Gələn il dövlət büdcəsinin proqnoz göstəriciləri açıqlanıb İqtisadiyyat

Gələn il dövlət büdcəsinin proqnoz göstəriciləri açıqlanıb

2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 dollarla hesabanıb

2015-ci ildə dövlət büdcəsinin gəlirləri nominal ifadədə 19 mlrd. 438 mln. manat, xərcləri isə 21 mlrd. 100 mln. manat həcmində proqnozlaşdırılır.
2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə görə, proqnoza əsasən dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 32,5 faizi, xərcləri isə 35,2 faizi həcmində olacaq.
Dövlət büdcəsinin 2015-ci il üçün proqnozlaşdırılan gəliri 2014-cü ilin proqnozu ilə müqayisədə 5,7 faiz çox, 2013-cü ilin faktiki göstəricisi ilə müqayisədə isə 0,3 faiz azdır. Xərclərə gəldikdə isə bu göstəricilər müvafiq olaraq 5,2 faiz və 10,2 faiz çoxdur.
2015-ci ilin dövlət və icmal büdcələrinin layihələrinə əsasən gələn ilin dövlət büdcəsində 1662 mln. manat kəsir proqnozlaşdırılır.
2015-ci ilin neft gəlirləri xam neftin 1 bareli üçün 90 dollarla hesabanıb. Qeyd edək ki, 2014-cü ilin büdcəsində neftin 1 bareli 100 dollardan hesablanmışdı.
Sənəddə qeyd olunub ki, Azərbaycan iqtisadiyyatı üçün neftin qiymətinin dəyişməsi həssas məqamlardan biridir: "Hazırda dünya bazarında neftin qiymətinin aşağı düşməsinə təsir edən amillərdən biri dünyanın ən böyük neft idxalçısı olan ABŞ-ın öz karbohidrogen hasilatını artırması (gündəlik 11,5 mln. barrel) və ölkəyə cari ilin əvvəlindən başlayaraq neft idxalını azaltmasıdır. Qeyd etmək lazımdır ki, ABŞ ötən il təbii qaz idxalını dayandırıb, hazırda isə neft idxalını da azaltmağa çalışır".
Həmçinin qeyd olunub ki, Avropa Birliyi ölkələrində iqtisadiyyatın zəif inkişafı bu məkanda da neftə olan tələbatın aşağı düşməsinə səbəb olub.
Büdcə layihəsində bildirilib ki, belə olan halda, enerji resurslarının ixracının artmasına yönələn istiqamət Şərqi Asiya (Çin, Hindistan) ölkələridir: "Lakin bu ölkələrdə də iqtisadi artım sürəti ötən dövr ərzində proqnoz göstəricilərindən aşağı düşüb ki, bu da son dövrlərdə neftin qiymətinin davamlı olaraq aşağı düşməsinə təsir edən amillərdən hesab olunur.
Eyni zamanda, Yaxın Şərqdə və neftin hasilatı ilə məşğul olan bir sıra ölkələrdə geosiyasi stabilliyin olmaması (Qəzza bölgəsi, "İŞİD"in fəaliyyəti, Liviyada baş verən münaqişələr, Suriyada davam edən müharibə və s.), habelə İrana tətbiq edilən sanksiyaların aradan qaldırılmaması neftin qiymətinin yüksək səviyyədə qalmasını şərtləndirməkdədir. Lakin bu proseslərin tədricən stabilləşməsi neftin qiymətinin aşağı düşməsinə təsir edəcəkdir".
Büdcə layihəsində qeyd olunub ki, dünyada qeyri-stabil geosiyasi proseslərin davam etməsi, bəzi dövlətlərin qarşılıqlı surətdə tətbiq etdikləri sanksiyalar dünyada iqtisadi inkişafın sürətinin zəifləməsinə və dünya iqtisadiyyatına inteqrasiya olunmuş Azərbaycanın da xarici iqtisadi əlaqələrinə təsir göstərməyə bilməz: "Ukraynada gedən proseslər və Rusiyaya qarşı tətbiq edilən sanksiyalar MDB-nin üzvü olan ölkələrin iqtisadiyyatlarına, xüsusilə Rusiya ilə eyni ittifaqa daxil olan Belorusiya və Qazaxıstan iqtisadiyyatlarına mənfi təsir göstərməkdədir. Bu proseslər öz növbəsində MDB məkanına iqtisadi inteqrasiya olunmuş Azərbaycanın idxal-ixrac əməliyyatlarına da təsirsiz ötüşməyəcək".
