OPEC: Neft bazarında ekstremal dəyişikliklər... İqtisadiyyat

OPEC: Neft bazarında ekstremal dəyişikliklər...

Neft bazarında ekstremal dəyişikliklərə hazır olmaq üçün xüsusi mexanizmlər həyata keçiriləcək. Bu sözləri mayın 30-da Bakıda keçirilən XXV yubiley Beynəlxalq "Caspian Oil and Gas" konfransındakı çıxışında Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Sanusi Barkindo deyib. O bildirib ki, mart ayında Azərbaycanda səfərdə olarkən OPEC+ bəyannaməsi və gələcək əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb: "24 müstəqil neft hasil edən ölkələrin bir araya gətirilməsi neft sənayesi sahəsində əhəmiyyətli bir hadisədir. Burada iştirak edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi enerji sahəsinə verilən mühüm bir töhfədir. Bu enerji bazarında stabilliyin formalaşmasına da müsbət təsirlərini göstərir. Tarixi əməkdaşlıq bəyannaməsinin imzalanması digər neft hasil edən ölkələrlə yanaşı istehlakçıların da dəstəyinin qazanılmasına gətirib çıxarıb".
M.Barkindo qeyd edib ki, Vyana sazişindən sonra OPEC-in görəcəyi əsas mühüm məsələlərdən biri də enerji bazarının yenidən balanslaşması, tədricən investisiyaların qoyulmasını həyata keçirməkdir: "Neft bazarında əminliyin bərpası da OPEC-in əsas vəzifələrindəndir. Bazarda gələcək şoklara və ekstremal dəyişikliklərə hazırlıq üçün xüsusi mexanizmlər həyata keçiriləcək və tədbirlər görüləcək. Biz uğurlar və nailiyyətlərin fonunda uzunmüddətli perspektivlərə nəzərdən keçirməliyik. Qarşıda duran aktual çağırışlardan biri də gələcəkdə tələbata uyğun investisiyaların qoyulmasını təmin etməkdir. 2018-ci ildə neft sənayesinə sərmayələr tədricən artır. Ancaq hələ də kifayət qədər və uzunmüddətli sərmayələr qoyulmur. Neftə olan tələbatın ödənilməsi üçün 2040-cı ilə qədər neft sənayesinə 10,4 trilyon dollar investisiyanın qoyulması tələb olunur. Bunun üçün bütün boşluqlar aradan qaldırılmalıdır. Sabit şəkildə artan tələbat tədricən ödənilməlidir. Bu çağırışlara qarşı mübarizənin yeganə yolu sıx əməkdaşlıqdan keçir".