Xəzər rayonunda işgüzar forum İqtisadiyyat

Xəzər rayonunda işgüzar forum

Tərlan

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Noyabrın 28-də bu istiqamətdə növbəti tədbir - Xəzər rayonunun Binə qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirilmişdir. Nazirliyin məlumatına görə, işgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, Xəzər rayonunda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılmış, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.
70-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış yaşıl marketin, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli istixana və zeytunçuluq təsərrüfatlarının, plastik qapı-pəncərə və üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanmışdır.
skmf-bine-28-11-2014-2Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirmişdir ki, ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 949 investisiya layihəsinin maliyyələşdirilməsinə 205.9 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodlarının, istixana, quşçuluq təsərrüfatlarının, ət emalı, metal konstruksiya və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilmiş, 6500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılmışdır.
İşgüzar forum çərçivəsində Bakı qəsəbələrində fəaliyyət göstərən 22 sahibkara 3.4 milyon manat güzəştli kredit verilmişdir. Verilmiş kreditlər əsasən, quşçuluq, tərəvəzçilik, un məmulatları, qapı-pəncərə, mebel, üzlük daş istehsalı, müasir istixana kompleksin yaradılması və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Ümumilikdə, 2014-cü ilin ötən dövrü ərzində respublika üzrə 5401 sahibkara 280 milyon manat güzəştli kredit verilmişdir ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 12 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Həmçinin, indiyədək bügünkü kreditlər də daxil olmaqla Xəzər rayonundan olan 255 sahibkara 53.6 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir. İşgüzar forumda əsas diqqət sahibkarlarla müvəkkil kredit təşkilatları arasında işgüzar münasibətlərin qurulmasına yönəldilmişdir. Tədbirdə çıxış edənlər forumun müvəkkil kredit təşkilatlarının sahibkarlarla daha intensiv işləməsində, potensial sahibkarların üzə çıxarılmasında və nəticədə daha çox kiçik və orta həcmli layihələrin maliyyələşdirilməsində əhəmiyyətli olduğunu qeyd etmişlər. Tədbir çərçivəsində Binə qəsəbəsində güzəştli kreditlər hesabına inşa olunmuş müasir istixana kompleksinin fəaliyyətinə baxış keçirilib.