Gələn il ölkəmizin müdafiə və təhlükəsizlik sektoruna ayrılan vəsaitlərin həcmi 3,1 faiz-bənd artacaq. Dövlət və icmal büdcələri üzrə layihələrdə Azərbaycan Respublikasının milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi və maddi-texniki bazasının möhkəmləndirilməsi üçün (xüsusi müdafiə təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrə aid edilməyən xərclərdə nəzərdə tutulmuş vəsait nəzərə alınmaqla) müdafiə xərclərinə 2015-ci il dövlət büdcəsi xərclərinin 17,9 faizi həcmində vəsait nəzərdə tutulub. Bu isə 2014-cü illə müqayisədə 3,1 faiz-bənd çoxdur.
Ümumilikdə, gələn il müdafiə xərcləri üçün 1 milyard 778,5 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur ki, bu da 2014-cü il üçün nəzərdə tutulan proqnozdan 8,6 faiz çox deməkdir. Qeyd edək ki, bu il müdafiə xərcləri üçün 1 milyard 637,4 milyon manat ayrılıb.
Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğun saxlanılması xərcləri 2014-cü il dövlət büdcəsi xərclərinin 5,8 faizini təşkil edəcək.
Məhkəmə sisteminin saxlanılması xərcləri üçün 2015-ci il dövlət büdcəsində 52,3 milyon manat vəsait pronozlaşdırılıb ki, bu da 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 13,2 milyon manat və yaxud 34 faiz çoxdur.
Eyni zamanda, 2015-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində də müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına aid olan infrastrukturlar üzrə investisiya layihələri üçün müvafiq məbləğdə vəsait nəzərdə tutulub.
Ümumilikdə, 2015-ci ildə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının xərcləri üçün 1 milyard 227,1 milyon manat vəsait xərclənməsi nəzərdə tutulur ki, bu da 2014-cü il üçün nəzərdə tutulan proqnozdan 1,1 faiz azdır. Qeyd edək ki, 2014-cü ildə bu sahənin xərcləri üçün 1 milyard 240,3 milyon manat ayrılıb.
Gələn il Azərbaycanın dövlət büdcəsindən beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. 2015-ci ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 210,4 milyon manat, o cümlədən diplomatik xidmət orqanlarının və konsulluqların saxlanılması, onların maddi-texniki təminatının yaxşılaşdırılması ilə bağlı xərclər üçün 58,4 milyon manat, beynəlxalq maliyyə-kredit təşkilatlarındakı ölkəmizə məxsus səhm kapitalının və ictimai-siyasi təşkilatlara üzvlük haqlarının ödənilməsi üçün 20 milyon manat və Azərbaycan Respublikasının digər beynəlxalq fəaliyyətinin təmin edilməsi xərcləri üçün 132 milyon manat vəsait proqnozlaşdırılıb.
Həmin vəsaitin 100 milyon manatını Azərbaycan Respublikası tərəfindən xarici ölkələrə verilən kreditlərlə bağlı xərclər, 32 milyon manatını isə digər beynəlxalq fəaliyyətlərlə bağlı xərclər təşkil edəcək.
2015-ci ildə nəzərdə tutulan beynəlxalq və respublika səviyyəli tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsində 60 milyon manat vəsait nəzərdə tutulub.