Azərbaycan manatı revalvasiya təzyiqi altındadır İqtisadiyyat

Azərbaycan manatı revalvasiya təzyiqi altındadır

Hazırda Azərbaycan manatı davamlı möhkəmləndirmə təzyiqi altındadır. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, ilin əvvəlindən Dövlət Neft Fondunun satılmayan 800 mln. ABŞ dolları məbləğində vəsaiti var, hansılar ki, bazara çıxmayıb: “Əgər bunlar bazara çıxsaydı bu gün manatın məzənnəsi çox əhəmiyyətli möhkəmlənmiş olardı”, - deyə E. Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, bu gün manat devalvasiya yox, revalvasiya təzyiqi altındadır. Lakin bunun mənfi tərəfləri, müsbətdən daha çoxdur.
Mərkəzi Bank tərəfindən əhalinin gəlirlərinin və istehlak davranışının analizi göstərir ki, ilin ikinci yarısında bu amillərin inflyasiyaya təsiri bir qədər aktivləşə bilər. Hazırda isə valyuta bazarında, xüsusilə fiskal kanal vasitəsilə təklifin tələbi əhəmiyyətli üstələməsi milli valyutanın məzənnəsinin möhkəmlənməsinə davamlı təzyiq yaradır.
“İnflyasiya risklərinin neytrallaşdırılması həlledici dərəcədə qəbul edilmiş makroiqtisadi çərçivənin effektli icrasından – büdcə qaydalarına əsaslanan fiskal intizamdan və qiymət sabitliyinə yönəlmiş çevik və müstəqil monetar siyasətdən asılıdır”, - deyə Rüstəmov əlavə edib.