Qarpız MDB ölkələrinə ixrac olunur İqtisadiyyat

Qarpız MDB ölkələrinə ixrac olunur

Aran bölgəsində qarpızın ikinci yığımına başlanılıb. Məhsuldarlıq da təsərrüfat sahiblərini qane edir. Qarpız əkini adətən 3 mərhələdə həyata keçirilir. İlk əkin dövrü mart ayına təsadüf edir. Həmin vaxt məhsul ikiqat örtük altında həyata keçirilir. Bu mərhələnin iyun ayının əvvəlindən başlanan yığım prosesi artıq tamamlanmaq üzrədir. İkinci əkin isə may ayında aparılır və iyulun 10-dan etibarən məhsul toplanılır. Artıq qarpızın ikinci yığımına bir neçə gündür başlanılıb. Təsərrüfat sahibləri istehsal etdikləri məhsulu tez bir zamanda tədarük edib başa çatdırmaq üçün sahələrə səfərbər olublar. Sabirabad rayonunda yerli sakinlərlə yanaşı, digər rayonlardan da gəlib qarpız əkənlər var. Onlardan biri də Şamaxı rayon sakini fermer Eyvaz Nəcəfovdur.
Əslən Şamaxıdan olan Eyvaz Nəcəfov bir necə ildir ki, Sabirabad rayonunun Zəngənə kəndində icarəyə götürdüyü 4 hektar əkin sahəsində ailəsi ilə birgə qarpız əkib-becərməklə məşğul olur. Təsərrüfatçı bildirir ki, dəyişkən hava şəraiti tağlara müəyyən qədər təsir etsə də, məhsuldarlıq yenə də yaxşıdır. Bu xüsusilə ikinci əkində özünü daha yaxşı göstərir. Birinci əkinin məhsuldarlığı ikincidən az olur. Örtük altıdır, soyuqlara düşür, mövsümü deyil, yəni vaxtından əvvəl əkilib. Ancaq bu mövsümündə əkildiyinə görə, əgər aqrotexniki qaydada yaxşı qulluq olunubsa, məhsuldarlıqda haradasa 10-15 ton fərq edir.
Qarpızın faydalarından danışan Eyvaz Nəcəfov söyləyir ki, 92 faizi su, yüzdə 6 faizi şəkər olan qarpız bir neçə vitaminlərin ən yaxşı mənbəyi hesab edilir. Bu səbəbdən ürək xəstəlikləri, döş xərçəngi, ağciyər, prostat vəzinin xərçəngi və yaşla əlaqədar görmə qabiliyyətinin pozulmasına qarşı müqavimət göstərir. Bu baxımdan mütəxəssislər təzə dərilmiş qarpızın yeyilməsini tövsiyə edir. Eyni zamanda, qarpız kəsildikdən sonra dərhal yeyilməli və uzun müddət saxlanılmamalıdır. Qarpızı seçəndə bunun saplağına baxmaq lazımdır. Yəni bu saplaq yaşıldırsa, təzədir. Qarpızı kəsəndə onun içərisində qalın ağ damarlar varsa, gübrəsi çoxdur. Qarpızı kəsdin çox saxlamaq olmaz. Soyuducuda heç olmaz. Qarpızın xeyri çoxdur. Səhər-səhər tezdən qarpızı acqarına yesən daha faydalıdır, böyrəkləri təmizləyir.
Saatlı rayonunda da təsərrüfatçılar məhsul tədarükünü həyata keçirir. Saatlı sakini fermer Şahoğlan Quliyev söyləyir ki, qarpızın məhsuldarlığı da yaxşıdır: “Türkiyə sortlarından istifadə etmişik, əkin iki mərhələdən ibarət olur. May aynda əkilən qarpızlar torpaq üzərində, təbii yetişdiyindən tələbat böyükdür. 30-40 sentner məhsul götürürük. Hər bir tağdan təxminən 3-4 qarpız dərilir. İkinci yığım mövsümə təsadüf etdiyindən alıcılıq qabiliyyəti də yüksəkdir. Dərilən qarpızın bir hissəsi, xüsusən iri şəhərlərin bazarlarına çıxarılır. Məhsul isə sifarişə uyğun dərilir”.
Bu il Sabirabad rayonunda 3 min 303 hektar sahədə qarpız əkilib. Artıq demək olar ki, sahələrin böyük bir hissəsində ilk yığım başa çatıb. Sabirabad qarpızı həm də MDB ölkələrinə ixrac olunur. Təkcə Sabirabaddan deyil, eyni zamanda, Saatlı rayonundan da Rusiyaya qarpız ixracı həyata keçirilir.