə, o zaman təşvişin daha da artacağı proqnozlaşdırılır", - deyə T.Lısenko əlavə edib.
Xatırladaq ki, Rusiyanın maliyyə bazarları ilə bağlı eyni narahatlığını dünən "Fitch" beynəlxalq reytinq agentliyi də bildirib.