Benzinin bahalaşması qiymət artımına səbəb olacaqmı? İqtisadiyyat

Benzinin bahalaşması qiymət artımına səbəb olacaqmı?

İlham Şaban: "İki qəpiklik artım hər şeyin qiymətini artıracaq"

Qadir İbrahimli: "Bundan sonrakı bahalaşmalara da hazır olmaq lazımdır"

Yanvarın 12-də Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib və "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2014-cü il 30 dekabr tarixli Qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılıb, müvafiq tarif tənzimlənməsi aparılıb. Tarif Şurasından verilən məlumata görə 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yarasız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi.
Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub.
Yol vergisinin yanacağın qiymətinə daxil edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur.
Göstərilənlər nəzərə alınaraq, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilib və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib. Qərar 13 yanvar 2015-ci il tarixindən qüvvəyə minib.
Tarif Şurasının bu qərarının ərzaq məhsullarında və sərnişindaşımada bahalaşmaya səbəb olacağı bildirirlir.
İqtisadçı İlham Şaban söyləyib ki, iki qəpiklik artım hər şeyin qiymətini artıracaq.
O, hökumətin büdcədə yaranmış kəsiri doldurmaq üçün iki qəpiklik artımı həyata keçirdiyini bildirib: "Gürcüstanla Azərbaycanda benzinin qiymətilə bağlı situasiyalar fərqlidir. Gürcüstan bazarında çox sayda oyunçular var. Həmçinin Gürcüstanın büdcəsi yanacaq bazarından formalaşmır. Azərbaycandakı məsələ isə sırf 2015-ci ilin büdcə kəsiri ilə bağlıdır. Bu mənim düşündüyümdür. Çünki iki qəpik artımın SOCAR-ın büdcəsinə və onun emal müəssisəsinə heç bir aidiyyəti yoxdur. Bu, aksiz vergisidir. Yəni bu, birbaşa Vergilər Nazirliyinə daxil olan bir məbləğdir, amma çox kiçik məbləğdir. Bununla büdcəyə hər hansı xeyir vermək olmaz. Çünki Azərbaycanın 2015-ci ildə büdcə kəsiri 1,7 milyard manatdır. Bu büdcə kəsiri neftin 90 dollar qiymətinə hesablanıb. Bu gün Brent markalı neft 45 dollardır və bu rəqəm büdcədən nəzərdə tutduğumuz məbləğdən iki dəfə aşağıdır. Neft hələ də ucuzlaşır və bədbin proqnozlar verilir. Büdcəmizin 65%-i neftdən asılıdır. Hökumət bunu nəyinsə hesabına doldurmaq haqqında fikirləşir. İndi bu 2 qəpik artım multi-effektə hesablanmış addım olacaq. Bunun ardınca nəqliyyat və digər sahələrdə müsbət artım olacaq. İki aydır Nəqliyyat Nazirliyi özünü öldürür ki, biz rentabelli deyilik. Digər bir tərəfdən də neçə milyonluq avtobus alıblar. Bunun nəticəsində ictimai nəqliyyatda qiyməti artıracaqlar. Qiyməti artıran kimi multi-effektli hər şeydə qiymət artacaq. Əgər hər şeyin qiyməti artırsa, vətəndaş öz kisəsindən bu artımları ödəyir. O artımların hesabına Ümumi Daxili Məhsul, həm də büdcəyə yığımlar artır. Həmçinin bununla bir qisim vergiləri və büdcə gəlirlərini kompensasiya etmiş olursan. Benzinin qiymətində bir daha artım görməyəcəyik".
İqtisadçı-ekspert Qadir İbrahimli benzinin qiymətinin qalxması haqda danışarkən bildirib ki, neftin ucuzlaşmasından yaranan büdcə kəsirlərini kompensasiya etməyin yeganə çıxış yolu tənzimələn qiymətləri artırmaqdır: "Ona görə də benzinin qiyməti bahalaşdırıldı". Onun sözlərinə görə, Azərbaycanda benzinin bahalaşacağı əvvəldən gözlənilən idi: "Bundan sonrakı bahalaşmalara da hazır olmaq lazımdır. Çox güman ki, kommunal xərclər də bahalaşacaq. Qaz, işıq və ərzağın qiymətində nisbi də olsa, artım olacağı gözlənilir. Çünki iqtisadiyyat neftdən asılıdır və benzinin bahalaşması digər sahələrə də birmənalı təsir edir".
Xatırladaq ki, hələ keçən il ekspertlər ölkədə əksər sektorlarda qiymətlərin artacağını proqnozlaşdırırdılar. İlin sonuna yaxın və yeni ilin ilk günlərindən başlayaraq, bahalaşma dalğası özünü göstərməyə başladı. 2014-cü ilin yanvar ayı ilə müqayisədə bu ilin ilk on günündə qiymətlər hissolunan həddə artıb.
İqtisadçı-ekspert Oqtay Haqverdiyev deyir ki, nəqliyyatdaşıma tarifləri bahalaşarkən bu özünü digər sahələrdə də göstərir. Ekspertin sözlərinə görə, bu halda, digər sahələrdə də qiymətlərin artımı bir aksiomdur: "Nəzərə almaq lazımdır ki, ərzaq və digər mal-məhsullar hansısa nəqliyyat vasitəsilə daşınır. Belə olan halda, inflyasiyanın faizi də hesablanmalıdır".

Əli