15:56
525
Kamerunun şərqindəki Zambua ərazisində yerləşən qızıl mədənində torpaq uçqunu nəticəsində təxminən 100 nəfər həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli sakinlərə istinadən "Cameroun24" portalı məlumat yayıb.
Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir, faciənin dəqiq miqyasını müəyyənləşdirmək hələ ki mümkün olmayıb. Bildirilir ki, uçqun baş verən anda mədəndə çoxlu sayda insan olub.
Xilasedicilər mürəkkəb şəraitdə fəaliyyət göstərirlər. Uçmayan ştreklərin də çökmə təhlükəsi yarandığından ağır texnikadan istifadə edilmir, dağıntıların təmizlənməsi əllə aparılır.
İnsident Mərkəzi Afrika Respublikası (MAR) ilə sərhəd yaxınlığında yerləşən qızıl yataqları zonasında baş verib. Burada MAR, Çad, Burkina-Faso və Malidən gələn fəhlələr də çalışdığı üçün həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi əlavə çətinliklər yarada bilər.
Məryəm Quliyeva