Qazaxıstanda dövlət sosial evlər tikərək əhalinin uzun müddətli kirayəsinə verəcək İqtisadiyyat

Qazaxıstanda dövlət sosial evlər tikərək əhalinin uzun müddətli kirayəsinə verəcək

Tərlan

Qazaxıstan prezidenti Nursultan Nazarbayev "Nurlu yol" adlı yeni iqtisadi siyasət elan edib. İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, yeni proqram çərçivəsində iqtisdiyyatın müxtəlif sahələrinə iri pullar yönəldiləcək. Kiçik və orta sahibkarlığın güzəştli şərtlərlə kreditləşməsinə $552 milyon (100 milyard tenqe), bank sektorunun sağlamlaşdırılmasına $ 1,38 milyard (250 milyard tenqe), yeni investisiyaların cəlbinə $443 milyon (81 milyard tenqe) və s. ayrılacaq. Proqramda əsas diqqəti cəlb edən sahələrdən biri də yaşayış fondunun gücləndirilməsinə ayrılan vəsaitdir. Belə ki, proqram çərçivəsində dövlət sosial evlər tikərək əhalinin uzun müddətli kirayəsinə verəcək. Kirayə həmin evi alamq hüququ ilə veriləcək. Yəni vətəndaş əlavə pul ödəməklə həmin evi sonda ala biləcək. Bundan başqa ipoteka kreditlərində ilkin ödəniş ləğv ediləcək, kreditin faiz dərəcəsi çox aşağı olacaq. Bunun üçün 2015-2016-cı illərdə sosial kirayə evlərinin tikintisinə 1 milyard dollara qədər (180 milyard tenqe) vəsait ayrılacaq.
Azərbaycan vətəndaşının ən çox əziyyət çəkdiyi məsələlərdən biri də mənzil təminatıdır. Yüz minlərlə insan faktiki olaraq evsiz qalıb. Müşahidələrə görə, kirayədə qalan vətəndaşlar hər ay gəlirlərinin 30-70%-ni kirayəyə yönəltmək məcburiyyətində qalırlar. Elə ailələr var ki, qazancları kirayə haqlarını ödəməyə belə çatmır. Hər il 80 minə qədər yeni ailə qurulur ki, bunların ən azı yarısının evə ehtiyacı olur. Bu isə təxminən 30-40 min evsiz deməkdir. Dövlətin ipoteka proqramı isə bu tələbatın 8-10%-ni ödəyə bilir. Ölkədə evsizlər ordusunun sayı getdikcə artır. İpoteka şərtlərinin ağırlığı bu proqramdan məhdud sayda vətəndaşın yararlanmasına imkan verir. İpoteka kreditləşməsində əsas problem ilkin ödənişin olmasıdır. Adi ipotekada ilkin ödənişin həcmi 20%, güzəştli ipotekada isə 15%-dir. Bu vəsait xeyli insanı proqramdan kənarda qoyur.
Buna görə də iqtisadçı-ekspert Samir Əliyev hesab edir ki, "hökumət əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün mövcud mexanizmləri təkmilləşdirməklə yanaşı dünyada tətbiq edilən yeni mexanizmləri də işə salmalıdır:
1. İpoteka kreditləşməsində ilkin ödənişin aradan qaldırılması üçün İpoteka Kreditlərinin Zəmanət Fondu təsis edilməlidir. Belə fondun yaradılması ilə bağlı ölkə Prezidentinin 2007-ci il tarixli Fərmanı var.
2. "Tikinti əmanət bankları haqqında" qanun qəbul edilməlidir. Qanun ölkədə alman modeli olan tikinti-əmanət banklarının yaradılmasını təmin edər.
3. Əhalinin mənzil təminatını yaxşılaşdırmaq və onların ucuz evlərə çıxışını asanlaşdırmaq üçün "Hamı üçün ev" xüsusi dövlət proqramının (2016-2020-ci illər) qəbulu zəruridir. Mövcud mənzil qanunvericiliyi sosial evlərin tikintisini nəzərdə tutsa da, təcrübədə həllini tapmır. Bələdiyyələrin maliyyə vəziyyəti buna imkan vermir. Deməli, ümid dövlətə qalıb. Bunun üçün dövlət büdcəsindən vəsait ayrılmaqla bu problemi həll etmək olar.