Azərbaycanda ilk dəfə mobil imza vasitəsilə memorandum imzalanıb İqtisadiyyat

Azərbaycanda ilk dəfə mobil imza vasitəsilə memorandum imzalanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Diasporla İş üzrə Dövlət Komitəsi arasında anlaşma memorandumu imzalanıb. İİTKM-dən bildirilib ki, iki dövlət qurumu arasında imzalanan anlaşma memorandumu Azərbaycanda ilk dəfə olaraq onlayn qaydada, mobil imza vasitəsilə həyata keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bildirib ki, memorandum xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin gücləndirilməsi və ölkəmizin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Memorandum Azərbaycanın elektron və mobil imzanın verilməsi, xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmyerlilərimizin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, “Made in Azerbaijan” brendinin xaricdə təbliğinə və tanıdılmasına dair səyləri birləşdirmək kimi məsələləri özündə ehtiva edir. Bu proses ölkə rəhbərinin apardığı siyasi kursun tərkib hissəsi olduğundan aktual və vacib məsələdir. Bütün bunlar həm də, dövlət komitəsinin əsas hədəflərindən olan - soydaşlarımızın Azərbaycanla əlaqələrinin gücləndirilməsi məsələsindən irəli gələn zərurətdir.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən diaspor quruculuğunda elektron imzanın verilməsi ilə yeni səhifə açılır: “Tarixdə ilk dəfə diaspor nümayəndəsinə elektron imza verilməsi xaricdəki həmvətənlərimizin Azərbaycanla əlaqlərində pulköçürmələri, bank hesablarının açılması, sərmayə qoyuluşu, idxal-ixrac əməliyyatları, vergilərin ödənilməsində irəliyə doğru addımdır. Artıq xaricdəki soydaşlarımızın Azərbaycanla əlaqələri rəqəmsal müstəviyə keçməklə daha çevik və az resurs sərf etməklə reallaşacaq, “Enterpriseazerbaijan.com” portalında toplanan biznes layihələri və startapların xaricdən sərmayə cəlbi üçün yeni imkanlar açılacaq. Xaricdəki həmvətənlərimiz “Azexport” portalının imkanlarından istifadə edərək ixracın genişlənməyində daha fəal cəlb olunacaqlar. E-rezidentlik xaricdəki soydaşlarımızın bir araya gətirilməsi və onların Azərbaycana bağlılığının artırılmasına öz töhfəsini verəcək”.
Sonra Diasporla İş üzrə Dövlət Komitəsi ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında “ASAN imza” vasitəsilə onlayn anlaşma memorandumu imzalanıb. İmzalanmada bütün proses elektron qaydada smart avadanlıqlar vasitəsilə həyata keçirilib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli Azərbaycanın xaricdə yaşayan və sahibkarlıq fəaliyyəti göstərən diaspor nümayəndəsi Samir Xəlilova Azərbaycanın mobil rezidentliyini təqdim edib. Nicat Əsədli, həmçinin elektron və mobil rezidentliyin əsas mahiyyəti, üstünlükləri və imkanları barədə məlumat verib.
Qeyd edək ki, Rəqəmsal Ticarət Qovşağı bunadək dünya tarixində ilk dəfə olaraq qeyri-rezidentə mobil imza – “ASAN İmza”nı İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycriyə təqdim edib. Eyni zamanda, Azərbaycan Estoniyadan sonra xaricilərə elektron rezidentlik təqdim edən ikinci ölkə olub. Elektron rezidentlik Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskasa təqdim edilib. Hazırda Rəqəmsal Ticarət Qovşağı vasitəsilə mobil rezidentlik Türkiyə, Rusiya, Litva, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Fransa, Pakistan və Hindistanda təqdim olunub.
Qeyri-rezidentlərə elektron imza sertifikatı, həmçinin elektron və mobil rezidentlik Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”na əsasən təqdim olunur. Azərbaycanın rəqəmsal ticarət qovşağının təqdim etdiyi elektron və mobil rezidentliyi dünyanın 100-dək nöqtəsində əldə etmək mümkündür.