Əmək pensiyasının minimum həcmi 40 faizə yaxın artacaq İqtisadiyyat

Əmək pensiyasının minimum həcmi 40 faizə yaxın artacaq

2019-cu ilin mart ayından Azərbaycanda əmək pensiyasının minimum həcmi 38,5 faiz artaraq 160 manat təşkil edəcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bundan əvvəl əmək pensiyasının minimum həcmi 116 manat olub.
Sahil Babayev qeyd edib ki, pensiyanın minimum həcminin artırılması 233 min pensiyaçını, o cümlədən əlilliyə görə pensiya alan 140 min nəfəri əhatə edəcək.
O əlavə edib ki, 9 min nəfərin pensiyası 75 manat, 26 min - 37 manat, 74 min nəfərin pensiyası isə 27 manat artacaq: "Pensiya artımının maliyyələşdirilməsi üçün Dövlət Sosial Müdafiə Fondundan 49 milyon manat ayrılıb".
Nazir sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparıldığını da bildirib. O deyib ki, müavinətlərin sayı çoxdur, onların unifikasiyasına ehtiyac var: "Bu gün 80-ə qədər müavinət növü var. Onların daha da sadələşdirilib cəmləşdirilməsinə, eyni zamanda onların məbləğinə kompleks şəkildə baxılır. Bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin məbləği aşağıdır. Bəzi kateqoriya insanlar var ki, bundan kənarda qalıblar. Onlarla bağlı layihə hazırlanır, konseptual yanaşma olacaq".
Nazir vurğulayıb ki, müavinət alanlar 500 min nəfərdir: "Tələsik qərar da vermək olmaz, çünki bu 500min insanın həyatına təsir edəcək addımdır. Biz bunu ətraflı araşdırırıq. Asiya Bankının, Dünya Bankının ekspertlərini dəvət etmişik, onlar da rəylərini verdikdən sonra yekun sənədi verəcəyik".
Sahil Babayev deyib ki, yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda orta aylıq əmək pensiyası 222 manat, yaşa görə pensiya 240 manat idi və 3 faizli indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya 229 manata, yaşa görə orta aylıq pensiya 250 manata qalxacaq.
Nazir bildirib ki, əmək pensiyasının minimum məbləğinin 160 manata qaldırılmasından sonra bu rəqəm dəyişə bilər: "Dövlət Statistika Komitəsinin 3 faizli artım göstəricisi ilkin nəticədir. Lakin Dövlət Statistika Komitəsi iyun ayında yekun rəqəmi verəcək. O zaman bu, dəyişə bilər. Ancaq gözləntimiz odur ki, orta aylıq əmək pensiyası 5 faizə qədər artacaq".