Naxçıvanda gömrük bəyanetməsi ilə bağlı yeni qaydalar təqdim olunub İqtisadiyyat

Naxçıvanda gömrük bəyanetməsi ilə bağlı yeni qaydalar təqdim olunub

Naxçıvan Muxtar Respublikasında gömrük bəyanetməsi ilə bağlı yeni qaydalar izah olunub. Dövlət Gömrük Komitəsindən (DGK) "APA-Economics"ə verilən məlumata görə, Naxçıvan Biznes Mərkəzində keçirilən tədbir sahibkar-dövlət münasibətlərinin ortaq nöqtələrdə uzlaşdırılması, xarici iqtisadi faəliyyətin təşkili və gömrük rəsmiləşdirilməsində mövcud çatışmazlıqların müzakirəsinin daha dolğun aparılması, noyabr ayının 1-dən qüvvəyə minəcək yeni bəyanetmə qaydalarının izahı məqsədilə diskussiya formasında təşkil olunub.
Naxçıvan DGK-nın sədri Asəf Məmmədov görüşün mahiyyətindən, müzakirə olunacaq məsələlərin ümumi işə verə biləcəyi töhfələrdən danışıb. Gömrük sistemində qanunvericiliyin təkmilləşdirilməsinin, "bir pəncərə" prinsipinin tətbiqinin, xidmətlərin elektron qaydada həyata keçirilməsinin rəsmiləşdirməni asanlaşdırmaqla yanaşı, həm də sürətləndirdiyini önə çəkən komitə sədri xarici iqtisadi fəaliyyət iştirakçılarına dövlətimizin iqtisadi maraqlarını, muxtar respublikanın coğrafi, iqtisadi xüsusiyyətlərini daha əhatəli təhlil etməyi, qanunvericiliyin tələblərini dərindən öyrənməyi, gömrük əməkdaşları ilə məsləhətləşmələr aparmağı tövsiyə edib. Əlavə olaraq, gömrük rəsmiləşdirilməsinin aparılması üçün biznes subyektləri tərəfindən müəyyən şəxslərin ayrılması təklif olunub və bunun ümumi işin səmərəliliyinə müsbət təsir edəcəyi vurğulanıb. Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə Naxçıvan DGK, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, İqtisadiyyat və Sənaye Nazirliyi, Mərkəzi Bankın Naxçıvan İdarəsi ilə müxtəlif istiqamətlərdə əlaqələrin gücləndirilməsi, sahibkarlıq fəaliyyətinin düzgün istiqamətləndirilməsi və digər məsələlər üzrə təkliflər paketinin hazırlanacağını bildirib. Naxçıvanın iqtisadiyyat və sənaye naziri Famil Seyidov son illər muxtar respublikada sahibkarlıq subyektlərinin fəaliyyətinə böyük diqqət və qayğı göstərildiyini vurğulayıb. O qeyd edib ki, yaradılmış şərait hesabına bu gün daxili bazarda yerli istehsalın çəkisi artsa da, idxal-ixrac əməliyyatlarının tənzimlənmə mexanizmi muxtar respublika iqtisadiyyatının dinamik inkişafına müsbət təsir göstərir. Naxçıvan DGK-nın Gömrük nəzarətinin təşkili şöbəsinin rəisi Zaur Bağırov, o cümlədən Azərbaycan DGK-nın nümayəndəsi Səməd Qaralov gömrük bəyanetməsi ilə bağlı yeni qaydalardan danışıblar. Vurğulanıb ki, Azərbaycan Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq olunmuş "Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları" ilə ölkədə sahibkarlıq fəaliyyətinin dövlət tənzim¬lənməsinin təkmilləşdirilməsinə və əlverişli biznes mühi¬tinin formalaşdırılmasına əhəmiyyətli zəmin yaranıb. Yeni qaydalara əsasən malların kateqoriyasından və yerləşdirildiyi gömrük prosedurunun tələblərindən asılı olaraq bəyannamələrin formaları, bəyannamə ilə birlikdə təqdim olunan sənədlər və Gömrük Məcəlləsində müəyyən olunmuş hallar üzrə onların təqdim edilməsi qaydaları müəyyənləşdirilib. Komitənin Audit şöbəsinin rəisi Tofiq Hüseynov gömrük auditi zamanı qarşıya çıxan problemlərin aradan qaldırılması yollarından, Statistika və informasiya texnologiyaları şöbəsinin rəisi Emin Eyvazov isə gömrük orqanları tərəfindən göstərilən elektron xidmətlərdən və elektron ödənişlərdən danışıblar.
Mərkəzi Bankın Naxçıvan İdarəsinin sədri Səbuhi Məmmədov muxtar respublikada verilmiş kreditlərin, əsasən, dövlət proqramlarının icrasına, real sektorun, kiçik və orta sahibkarlığın inkişafına yönəldildiyini, bunun nəticəsi olaraq, kənd təsərrüfatı, yerli sənaye və istehsal mallarının həcminin artdığını bildirib. Qeyd olunub ki, sahibkarlar xarici ölkələrdən aldıqları malların muxtar respublikaya gətirdiklərini təsdiq edən yük-gömrük bəyannamələrini banklara vaxtında təqdim etməli, nağdsız hesablaşmaların həcminin artırılmasına diqqəti artırmalıdırlar. Naxçıvan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Bəxtiyar İsmayılov xarici ölkələrdən idxal olunan ərzaq və qida məhsullarının, mal-materal və avadanlıqların keyfiyyət göstəricilərinə nəzarətin daha da gücləndiriləcəyini deyib. Naxçıvan Dövlət Baytarlıq Xidmətinin rəisi Əbil Əbilov isə sahibkarlar tərəfindən Naxçıvana gətirilən məhsulların ekoloji cəhətdən təmiz olmasına ciddi diqqət yetirilməsinin vacibliyindən danışıb. Görüş əsnasında xarici iqtisadi fəaliyyətlə məşğul olan sahibkarlıq subyektlərinin problem və qayğıları dinlənilib, təkliflər səsləndirilib, tövsiyələr verilib. Naxçıvan Ali Məclisi Aparatının İqtisadiyyat şöbəsinin müdiri Rəfael Babayev belə tədbirlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb, naxçıvanlı sahibkarların gələcək fəaliyyətlərində daha böyük uğurlara imza atacaqlarına əminliyini bildirib.