Azərbaycanda qaz istehsalının həcmi artıb İqtisadiyyat

Azərbaycanda qaz istehsalının həcmi artıb

2020-ci ilin 5 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən Azərbaycanda 13,6 faiz, yəni 2 mlrd. m3 artımla 16,4 mlrd.m3 qaz hasil edilib. Energetika Nazirliyindən verilən məlumata görə, qaz hasilatının 5,4 mlrd. m3 -i AÇG-dən, 8 mlrd. m3 -i isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 3 mlrd. m3 qaz hasil olunub. Bu dövrdə xaricə qaz satışı 5,6 mlrd. m3 təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz çoxdur. Cari ilin yanvar-may aylarında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,7 faiz çox, yəni 4,3 mlrd. m3-dən çox qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,2 mlrd.m3, BTC boru kəməri sisteminə verilən qazın həcmi isə 51 min m3 olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 1,6 mlrd.m3 qaz nəql olunub. İstismara veriləndən iyunun 1-dək TANAP-la Türkiyəyə 5,47 mlrd. m3 qaz nəql edilib. İstismara veriləndən iyunun 1-dək olan dövrdə isə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından 537 mln. tondan çox neft (kondensatla birlikdə), 295,2 mlrd. m3 qaz hasil edilib. Bu yataqlardan 538,6 mln. ton neft (kondensatla birlikdə), 82,6 mlrd. m3 qaz isə ixraca nəql olunub. 2020-ci ilin 5 ayında 2,5 mln. ton neft emal edilib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 61,3 min ton az olub.