Azərbaycan Naxçıvan-Qars dəmiryol layihəsini reallaşdırmağa hazırdır İqtisadiyyat

Azərbaycan Naxçıvan-Qars dəmiryol layihəsini reallaşdırmağa hazırdır

Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi Pekin və Londonu birləşdirən nəqliyyat dəhlizi açır. Bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan Bakıda jurnalistlərə deyib.
Onun sözlərinə görə, əgər əvvəllər bu dəhlizin iki tərkib hissəsi olan "Marmaray" dəmiryol tuneli və BTQ mövcud deyildisə, indi tunel artıq istismara verilib, növbə 2015-ci il ərzində istismara veriləcək BTQ layihəsinindir: "Bu layihə təkcə Azərbaycan, Türkiyə və Gürcüstan üçün deyil, ümumilikdə bütün region üçün əhəmiyyətlidir".
L.Əlvan bildirib ki, gündəlikdə Naxçıvan-Qars dəmiryol layihəsi də durur. Bu layihə müzakirə olunub: "Gündəlikdə iki ölkə arasında əməkdaşlıqda çox mühüm olan bu layihə durur".
Azərbaycanın Baş nazirinin birinci müavini Abid Şərifovun jurnalistlərə dediyi kimi, Türkiyə tərəfi Naxçıvan-Qars dəmiryol layihəsi çərçivəsində layihənin sənədləşdirilməsi və texniki-iqtisadi əsaslandırılması (TİƏ) üzərində çalışır. O, layihənin Azərbaycanın vəsaiti hesabına reallaşdırılacağını bildirib.