İxtisaslaşdırılmış “yaşıl market” yaradılacaq İqtisadiyyat

İxtisaslaşdırılmış “yaşıl market” yaradılacaq

Sabunçu rayonunda sahibkaralara kredit veriləcək

Tərlan

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunun Maştağa qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib. İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- logistik mərkəzin yaradılması;
- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- müasir ət kəsimi müəssisəsinin yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər. Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.
Qeyd edək ki, SKMF bank-agentlərə kreditləri illik 1%, banklar isə sahibkarlara 7%-dən çox olmamaq şərti ilə ayırır. Sahibkarlara güzəştli kreditlərin verilməsi müvəkkil kredit təşkilatı kimi seçilmiş 31 kommersiya bankı, 1 bank olmayan kredit təşkilatı və 7 kredit ittifaqı vasitəsilə həyata keçirilir. Kreditin minimal məbləği 10 min manat, maksimal məbləği isə 5 mln. manat təşkil edir. Əslində iqtisadiyyatın daha böyük həcmdə əlverişli və uzunmüddətli kreditlərə ehtiyacı var. Bununla yanaşı, sahibkarın öz məhsulunu emal etməsinə, maneəsiz bazara çıxarmasına da əlverişli və təşviqedici mühit yaradılmalıdır. Sahibkarların rəqabət qabiliyyətli məhsullar istehsal etmək və xaricə satmaq imkanları var.
"Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadiyyat və Sənaye Nazirliyində elektron xidmətlərin tətbiqi genişləndirilib, nazirlik tərəfindən göstərilən xidmətlər elektronlaşdırılıb. Bu isə nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir. İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır.